Məhkəmə qərarları › İş №2-1(114)-1859/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1859/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1859/2023 20.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2007-ci il tarixdə 2 il müddətinə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı əlillik vəziyyəti Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi göndərişi əsasında baxılmış, “dizin sınığı” diaqnozu ilə “xəstəlik 2000-ci ildə başlanılmasına baxmayaraq, 2021-ci ilə qədər aldığı stasionar müalicəsi qeyd olunmayıb” səbəbindən, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında isə “qamış sümüyünün proksimal şöbəsinin sınığı, sol bazunun kondulusdan keçən qeyri-düzgün bitişmiş sınıq” diaqnozu ilə müayinələr yetərli deyil. Elektromieloqrafiaya müayinə olunması məsləhət görülür” səbəbi ilə imtina edilmişdir. ll. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əlillik dərəcəsinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə aldığı xəsarət nəticəsində sol qolunun əmək qabiliyyətini tamamən itirmiş, 2000-ci ildən etibarən üçüncü qrup əlil kimi pensiya almışdır. Səhhətində olan problem aradan qalxmamasına baxmayaraq, 2021ci ilin may ayında əlilliyə görə aldığı pensiya dayandırılmışdır.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. lll. Prosessual məsələlər

6. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini göstərməklə yenilənmiş iddia ərizəsi təqdim etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı üzrə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçıya göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.

8. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə isə məlumat verməmişdir.

9. Məhkəmə hazırlıq icraatı üzrə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

10. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona üçüncü dərəcə əlillk təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. lV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

11. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Cavabdehin iddiaya qarşı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə yazılı etirazı daxil olmuşdur.

13. Etirazlar onunla əsaslandırılmışdır ki, iddiaçının Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında 2 il müddətinə sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş, xx.xx.2008-ci il tarixli göndəriş əsasında 1 il müddətinə üçüncü dərəcə əlilliyi, xx.xx.2014-cü il tarixli göndərişi əsasında 1 il müddətinə üçüncü dərəcə əlilliyi, xx.xx.2015-ci il tarixli göndərişi əsasında 1 il müddətinə üçüncü dərəcə əlilliyi, xx.xx.2016-cı il tarixli göndərişi əsasında 5 il müddətinə üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89-Diz və baldırın travmaları => S82- Baldız sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Dizin sınığı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Xəstəlik 2000-ci ildən başlanmasına baxmayaraq, 2021-ci ilə qədər stasionar müalicəsi qeyd olunmayıb. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89-Diz və baldırın travmaları => S82- Baldız sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Qamış sümüyünün proksimal şöbəsinin sınığı, sol bazunun kondulusdan keçən qeyri-düzgün bitişmiş sınığı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Müayinələr yetərli deyil. Elektromieqrafiya müayinə olunması məsləhət görülür. İddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina xx.xx.2021-ci il tarixində olmuş, lakin iddiaçı məhkəməyə 1 il 6 aydan sonra müraciət etmişdir. Ona görə də iddianın mümkünsüz hesab edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Sadalanan normaların məzmunundan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).

20. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, bu iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərti ödənilmir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maaddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

22. İşin hallarından da müəyyən olunduğu kimi, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, İddiaçı əlillik vəziyyəti Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi göndərişi əsasında baxılmış, “dizin sınığı” diaqnozu ilə “xəstəlik 2000-ci ildə başlanılmasına baxmayaraq, 2021-ci ilə qədər stasionar müalicəsinin qeyd olunmaması” səbəbindən, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında isə “qamış sümüyünün proksimal şöbəsinin sınığı. Sol bazunun kondulusdan keçən qeyri-düzgün bitişmiş sınığ” diaqnozu ilə “müayinələr yetərli deyil. Elektromieloqrafiaya müayinə olunması məsləhət görülür” səbəbi ilə imtina edilmişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Bənd 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

25. Qanunverciliyin sadalanan müddəalarından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.

26. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli tibbi göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir. Qeyd edilən imtinadan təxminən 1 il 4 ay keçdikdən sonra iddiaçı hazırkı iddia xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı 2021-ci ildə əlilliyin təyinindən imtina aldıqdan sonra müalicədə olmamış və onun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən göndəriş tərtib edilməmiş, əlillik vəziyyətinə baxılmamışdır.

28. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli tibbi göndərişin üzərindən 1 il 4 aya yaxın müddət keçdikdən sonra hazırkı halda iddiaçının qiymətləndirilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur.

29. İddiaçı barəsində sonuncu tibbi göndəriş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı xx.xx.2021-ci il tarixli imtinasının əsaslı olubolmamasının 2023-cü ildə hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz.

30. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

32. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

34. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar