Məhkəmə qərarları › İş №2-1(114)-1866/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1866/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1866/2024 20.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Üçüncü şəxsini nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu) qarşı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 avqust 2011-ci il tarixli İP2-310/7-USD nömrəli ipoteka müqaviləsinə əsasən Əliyeva Mənsurə İsa qızının kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan Gəncə şəhəri Nizami rayonu Nizami küşəsi 152 ünvanda mülkiyyətində olan 0, 0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Bundan sonra Mənsurə Əliyeva öz öhdəliyini təmin etmədiyindən məhkəmə qətnamələrinə əsasən kredit borcu ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəlmişdir. Həmçinin bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi kimi həmin evin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onun bankla heç bir müqaviləsi olmamışdır. Fərdi yaşayış evinin və onun yeni tikililərin altında yerləşən torpaq sahəsi ilə fərdi yaşayış evinin həyətyani sahəsinin bir çıxarışla hüququn dövlət qeydiyyatına alınması həyətyani torpaq sahəsinin, həmi torpaq sahəsində inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa edilmiş tikililər ipoteka predmetinin tərkibini təşkil edə bilməz. Hazırda həm evin həm də torpaq sahəsinin və üzərində inşa edilmiş əlavə tikililər üzərində bankın mülkiyyət hüququ qeydə alınmış, lakin nə torpaq sahəsi nə də üzərində inşa edilmiş əlavə tikililər bankda ipoteka ilə yüklü edilməmişdir. Bu səbəbdəndə hesab edir ki, cavabdeh tərəfindən aparılmış qeyd qanunsuz və əsassızdır. Qeydin ləğvi ilə əlaqədar cavabdehə müraciət etmiş,lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu ("xxxx" ASC-ti ləğv prosesində) inzibati məhkəmə icraatına cəlb etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu) qarşı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-2142/2023 nömrəli qərardadı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şifahi məhkəmə baxışı iclası 20 may 2024-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. Üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına xx.xx.2011-ci il tarixli, İP2-310/7-USD nömrəli ipoteka müqaviləsinin surəti, iddiaçıya məxsus xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti, "xxxx" ASC-də yüklü edilməsinə dair xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti, xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5075/2023 nömrəli cavabdehin iddia ərizəsinə etirazı, "xxxx" ASC-nə məxsus xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İşin mübahisə olunmayan hallarına əsasən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 3 ünvanındakı 2 mərtəbəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0, 0396 ha ölçüdə olan torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. Qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi (evin yerləşdiyi) iddiaçı ilə "xxxx" ASC-ti arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 13 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 11. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatıüçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “İpoteka haqqında” Qanun: Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Maddə 50. Torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla onun müstəqil sahə kimi istifadə edilə bilməyən bir hissəsinin ipotekasına yol verilmir. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. Hazırkı iş üzrə mübahisəli ünvan 3 ünvanındakı 2 mərtəbəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi "xxxx" ASCnin xeyrinə ipoteka yüklü edildiyi vaxt “İpoteka haqqında” Qanununun tələbinə əsasən mülkün yerləşdiyi 0.0396 ha ölçüdə olan torpaq sahəsi də həmin bankin xeyrinə yüklü edilmişdir. Beləliklə, bina onun yerləşdiyi, yaxud fəaliyyətinin təmin olunduğu torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Odur ki, inzibati orqanın hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu) qarşı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar