Məhkəmə qərarları › İş №2-1(114)-1867/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1867/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1867/2021 21.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 24.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, F.Əliyev küçəsi, 2 nömrəli binanın 9 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Toxuculuq kombinatında işlədiyi illərdə 16.05.1992-ci ildə 03 saylı müqavilə əsasında Gəncə şəhəri, F.Əliyev küçəsi, 2 nömrəli binanın 9 nömrəli mənzili iddiaçıya verilmiş, həmin vaxtdan iddiaçı və onun ailə üzvləri həmin mənzildə yaşamışlar. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 26.12.2000-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, F.Əliyev küçəsi 2 nömrəli binanın yaşayış sahəsi 28,9 kv.m olan, iki otaqlı 9-cu mənzilinin şəxsi hesab vərəqəsinin iddiaçının adına keçirilməsi və altı nəfərdən ibarət ailə üzvü ilə birlikdə həmin mənzilə daimi qeydiyyata alınması qət edilmişdir. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12.04.2001-ci il tarixli 277 saylı sərəncamı ilə Gəncə şəhəri, F.Əliyev küçəsi 2 saylı evin 2 otaqlı yaşayış mənzili daimi olaraq iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 16.09.2021-ci il tarixli, **********57 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Gəncə şəhəri, F.Əliyev küçəsi 2 saylı evin 9 saylı mənzilinin İddiaçı istifadəsinə verilməsi haqqında” 12.04.2001-ci il tarixli 277 nömrəli sərəncamı həmin mənzil üzərində vətəndaşın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur, həmin sərəncam əsasında yalnız istifadə hüququ dövlət qeydiyyatına alına bilər. Buna görə də iddiaçı tərəfindən həmin mənzilin özəlləşdirilməsi qanunun tələblərinə ziddir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 13.07.2021-ci il tarixli, 760(504)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12.04.2001-ci il tarixli 277 saylı sərəncamı ilə Gəncə şəhəri, F.Əliyev küçəsi 2 saylı evin 9 saylı mənzili daimi olaraq İddiaçı istifadəsinə verilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12.04.2001-ci il tarixli 277 saylı sərəncamından görünür ki, ilə Gəncə şəhəri, F.Əliyev küçəsi 2 saylı evin 9 saylı mənzili daimi olaraq İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Kəpəz Rayon Məhkəməsinin 26.12.2000-ci il tarixli, 2-493 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, F.Əliyev küçəsi 2 saylı evin yaşayış sahəsi 28,9 kv.m olan, iki otaqlı 9-cu mənzilinin şəxsi hesab vərəqəsinin İddiaçı adına keçirilməsi və altı nəfərdən ibarət ailə üzvü ilə birlikdə həmin mənzilə daimi qeydiyyata alınması qət edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı Mənzil-İstismar sahəsinin 21.02.2014-cü il tarixli 390 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, F.Əliyev küçəsi, 2 nömrəli binanın 9 nömrəli mənzili dövlət fonduna məxsusdur, həmin evdə onunla yanaşı X1, X2, X4, X5 və X3 yaşamaq hüququ vardır. -surəti işə əlavə edilmiş DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 10.08.2021-ci il tarixli, **********03 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin icrasının təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. İş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri, F.Əliyev küçəsi, 2 nömrəli binanın 9 nömrəli mənzili Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12.04.2001-ci il tarixli 277 saylı sərəncamı ilə daimi olaraq iddiaçının istifadəsinə verilmişdir. İddiaçı qeyd olunan sərəncama istinad edərək həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12.04.2001-ci il tarixli 277 saylı sərəncamı ilə Gəncə şəhəri, F.Əliyev küçəsi, 2 nömrəli binanın 9 nömrəli mənzili iddiaçının mülkiyyətinə deyil, yalnız daimi istifadəsinə verilmişdir. Belə olan halda qeyd olunan sərəncam həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar