Məhkəmə qərarları › İş №2-1(114)-1864/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1864/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1864/2021 15.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət hüququ sənədinin verilməsi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayonu Hüsənli kəndində yerləşən keçmiş M.Ə.Sabir adına narçılıq sovxozunun hamam binası və 0.20 ha torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 ildən çoxdur ki, Tərtər rayonu Hüsənli kəndində yaşayır və ona əmlak payı əvəzinə verilmiş, həmin kənddə yerləşən keçmiş M.Ə.Sabir adına narçılıq sovxozunun hamam binasında təmir tikinti işləri aparmış və onun yerləşdiyi torpaq sahəsindən istifadə edir. Torpaq islahatı ilə bağlı sənədləri hazırlamasına baxmayaraq mülkiyyət sənədlərini əldə edə bilmir. Hazırda torpaq sahəsini özəlləşdirmək istəyir və bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məhkəməyə müraciət etməsini tövsiyyə edərək bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Tərtər rayon Hüsənli kənd üzrə Aqrar İslahat Komissiyasının 20.08.2001-ci il tarixli aktı, 19.10.2001-ci il tarixli 55 nömrəli iclas protokolunun surəti, 25.10.2001-ci il tarixli 105 nömrəli əmlakdan pay haqqının verilməsi barədə akt və cavabdehin 06.08.2021-ci il tarixli **********98 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Belə ki, Tərtər rayon Hüsənli kənd üzrə Aqrar İslahat Komissiyasının 20.08.2001-ci il tarixli aktından görünür ki, sabiq M.Ə.Sabir adına narçılıq sovxozuna məxsus olan, 1979cu ildə tikilmiş hamam binası qanuna müvafiq qaydada özəlləşdirib satılması məqsədi ilə binanın mövcud vəziyyətinə baxış keçirilmiş, hamam binasının üst örtüyünün sıradan çıxdığı, pəncərə və qapılarının, xeyli hissəsinin güclü yağan yağış və küləklərdən yararsız hala düşdüyü müəyyən olunduğundan AİK-ı iclasının 12.05.2000-ci il İO/AK-saylı qərarına uyğun olaraq hamam binası yenidən qiymətləndirilərək, 2.000.000 (iki milyon) manat yeni qiymət qoyulması qanuna müvafiq hesab edilmişdir. Həmin komissiyanın 19.10.2001-ci il tarixli 55 nömrəli iclas protokolunun Qərarına əsasən sabiq M.Ə.Sabir adına narçılıq sovxozuna məxsus olan 1979-cu ildə inşa olunmuş hamam binası özəlləşdirilərək Hüsənli kənd sakini X1 məqsədə müvafiq hesab olunaraq, həmin hamam binasının istifadəsində olan 0.20 ha torpaq sahəsi mülkiyyətçinin istifadəsinə verilmişdir. Sözügedən qərarın təsdiqi Tərtər rayon Aqrar İslahat Komissiyasından xahiş olunmuşdur. Tərtər rayon Hüsənli kənd üzrə Aqrar İslahat Komissiyasının 25.10.2001-ci il tarixli 105 nömrəli əmlakdan pay haqqının verilməsi barədə aktından görünür ki, Tərtər rayonun M.Ə.Sabir adına dəyəri 2000 manat olan sovxozun hamam binası 2000 manat müqabilində X3 əmlak pay haqqı kimi verilmişdir. Hazırda iddiaçı məhz Tərtər rayonu Hüsənli kəndində yerləşən keçmiş M.Ə.Sabir adına narçılıq sovxozunun hamam binası və 0.20 ha torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini tələb edir. Qeyd edilməlidir ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunla təznimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması əsasları, 10-cu maddəsində qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlərin siyahısı, 15-ci maddəsində isə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasları öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun: 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuşdur. Həmin normaya görə bu əsaslara aiddir: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1-ci maddə); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2-ci maddə); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı (8.0.3-cü maddə); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4-cü maddə); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5-ci maddə); mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6-cı maddə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (8.0.7-ci maddə); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8-ci maddə).... 10.2-ci maddəsinin tələblərinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (10.2.1); torpaq sahəsinin planı və ölçüsü (10.2.2); torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi (10.2.3); dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4). 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin hazırkı işdən görünür ki, həmin əsaslardan hər hansı biri iddiaçı tərəfindən nə cavabdeh orqana, nədəki məhkəməyə təqdim olunmamış, bu cür əsaslardan birinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Tərtər rayon Hüsənli kənd üzrə Aqrar İslahat Komissiyasının 20.08.2001-ci il tarixli aktı isə hazırki mübahisə üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin akt Tərtər rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq olunmamışdır. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət hüququ sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar