Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1866/2023 18.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1462 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Kəskin bronxit" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 26 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 351 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır"; xx.xx.1994-cü ildən xx.xx.1994- cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Xroniki qastroduodenit kəskinləşmə mərhələsində" və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: "Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Bütün bədənin sıyrıntı və əzilmələri", xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik, travmanın nəticəsi-diaqnoz: "Kəskin pielosistit. Mülayim astenik vəziyyət şəklində təzahür olunan qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət" (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1995-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xx.xx.1995-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" qeyd edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə “Hipertenziv ensefalopatiya, QKBT-dan sonrakı ensefalopatiya kəllə daxili hipertenziya və psixoorqanik sindrom ilə.Beyin silkələnməsi.Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İV dərəcəli neyrosensor tip ağır eşitmə.” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarından görünür ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən baxımsızlıq, səliqəsizlik, ətraflarda atipik tremor, nitqi kasad, spirtli içkilərlə bağlı suallarda mövuzlarda cəmləşmiş müəyyən edilmişdir. Belə ki, vətəndaşın əynindəki paltarlar çirkli, kənardan duyulan qarışıq natəmizlik qoxuları, anamnezdə gündəlik böyük dozalarda içki qəbulu, vaxtaşırı ürək getmələri və kimsəsiz yaşaması, uzun zamandır müalicə ala bilməməsi barədə məlumat qeyd olunmuşdur. Xəstənin hazırkı klinik əlamətləri və anamnestik məlumatlar onda spirtli içkilərdən xroniki asılılığın olmasına, sosial münasibətlərin pozulması, xarakterik davranış və intellektualmnestik pozuntuların yaranmasına dəlalət etmişdir. Təqdim olunmuş Medera Hospitalın baş beyin KT müayinəsinin nəticəsi “Hər iki yarımkürədə təpə-gicgah paylarında giruslararası məsafalərin artışı atrofik dəyişikliklər çoxsaylı qlial ocaqlar periventikulyar leykoaraiois hipertrofik ensefalopatiya uyğu KAT dəyişiklikləri. Hər iki tərəfdə beyin körpüsü və beyincik superiorunda diffuz hipodenslik ambient sisternlərin şəklinin itməsivertebrobrazilyar çatmamazlıq KT əlamətləri” kimi müəyyənləşdirilmişdir. Kobud nevroloji ocaqlı patologiya müəyyən edilməmişdir. Təqdim olunmuş AR İTS TƏBİB Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-nin xx.xx.2021-ci il tarixli audiometriya müayinəsinin nəticəsi “Sol tərəfli İV dərəcə neyrosensor tip eşitmə enikliyi” kimi müəyyənləşdirilmişdir. Təqdim olunmuş bütün müayinə və müalicə barədə tibbi sənədlər 2018-ci ildən sonrakı dövrü əhatə etmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən baxımsızlıq, səliqəsizlik, ətraflarda atipik tremor, nitqi kasad, spirtli içkilərlə bağlı suallarda mövuzlarda cəmləşmiş müəyyən edilmişdir. Belə ki, vətəndaşın əynindəki paltarlar çirkli, kənardan duyulan qarışıq natəmizlik qoxuları, anamnezdə gündəlik böyük dozalarda içki qəbulu, vaxtaşırı ürək getmələri və kimsəsiz yaşaması, uzun zamandır müalicə ala bilməməsi barədə məlumat qeyd olunmuşdur. Xəstənin hazırkı klinik əlamətləri və anamnestik məlumatlar onda spirtli içkilərdən xroniki asılılığın olmasına, sosial münasibətlərin pozulması, xarakterik davranış və intellektualmnestik pozuntuların yaranmasına dəlalət etmişdir. Təqdim olunmuş Medera Hospitalın baş beyin KT müayinəsinin nəticəsi “Hər iki yarımkürədə təpə-gicgah paylarında giruslararası məsafalərin artışı atrofik dəyişikliklər çoxsaylı qlial ocaqlar periventikulyar leykoaraiois hipertrofik ensefalopatiya uyğu KAT dəyişiklikləri. Hər iki tərəfdə beyin körpüsü və beyincik superiorunda diffuz hipodenslik ambient sisternlərin şəklinin itməsivertebrobrazilyar çatmamazlıq KT əlamətləri” kimi müəyyənləşdirilmişdir. Kobud nevroloji ocaqlı patologiya müəyyən edilməmişdir. Təqdim olunmuş bütün müayinə və müalicə barədə tibbi sənədlər 2018-ci ildən sonrakı dövrü əhatə etmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli LOR/Audiometriya müayinəsinə əsasən “Sol qulaq 55 db-İİ dərəcə, sağ qulaq 40 db-İ dərəcə neyrosensor ağır eşitmə qeyd edilir” kimi müəyyənləşdirilmişdir. TƏBİB X5 xx.xx.2021-ci il tarixli X2 müayinəsinin nəticəsində “Aorta sərtləşib. Sol mədəciyin asimmetrik hipertrofiyası. Sistolik funksiya azalıb. EF 48%. Tipli diastolik disfunksiya. Perikard boşluğu təmizdir. Seqmentar hərəkət pozulması qeyd olunmur. İVC 1.6 sm, kollaps 100%.0-1 MR. Müayinə taxiaritmiya fonunda aparılıb” kimi qeyd olunmuşdur. TƏBİB X5 xx.xx.2020-ci il tarxli Komputer EEQ müayinəsinin nəticəsi “Beyinin diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri) və bioelektrik aktivliyinin bir qədər enməsi qeyd olunur” kimi yazılmışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Hərbi səbəbdən diaqnoz əlillik əlmaəti təyin etmir və Ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə təyin edilmiş “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik səbəbinin “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbi kimi dəyişdirilməklə ona xx.xx.2021-ci il tarixdən həmin səbəb ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublika Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətdə aldığı xəsarətlə bağlı xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" və "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmuşdır" xəstəlik qərarı verilmişdir. xx.xx.2021-ci ildən 2-ci qrup əlildir və "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin ona qanunsuz olaraq 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Halbuki, cavabdeh ona xx.xx.2021-ci il tarixdə ümumi xəstəliklə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2018-ci il tarixdə verilmiş qərarını nəzərə almaqla ikinci dərəcə «Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar» və ya «Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar» əlillik təyin etməli idi. Hansı ki, ona təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır. Cavabdehə xx.xx.2022-ci il tarixdə yazılı şəkildə müraciət etsə də, bu günədək müraciətinə cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. İddiaçı məhkəmə iclasında nümayəndəsi (oğlu) ilə təmsil olunmuş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) X4 iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə təqdim edərək, İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. İddiaçının nümayəndəsi (oğlu) X4 şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, atası İddiaçı 1990- 1996-cı illərdə hərbi xidmətdə olmuş, 1995-ci ildə döyüş zamanı kəllə-beyin travması almışdır. Cavabdeh orqan tərəfindən 2021-ci ildə atasının məhz hərbi xidmətdə aldığı həmin travmadan yaranmış xəstəliklərlə bağlı əlilliyi müəyyən edilsə də, əlilliyin səbəbini “Ümumi xəstəlik” kimi qeyd etmişlər.
20. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - MN HHK-nın xx.xx.2018-ci il tarixli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi TSEK-nın xx.xx.2021ci il tarixli qərarı; - Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə “Hipertenziv ensefalopatiya, QKBT-dan sonrakı ensefalopatiya kəllə daxili hipertenziya və psixoorqanik sindrom ilə. Beyin silkələnməsi. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İV dərəcəli neyrosensor tip ağır eşitmə.” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
24. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1462 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının "Kəskin bronxit" xəstəliyinin səbəbi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır"; "Xroniki qastroduodenit kəskinləşmə mərhələsində", "Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Bütün bədənin sıyrıntı və əzilmələri", "Kəskin pielosistit. Mülayim astenik vəziyyət şəklində təzahür olunan qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət" xəstəliklərinin səbəbi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyən edilmdir.
25. İddiaçı əlilliyin təyinatına əsas verən xəstəliklərinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1462 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmasına istinad edərək, ona təyin olunmuş əlilliyin səbəbinin "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qeyd edilməsini cavabdeh orqandan tələb etmiş, bununla əlaqədar iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən əyani müayinələrlə qiymətləndirilmiş və “Hərbi səbəbdən diaqnoz əlillik əlmaəti təyin etmir” qərarı qəbul edilərək, Ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
26. Cavabdeh orqan iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edərkən onun zahirən baxımsızlıq, səliqəsizlik, ətraflarda atipik tremor, nitqi kasad, spirtli içkilərlə bağlı suallarda mövzularda cəmləşməsi, hazırkı klinik əlamətləri və anamnestik məlumatlarını, müayinə və müalicəsi bağlı təqdim edilmiş sənədləri əsas götürmüşdür.
27. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı mübahisə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. İddiaçının cavabdehə müraciəti ona əlilliyin təyinatı ilə bağlı deyil, əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı olmuşdur. İddiaçının əlilliyi isə mübahisə predmeti deyildir və cavabdeh orqan tərəfindən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
28. İddiaçının əlillik təyinatına əsas verən xəstəlik isə onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərlə, travmalarla bağlı olmuşdur.
29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a görə: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə görə: Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa…
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. Bənd 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
33. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a görə: Bənd 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Bənd 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı.
34. İş materiallarından da göründüyü kimi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1462 nömrəli qərarına əsasən iddiaçının hazırda əlilliyinə əsas verən xəstəliklərinin səbəbi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir.
35. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva