Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1865/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilərək torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər Rayon Aqrar İslahat Komisiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı əsasında Tərtər şəhəri, Səməd Vurğun küçəsi, ev 16-da yerləşən torpaq sahəsi ilə bağlı verilən JN-034G Kod 61101004 nömrəli və JN-034F Kod 61101004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrə düzəliş edilərək, ümumilikdə 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə “Torpağa mülkiyyətə verilməsinə dair” JN-034G Kod 61101004 və JN-034F Kod 61101004 nömrəli Şəhadətnamələrlə ümumilikdə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir ki, bu da onun mülkiyyətinə verilməli olan torpaq sahəsindən 0.01 ha azdır. Belə ki, onun mülkiyyətinə müvafiq təsdiqedici sənədlərdə verilməli olan 0.06 ha həyətyanı torpaq sahəsi sözügedən şəhadətnamələrlə səhvən cəmisi 0.05 ha həyətyanı torpaq sahəsi kimi göstərilmiş və bu səbəbdən də eyni ilə həmin torpaq sahələrinin sərhədləri naturada düzgün müəyyən edilməmişdir. Bu barədə dəfələrlə cavabdehə rəsmi qaydada müraciət etsə də heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə etdiyi müraciətə cavabdeh tərəfindən göndərilmiş məktubda yalnışlığın araşdırılaraq düzəldilməsi vəzifəsinin onların səlahiyyətinə aid olmadığı göstərilmiş, yalnışlığın araşdırılaraq düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə göndərildiyi bildirilmişdir. Lakin keçən müddət ərzində heç bir hərəkət edilməmiş, iddiaçı isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-34G və 34F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə iddiaçının və ailəsinin mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmişdir. İslahat zamanı torpaq sahəsi 0.06 ha olmasına baxmayaraq JN- 34G və 34F saylı torpağın mülkiyyətə verilməsinə dair .əhadətnamələrlə 0.05 ha həyətyanı torpaq sahəsi verilmiş, 0.01 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-034G və JN- 034F Kod 61101004 nömrəli şəhadətnamələrdən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən İddiaçı, X4, X1, X3 və X2 mülkiyyətinə 0.02 ha və 0.03 ha olmaqla ümumilikdə 0.05 ha torpaq sahəsi verilmişdir. -Tərtər rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq olunmuş, “Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid” cədvəldən görünür ki, İddiaçı, X4, X1, X3 və X2 qanuni istifadələrində 0.05 ha həyətyanı torpaq sahəsi olmuşdur. -DƏDKR PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hər tərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.02 və 0.03 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-034G və JN-034F Kod 61101004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr verilmişdir. İddiaçı sözügedən şəhadətnamələrlə verilmiş 0.05 ha torpaq sahəsinin əslində 0.06 ha olduğundan həmin şəhadətnamələrdə düzəliş edilərək ümumilikdə 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-034G və JN-034F Kod 61101004 nömrəli şəhadətnamələrə və məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş cədvələ əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi deyil 0.05 ha torpaq sahəsinin verildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi həcmdə torpaq sahəsinin ona və ailə üzvlərinə verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur və cavadeh qeyd olunan əsaslardan çıxış edərək iddiaçının müraciətinin müsbət həllindən haqlı olaraq imtina etmişdir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilərək torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1865/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1865/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver