Məhkəmə qərarları › İş №2-1(114)-1863/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1863/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1863/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-150/2021 saylı qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş X2 21 iyul 2015-ci il tarixdən xəbərsiz itkin düşməsini nəzərə alıb ailə başçısını itirdiyinə görə təyin olunmuş müavinatın 2015-ci ildən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X8 ilə qeyri-rəsmi ər-arvad müasibətlərində yaşamış və onların birgə münasibətlərindən bir övladları - xx.xx.2011-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Daha sonra Arzu Allahverdiyev itkin düşmüş, iddiaçı aidiyyəti orqanlara müraciət etmiş və sonda Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 873/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə doğlumuş X2 ölmüş elan edilməsi qət edilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-873/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə doğlumuş X2 ölmüş elan edilmədən öncə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-150/2021 saylı qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş X2 21 iyul 2015ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. Bundan sonra cavabdeh orqan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli № -li 2(042)-873/2021 saylı qətnaməsinə əsasən mərhum X9 xx.xx.2021-ci il tarixdən ölmüş elan edildiyi üçün iddiaçının övladı X3 xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı isə hesab edir ki, onun mərhum ərinin 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirdiyinə görə təyin olunmuş müavinat 2015-ci ildən ona verilməlidir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı övladı X1 mərhum X4 ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. İddiaçının təqdim etdiyi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)- 873/3031 saylı qətnaməsinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.1966-cı il tarixdə doğulmuş X8 ölmüş elan edilsin və A.Allahverdiyevin ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablansın. Belə ki, sözügedən qətnamə xx.xx.2021-ci il tarixdən qanuni qüvvəsini almışdır. Həmin tarixdən X5 ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Beləliklə, İddiaçı iddia tələbinə əsasən ailə başçısını itirməyə görə sosial müavinətin xx.xx.2015-ci il tarixdən təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)- 873/3031 saylı qətnaməsindən görünür ki, xx.xx.1966-cı il tarixdə doğulmuş X8 ölmüş elan edilmiş və A.Allahverdiyevin ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanması qət edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı övladına əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edən və bu sahədə yaranan digər münasibətləri tənzimləyən hüquqi akt “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunudur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.5-ci maddəsində qeyd olunmuşdur ki, ailə başçısını itirməyə görə aylıq müavinətlər ödənilir. 7.0. maddəsində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda 7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4. ailə başçısını itirməyə görə müavinət: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. İstinad olunan qanunun müvafiq maddəsinin məzmunundan da görünür ki, aylıq müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının övladının mərhum atası X10 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/3031 saylı qətnaməsinə əsasən ölmüş elan edilmiş və A.Allahverdiyevin ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanmışdır. Lakin buna baxmayaraq qeyd edilməlidir ki, sözügedən şəxs xx.xx.2021-ci il tarixdən ölmüş hesab edilsə də, məhkəmənin digər bir qətnaməsi ilə (Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-150/3031 saylı qətnaməsi) o, xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən şəxsin ölüm vaxtı müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması ilə müəyyən edilsə də, bu hal həmin şəxsin itkin düşdüyü vaxtdan ölməsini istisna etmir. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddianın qismən təmin edilməsi məqsədəuyğundur. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı onun övladının mərhum atasının 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə təyin olunmuş müavinatın 2015-ci ildən ödənilməsini tələb etsə də, qüvvədə olan qanunvericilik həmin müavinətin yalnız 3 il geriyə ödənilməsinin mümkünlüyünü təsbit etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuşdur. Bu səbəbdə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının övladı X3 mərhum atası X2 ölümü ilə əlaqədar təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki müddət üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı övladı X3 mərhum atası X2 ölümü ilə əlaqədar təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki müddət üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar