Məhkəmə qərarları › İş №2-1(114)-1862/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1862/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1862/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya təyin edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək bütün staj illərinin, təhsil müddətinin və hərbi xidmət dövrünün nəzərə alınaraq ona təqaüdün təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildə hərbi xidmətə yollanmış və hərbi xidmətini 2003-cü ildə bitirdikdən sonra 2004-cü ildə Daşkəsən rayon Polis şöbəsinə polis nəfəri olaraq işə qəbul edilmişdir. X6 xidmət edən zaman Azərbaycan Müəllimlər İnstitunun Qazax filialına qəbul olmuşdur. Xidmətini uğurla başa vuraraq 2022-ci ilin avqust ayında polis nəfəri sıralarından xaric edilmişdir. Cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etsə də, müraciətindən imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müracit etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qeyd olunması və cavabdehin üzərinə onun 2006-cı ildən 2010-cu ilə kimi təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə ona pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə dəqiqləşmə barədə ərizə icrata qəbul edilmiş və cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq qeyd etdi ki, əvvəllər işlədiyi qurum tərəfindən məlumat vərəqi cavabdeh orqana göndərilmişdir. X8 Nazirliyinə müraciət etmiş və cavabında bildirilmişdir ki, ona məxsus məlumat vərəqi cavabdeh orqana göndərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçı tərəfindən 2025-ci ilin yanvar ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət edilmişdir. Bunun üçün iddiaçıya məxsus təminat xərcliyi ilə bağlı məlumat vərəqi təqdim edilməli idi. Lakin iddiaçı tərəfindən yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin məktubu təqdim edilmişdir. Hansı ki, bu məlumat vərəqi hesab edilmir. Məlumat vərəqi cədvəl formasında olur. Bu əsasa görə iddiaçının müraciətinin təmin edilməməsi yönündə hər hansı inzibati akt qəbul edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 4.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, iddiaçının xahişi ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhz bu əsasla iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, onun müraciətinə xidmət etdiyi orqan tərəfindən təminat xərcliyini əks etdirən məlumat vərəqi təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə tərəfindən sərəncam göndərilərək iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış icraat materialları tələb edilmişdir. İnzibati icraat materiallarına baxış keçirilən zaman cavabdeh orqanın göstərdiyi xüsusat təsdiqin tapmışdır. Belə ki, icraat materiallarında iddiaçıya məxsus məlumat vərəqi aşkar edilməmişdir. Halbuki, iddiaçının xidmət etdiyi orqan tərəfindən mlumat vərəqinin göndərilməsi ona əmək pensiyası təyini üçün vacibdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2024-il tarixə kimi olan redaksiya): 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ay hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ay hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması» Qaydaları: Bənd 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bənd 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Sadalanan maddi hüquq normaları üzrə iş materiallarını qiymətləndirən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Çünki inzibati orqan iddiaçıya məxsus məlumat vərəqinin onun əvvəllər xidmət etdiyi qurum tərəfindən göndərilməməsinə görə ərizəsinin təmin edilməsi yönündə müsbət addımlar ata bilmir. İddiaçı məlumat vərəqinin göndərilməsini iddia etsə də, məhkəmə tərəfindən əldə edilən inzibati icraat materialları ilə bu hal təkzib edilir. İddiaçının göstərdiyi Maliyyə Plan İdarəsinin məktubu məlumat vərəqi hesab edilə bilməz. Yuxarıda göstərilən Qaydaların tələblərinə görə məlumat vərəqi 1 nömrəli əlavəyə uyğun cədvəl şəklində olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqna tərəfindən iddiaçının hüquqları pozulmamışdır. İşin qeyd olunan halları iddia tələbinin mümkünlük şərtlərinə cavab vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqinin göndərilməsi üzrə müraciətinə həmin orqan tərəfindən imtina veriləcəyi halda eyni tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya təyin edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar