Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1860/2020 06.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra məntdə iddiaçı) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N saylı hərbi hissənin tərkibində xidmətdə olmuş və xx.xx.N1-ci il tarixdən xx.xx.N4-cü il tarixədək hərbi əməliyyatlarda iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən edilmiş güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir, bu da onun Konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsədə cavabdeh ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Veteran adının və vəsiqəsinin verilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, müəyyən olunmuş qaydalara əsasən hərbi biletdə hərbi qulluqçunun xidmət keçməsinə dair müvafiq qeydlər hərbi hissənin nizami hissə üzrə əmrlərində göstərilən məlumatlar əsasında aparılır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-2837 nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissəyə xx.xx.N2-ci il tarixdə 85 nömrəli əmrlə daxil olması barədə məlumat olsada oktyabr N4-cü il tarixdə iddiaçının barəsində hər hansı bir əmrin olmaması, həmçinin iddiaçının hərbi biletinin 6-cı və 7-ci səhfələrində onun xidmət keçməsinə dair qeydlərin kobud düzəlişlərlə aparılması və hərbi hissənin nizami hissə üzrə əmrləri ilə uzlaşmaması həmin qeydlərin həqiqətə uyğun olmadığını göstərir. Eyni zamanda N nömrəli hərbi hissə xx.xx.N2-ci il tarixdə yarandığından iddiaçının N1-ci ildə həmin hərbi hissəyə daxil olmasının mümkün olmadığını bildirmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2.-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1974-cü il tarixli НЗ-3069405 nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-2837 nömrəli Arxiv Arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/M-11706 nömrəli imtina məktubu və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan xx.xx.1974-cü il tarixli НЗ-3069405 nömrəli hərbi biletin 6-cı səhifəsində onun xx.xx.N1-ci il tarixdə 83 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması, xx.xx.N4-cü il tarixdə isə N nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarılması barədə qeydlər aparılsa da, həmin qeydlərdə düzəlişlər edilmiş, lakin həmin düzəlişlərin etibarlı olması imza və möhürlə təkrar təsdiqlənməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixli 11/5304 nömrəli məktubunda bildirmişdir ki, müəyyən olunmuş qaydalara əsasən hərbi biletdə hərbi qulluqçunun xidmət keçməsinə dair müvafiq qeydlər hərbi hissənin nizami hissə üzrə əmrlərində göstərilən məlumatlar əsasında aparılır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-2837 nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissəyə xx.xx.N2-ci il tarixdə 85 nömrəli əmrlə daxil olması barədə məlumat olsada, oktyabr N4-cü il tarixdə iddiaçının barəsində hər hansı bir əmrin olmaması, həmçinin iddiaçının hərbi biletinin 6-cı və 7-ci səhfələrində iddiaçının xidmət keçməsinə dair qeydlərin kobud düzəlişlərlə aparılması və hərbi hissənin nizami hissə üzrə əmrləri ilə uzlaşmaması həmin qeydlərin həqiqətə uyğun olmadığını göstərir. Eyni zamanda N nömrəli hərbi hissə xx.xx.N2-ci il tarixdə yarandığından iddiaçının N1-ci ildə həmin hərbi hissəyə daxil olmasının mümkün deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli 1/M-11706 nömrəli məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-2837 nömrəli ayışına əsasən hərbi biletində N4-cü ilin oktyabr ayında olan qeydlər öz təsdiqini tapmadığından ona Veteran adının və müvafiq vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-2837 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhəri Nizami RHK-dan gəlmiş İddiaçı (Baxram) Kazım oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 85 nömrəli əmrilə «Kəpəz» batalyonunun siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş, «Kəpəz» batalyonunun sıravisi İddiaçı xidməti N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 164 nömrəli əmrilə xx.xx.N2-xx.xx.N2-ci ilə kimi hesablanmış, N nömrəli hərbi hissə komandirinin oktyabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olduğunu bildirsə də, N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə arxiv arayışında qeydlər olsa da, həmin hərbi hissədən qanuni əsaslarla təxris olunması barədə heç bir qeydiyyat aparılmamış, habelə qanuni əsaslarla təxris olunması barədə məlumat göstərilməmişdir. Həmçinin iddiaçıya məxsus olan xx.xx.1974-cü il tarixli НЗ-3069405 nömrəli hərbi biletin 6-cı səhifəsində onun xx.xx.N1-ci il tarixdə 83 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması, xx.xx.N4-cü il tarixdə isə N nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarılması barədə qeydlər aparılsa da, iş materiallarında olan Müdafiə Nazirliyinin İşlər X1 xx.xx.2020-ci il tarixli 9/2-2837 nömrəli Arxiv Arayışının 3-cü abzasında N nömrəli hərbi hissə komandirinin oktyabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumatın aşkar olunmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindənçıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N8-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Yuxarıda qeyd olunan maddi hüquq normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.
1. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması,
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişilkdən sonra hərbi bletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil eilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər.
Hakim: Usaməddin Osmanov