Məhkəmə qərarları › İş №2-1(114)-1859/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1859/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1859/2021 15.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 18 saylı regional ərazi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1980-2003-cü illərdə Göygöl rayon istehlak cəmiyyətində işlədiyi illəri sığorta stajına hesablanması və əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür və pensiya almaq hüquq verən yaşına çatmışdır. Həmçinin qeyd etmişdir ki, pensiya təyin olunması üçün tələb olunan sığorta stajı da vardır, lakin buna baxmayaraq o, cavabdeh orqana pensiyanın təyin edilməsi ilə əlaqədar müraciət etmiş, lakin sonuncu ona pensiya təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi tələb olunan 25 il stajın tamam olmaması əsas gətirilmişdir. O, cavabdehin imtinası ilə razı deyil, belə ki, o, 1980-2003-cü illərdə Göygöl rayon istehlak cəmiyyətində işləmişdir. Həmçinin 2 il müddətində də hərbi xidmətdə olmuşdur. Odur ki, qeyd edilən illəri sığorta stajına hesablayıb ona pensiya təyin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 15 dekabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş məlumatlarının düzgünlüyünü araşdırmaq mümkün olmadığı üçün həmin dövrləri sosial sığorta stajı kimi nəzərə alına bilinmədiyindən ona pensiya təyin edilməmişdir. Göstərilənlərə əasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus 575 nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 18 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 26.05.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu; - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı «Azərittifaq» Göygöl rayon İstehsalat- İstehlak Kooperativ Cəmiyyətinin 30 oktyabr 2021-ci il tarixli 27 nömrəli məktubu; - Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatının 05 noyabr 2021-ci il tarixli 15/662 nömrəli məktubu; - Göygöl Rayon Dövlət Arxivinin 04 noyabr 2021-ci il tarixli 62 nömrəli məktubu; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəktələrin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasiətsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsi tələb edə bilər. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajındanasılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olduğu üçün pensiya hüququ yaranmışdır, yəni pensiya təyin edən orqana müracət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sosial sığorta stajı da ona pensiya təyin olunmasına imkan verir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı hazırda 25 ildən artıq stajı vardır, lakin cavabdeh orqan iddiaçının 1980-cı ildən 2003-cü ilədək Göygöl rayon İstehsal İstehlak kooperativ cəmiyyətində işlədiyi dövrü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından ona pensiya təyin olunmasında imtina edilmişdir. Həmçinin cavabdeh orqan iddia ərizəsinə etirazda qeyd etmişdir ki, iddiaçının 1980-2003cü illərdə əmək haqqı alması təsdiqlənmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Məhkəmə araşdırması nəticəsində edilmiş sorğulara cavab olaraq göndərilmiş Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı «Azərittifaq» Göygöl rayon İstehsalat-İstehlak Kooperativ Cəmiyyətinin 30 oktyabr 2021-ci il tarixli 27 nömrəli məktubundan müəyyən olunur ki, vətəndaş İddiaçı adı çəkilən təşkilata 10 yanvar 1980-ci il tarixdə 5/10 saylı sərəncamla Pənahlılar kəndində yerləşən 10 saylı mağazaya satıcı vəzifəsinə qəbul edilmiş və 04 fevral 2003-cü il tarixli 3/1 saylı sərəncamla Azərbaycan Respublikası ƏQMnin 36-cı maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, qeyd edilən dövrlərdə əmək haqqı və mühasibat sənədlərinin qorunub saxlanması və ya arxivə təhvil verilməsi işinə birbaşa məsul və cavabdeş şəxs olan baş mühasib vəzifəsində işləmiş, 2005-ci ildə vəfat etmiş X2 qeyd edilən sənədlərin hətta, təşkilatın bütün işçilərinə aid olan mühavibat və əmək haqqı haqqında olan sənədlərin hara verilməsi barədə məlumat olmadığından İddiaçı barəsində verilmiş sorğu cavablandırılmamışdır. Məhkəmə araşdırması nəticəsində edilmiş sorğulara cavab olaraq göndərilmiş Göygöl Rayon Dövlət Arxivinin 04 noyabr 2021-ci il tarixli 62 nömrəli məktubundan müəyyən olunur ki, Göygöl (keçmiş Xanlar) rayon İstehlak Cəmiyyətinin şəxsi heyətə aid sənədləri(əmr kitabları, əmək haqqı cədvəlləri və iş stajı ilə bağlı digər sənədlər) rayon Dövlət arxivinin mühafizəsində yoxdur. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus 575 nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətindən (məhkəmə iclasında əmək kitabçasının əslinə baxış keçirilmişdir) müəyyən olunur ki, iddiaçı 22.01.1980-ci il tarixdən 04.02.2003-cü il tarixədək Göygöl rayon İstehsal İstehlak kooperativ cəmiyyətində satıcı vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 -ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması ücün iş staiı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə almır. Məhkəmə qeyd edilmiş maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək nensivası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəvvən edildivi təsbit olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin imtinasının əsası iddiaçının 1980-2003-cü illərdə Göygöl rayon İstehsal İstehlak kooperativ cəmiyyətində işlədiyi yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından ona pensiya təyin edilməsi mümkün olmamışdır. Lakin məhkəmə aparmış olduğu araşdırma nəticəsində müəyyən etmişdir ki, idarənin sənədlərinin arxivə təhvil verilməməsi 2005-ci ildə vəfat etmiş mühasib vəzifəsində işləmiş şəxsin səhlənkarlığı olmuşdur bu isə vətəndaşın təqsiri ilə bağlı olmayan haldır və vətəndaşın xeyrinə həll olunmalıdır. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, iddiaçının əmr kitablarının və əmək haqqı cədvəllərinin aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsində imtina üçün əsas hesab edilə bilməz və bu əsasla iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında –işə girdiyi gün, ay, il, işlədiyi peşəsi(vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 01.01.2006-cı il tarixdək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun: 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək( sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsinə əsasən isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Şəxsin Goranboy rayon filialı iddiaçının əmək kitabçasında göstərilmiş işlədiyi dövrləri ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı hərbi xidmət keçmişdir. Belə olan halda məhkəmə müəyyən etmişdir ki, iddiaçının əmək kitabçasında göstərilmiş iş stajı və hərbi xidmət dövrü ümumilikdə 25 ildən artıq təşkil edir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, İddiaçı 22 yanvar 1980-ci il tarixdən 04 fevral 2003-cü il tarixədək Göygöl rayon İstehsal İstehlak kooperativ cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 18 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 22 yanvar 1980-ci il tarixdən 04 fevral 2003-cü il tarixədək Göygöl rayon İstehsal İstehlak kooperativ cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 18 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar