Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1865/2020 18.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdam rayon filialının Cavabdeh qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdam rayon filialı Cavabdeh qarşı Cavabdeh artıq aldığı 1997,71 manat vəsaitin alınaraq Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdam rayon filialının hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh anası X1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, lakin Cavabdeh bu barədə filiala (şöbəyə) heç bir məlumat verməmişdir. Nəticədə Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1997,71 manat artıq pensiya almışdır. Bu barədə filial (şöbə) tərəfindən Cavabdeh Cəarət oğluna məlumat verilsə də, artıq alınmış 1997,71 manat vəsait bugünədək filialın (şöbənin) hesabına bərpa olunmamışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birgə araşdırıb, inzibati icraat və inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən qiymətləndirərək aşağıdakılara əsasən hesab hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, inzibati orqan fiziki şəxsdən sonuncuya hüquqi əsası olmadan artıq ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2017-ci il tarixli Qərarında göstərmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığmı müəyyən etməlidir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisələrdə tərəflərdən biri qismində “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqanın iştirak etməsi məcburi olsa da, bu heç də bütün bu kimi hallarda söhbətin mütləq olaraq inzibati-hüquq münasibətindən getməsi anlamına gəlmir. Çünki inzibati orqanlar da mülki hüquq müstəvisində fəaliyyət göstərə bilərlər. Bununla yanaşı, inzibati icraatda mülki (özəl) şəxsləri ancaq o halda cavabdeh kimi qəbul etmək olar ki, onlara inzibati akt səlahiyyəti verilmiş olsun, yəni (istisna qaydasında) publik-hüquqi səlahiyyətləri həyata keçirmək hüququ olsun. Hazırkı tələbdə inzibati orqanın hər-hansı qeyd edilən faktiki xarakterli hərəkəti və ya qəbul etdiyi inzibati akt mübahisələndirilmir, əksinə publik-hüquqi səlahiyyətə malik olan inzibati orqan fiziki şəxs olan cavabdehdən artıq ödənilmiş pulu tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1 və 82.2 maddələrinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir; İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, inzibati orqanların icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan həmin icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilərlər. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, artıq ödənilmiş vəsaitin geri qaytarlımasını təmin etmək məqsədilə inzibati orqanı tərəfindən verilən qərar- icra sənədi məhkəmə qaydasında həmin vəsaitin tutulmasından daha səmərəli vasitədir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbi mümkün sayılmamalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3. maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən Q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdam rayon filialının Cavabdeh qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1865/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1865/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver