Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1863/2021 26.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Goranboy rayon Dəliməmmədli Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli 46 nömrəli qərarı ilə bələdiyyənin prespektiv inkişaf fondununun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədilə 0,06 ha topaq sahəsi X1. Həmin qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsindən xahiş edilmişdir ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi “Torpağın alqı-satqısı qaydalarına” əlavədə göstərilən nümunə əsasında “Torpaqların alqısatqısına dair” 3 nüsxədən ibarət Akt tərtib etsin və onu qeydiyyata alsın. Həmin tarixdə Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Q.Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri B.Vəliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin baş məsləhətçisi F.Məmmədov, Dəlimməmmədli Bələdiyyəsinin sədri D.Hacıyev, Dəliməmmədli İcra nümayəndəsi R.Teyyubov, Dəlimmədli bələdiyyə üzvü E.Ağazadə, Dəlimmədli şəhər sakini İ.Əsgərovun iştirakları ilə yerin seçilmə aktı tərtib olunmuşdur. Dəliməmmədli Bələdiyyəsi sədri tərəfindən təsdiq edilmiş, Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq vəTikinti şöbəsinin müdiri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbə müdiri ilə razılaşdırılmış Goranboy rayonu Dəliməmmədli bələdiyyə mülkiyyətinə verilən torpaq sahəsinin yerquqruluşu planından çıxarış verilmişdir. Satılan torpağın müqabilində 52,90 manat pul X5 tərəfiindən Dəlimmədli bələdiyyəsinin bank hesabına ödənmişdir. Torpağın dəyəri ödənildikdən sonra torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. X5 07 may 2020-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 12.05.2020-ci il tarixdə 227 nömrə qeyd aparılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) 08.04.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdadəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 03.05.2021-ci il tarixli **********19 nömrəli məktubu ilə Torpaqların alqısatqısına dair akt qeydiyyatdan keçmədiyini bildirmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə istinad edərək ərizənin icrasından imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı 18.08.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Dəliməmmədli şəhəri ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum X3 adına qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X4 həyətyanı məqsədilə 28.11.2005-ci il tarixdə Goranboy rayon Dəliməmmədli şəhər Bələdiyyəsinin 46 nömrəli qərarı ilə alqı-satqı qaydasında 0,06 ha torpaq sahəsi verilmişdir. Bu məqsədlə komissiya Dəliməmmədli Peşə məktəbinin yanından 600 kv.m həyətyanı torpaq sahəsi ayrılıb verməklə yerin seçilmə aktı, DTXK Goranboy rayon şöbəsi tərəfindən verilmiş rəy, yerquruluşunun planı, Torpaqların alqı-satqısına dair Akt tərtib olunmuşdur. Ancaq əri 0,06 ha torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata almamışdır. Əri X5 isə 07 iyun 2020-ci ildə ürək çatışmazlığından vəfat etmiş, oğlu isə 1992-ci ildə vətən uğrunda şəhid olmuşdur. İddiaçı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08.04.2021-ci il tarixdə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisəli torpaq sahəsi onun sahibliyində olsa da, heç kim tərəfindən istifadə olunmur. Torpaq sahəsi hasarlanmış, ancaq heç bir tikinti işləri aparılmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini AZ-İİ seriyalı 060334 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti, Goranboy rayon Dəliməmmədli Bələdiyyəsinin 28.112005-ci il tarixli 48 nömrəli qərarı, yerin seçilmə aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin rəyi, “Torpaqların alqı-satqısına dair” akt, yerquruluşu planından Çıxarış, Goranboy rayon Notariat Ofisinin 05.04.2021*ci il tarixli 87 nömrəli məktubu, cavabdehin 03.05.2021-ci il tarixli **********19 nömrəli imtinası, 08.05.2006-cı il tarixli G05 040200 nömrəli qəbz təşkil etmişdir. . Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İddiaçının mərhum ərinə torpaq sahəsi 2005-ci ildə satıldığı üçün məhkəməsi tərəfindən hüququn yarandığı an qüvvədə olan normanın tətbiq edilməlidir. Bələdiyyə qərarı 2005-ci il tarixli olduğundan həmin dövrdə qüvvədə olan qanunvericiliyin normalarının tələbinə əsasən bələdiyyə qərarı ilə bilavasitə torpaq sahəsinin ayrılması mümkün idi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Maddə 20.1. Bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası): Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bənd 11.Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Bənd 13. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Bənd 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Bənd 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Bənd 25. Bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 26. Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.ci maddədə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir. Bələdiyyə tərəfindən X2 0,06 ha torpaq sahəsi Goranboy rayonu Dəliməmmədli Bələdiyyə mülkiyyətinə verilən torpaq sahəsinin yerquruluşu planından çıxarışda əks olunmuş, həmin sənəd həm bələdiyyə sədri D.Hacıyev, tərəfindən təsdiq edilmiş, Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq vəTikinti şöbəsinin müdiri Q.Həsənov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbə müdiri B.Vəliyev ilə razılaşdırılmışdır. Məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. İddiaçının mərhum ərinə torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitabında yaxud elektron baza xəritə materiallarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Goranboy rayonu Dəliməmmədli Bələdiyyəsinin 28.11.2005-ci il tarixli 46 nömrəli qərarı həyətyanı məqsədilə ayrılmış 0,06 ha torpaq sahəsi üzrəində X3 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1863/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1863/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver