Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1858/2022 27.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1992-ci tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 21 avqust 1973-cü il tarixdə X4 texnikumuna daxil olmuş, 1977-ci ilin mart ayında həmin texnikumu bitirərək, müvafiq diplom almışdır. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1980-ci ildən xx.xx.1981-ci il tarixə kimi Kirovabad RSJ Qoskinoda müxtəlif işlərdə işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Kirovabad Texniki Xidmət stansiyasında müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2000-ci il tarixdən isə Elita-91 Elmi İstehsalat birliyində təkrar işə qəbul edilmiş və xx.xx.2006-cı il tarixə kimi orada işləmişdir. Bununla bağlı müvafiq stajı 30 il olduğundan yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilatdan verilən 20 oktyabr 2021ci il tarixli məktubda pensiyanın təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, aşağıdakılara əsasən həmin imtina tam qanunsuz və əsassızdır. Hazırkı iş üzrə mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdehin imtinası ona əsaslanır ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək iş stajının yoxlanılması zamanı sosial sığorta haqlarının ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrləri əhatə edən müddət iddiaçının sosial sığorta stajına hesablana və iddiaçıya tələb olunan əmək pensiyası təyin edilə bilməz. Bununla bağlı qanunvericiliyin tələblərinə əsasən, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və buna görə iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Nəzərə almaq lazımdır ki, məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə qanunverici tərəfindən silinməsi iddiaçının işlədiyi müəssisəyə münasibətdə də qüvvədədir və ona da şamil olunmalıdır. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, sosial sığorta ödəyiciləri də həmin tənzimləmənin təsir dairəsi ilə əhatə olunur və bu baxımdan qeyd edilən dövrə aid sosial sığorta haqları üzrə borclar sığorta ödəyicilərinə münasibətdə də silinmiş sayılmalıdır. Beləliklə, iddiaçının 1992-ci ildən 2000-cı il tarixədək işlədiyi illərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbi ilə sığorta stajına daxil edilməsindən cavabdehin imtinası qanunaziddir. Buna görə də, cavabdehin iddiaçıya aiddiyəti və təqsiri olmayan sığorta haqqına görə vətəndaşın pensiya hüququnu məhdudlaşdırması qanunvericiliyin pozulması hesab olunmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fonda müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fond tərəfindən İddiaçı bildirilib ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək aid olan dövrdə sosial sığorta haqlarının ödənilmədiyi məlum olmuşdur və bu səbəbdən də qeyd olunan dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Təqdim edilən sənədlərə əsasən ümümilikdə xx.xx.2006-cı il tarixədək 22 il 09 ay 05 gün sığorta stajınız olduğu üçün qüvvədə olan qanunvericiliyin tələbərinə uyğun olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması imkan xaricindədir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövr, ümumilikdə 08 il 09 ay 14 gün təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına xx.xx.1980-ci il tarixli, AT-İİ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.1977-ci il tarixli, 047179 nömrəli diplomun təsdiqlənmiş surəti, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin xx.xx.2021-ci il tarixli, 01/1275 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 497 nömrəli arayışı, əmək haqqı cədvəllərinin təsdiqlənmiş surəti, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayış, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2022-ci il tarixli, 021 nömrəli arayış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2022-ci il tarixli, 73(58)/4 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Texniki Xidmət stansiyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, həmin dövrlərdə sosial sığorta haqları ödənilmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Halbuki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Texniki Xidmət stansiyasında işlədiyi dövr iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, AT-İİ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan xx.xx.1980-ci il tarixli, AT-İİ ******* nömrəli əmək kitabçasından məlum olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Texniki Xidmət stansiyasında işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Texniki Xidmət stansiyasında işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, müəssisə tərəfindən hər hansı ödəmənin aparılıb-aparılmaması işçinin səlahiyyətində olmadığından onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Belə ki, «Məcburi dövlət sığorta haqqının toplanması Qaydaları» və «Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları»-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 noyabr 2014-cü il tarixli, 04 saylı Qərarının 9.1-ci bəndinə əsasən məcburi dövlət sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. Bundan başqa, İddiaçı iddia ərizəsində hüququ yarandığı tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2020-ci il 1 iyulundan - 2021-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Texniki Xidmət stansiyasında işlədiyi dövr də daxil edilməklə, cəmi 31 il 06 ay 19 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Texniki Xidmət stansiyasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kirovabad Texniki Xidmət stansiyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov