Məhkəmə qərarları › İş №2-1(114)-1867/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1867/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1867/2023 07.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bərdə bələdiyyəsi) torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqaviləsi əsasında Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, istifadəsinə və sahibliyinə verilmiş 25 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışına əsasən iddiaçıya bələdiyyənin torpaq fondundan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinin şimalında, Hərbi polislə üzbəüz yolun kənarında, cənubdan Azərsel, qərbdən yol olmaqla şəxsi vəsaiti ilə tikdirdiyi gözəllik salonunun yerləşdiyi 5,5x4,5m, cəmi 25 kv.m ölçüdə torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Bərdə bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışı və Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqaviləsi əsasında Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 25 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı tərəfindən təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Bərdə rayon Bərdə bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 nömrəli qərarı ilə, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən ərazidən iddiaçıya ayrılmış 25.0 kv.m torpaq sahəsinin ayrılması barədə qərar, icarə müqaviləsi (yarımçıq), Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin rəyi, eskizi təqdim olunmuş, lakin torpaq sahəsinin sahəseçmə aktı, təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Qeyd olunan çatışmazlıqlara görə torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Bərdə bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli 27 nömrəli məktubla bildirilmişdir ki, Bərdə bələdiyyəsi tərəfindən icarəyə verilmiş torpaq sahəsinin İddiaçı adına qeydə alınmasına bələdiyyənin heç bir etirazı yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Bərdə bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, bələdiyyənin torpaq fondundan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinin şimalında, Hərbi polislə üzbəüz yolun kənarında, cənubdan Azərsel, qərbdən yol olmaqla İddiaçı şəxsi vəsaiti ilə tikdirdiyi gözəllik salonunun yerləşdiyi 5,5x4,5m, cəmi 25 kv.m ölçüdə torpaq sahəsi 50 il müddətinə onun icarəsinə verilmişdir. -surəti işə əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində gözəllik salonunun yerləşdiyi 25 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi ilə bağlı Bərdə bələdiyyəsi ilə İddiaçı arasında 50 il müddətinə müqavilə bağlanılmışdır. -surəti işə əlavə edilmiş Bərdə bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxemindən görünür ki, İddiaçı verilmiş torpaq sahəsi Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinin şimalında, Hərbi polislə üzbəüz yolun kənarında, cənubdan Azərsel, qərbdən yol ilə əhaətələnmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-H-0014/8-2023 nömrəli məktubundan görünür ki, üzərində İddiaçı icarə hüququnun qeydiyyata alınması məqsədilə müraciət olunan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3146/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki olaraq Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarı ilə ona satılmış 25 kv.m torpaq sahəsindən Bərdə bələdiyyəsi tərəfindən hazırlanmış və təsdiqlənmiş sxemə uyğun cüzi fərqlə istifadə edir; İddiaçı faktiki olaraq 25 kv.m torpaq sahəsindən istifadə edir; İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri təyinatlı, tikinti altı torpaq sahəsidir və hər-hansı subyektin mülkiyyətinə verilməyib, və ya hər-hansı mülkiyyətə verilmiş hüquqmüəyyənedici sənədlə üst-üstə düşmür; Hazırlanmış rəy TEKUİS məlumat basasına əsasən hazırlanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bərdə bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı şəxsi vəsaiti ilə tikdirdiyi gözəllik salonunun yerləşdiyi 25 kv.m ölçüdə torpaq sahəsi 50 il müddətinə onun icarəsinə verilmiş, bununla bağlı tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007ci il tarixli müqavilə bağlanılmış və həmin torpaq sahəsinin sxemi Bərdə bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin sahəseçmə aktı, təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədinin təqdim olunmaması qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. -6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalıdır. Eyni zamanda, bələdiyyə torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, həmin orqan isə öz növbəsində yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü hazırlayır. Bundan sonra, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək 10 gün müddətində bələdiyyəyə göndərir. Beləlikə müəyyən olunur ki, hazırki iş üzrə imtinaya səbəb olan sənədlərin (torpaq sahəsinin sahəseçmə aktı, təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi) tərtib edilməsi bələdiyyə və müvafiq icra hakimiyyəti orqanının vəzifəsi olmuşdur. Bu baxımdan da məhkəmə qeyd edir ki, müvafiq orqanların qanunla onlara həvalə edilmiş vəzifələrini qanunauyğun yerinə yetirməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçı Bərdə bələdiyyəsi tərəfindən hazırlanmış və təsdiqlənmiş sxemə uyğun 25 kv.m torpaq sahəsindən faktiki olaraq istifadə edir və həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri təyinatlı, tikinti altı torpaq sahəsidir və hər-hansı subyektin mülkiyyətinə verilməyib, və ya hər-hansı mülkiyyətə verilmiş hüquqmüəyyənedici sənədlə üst-üstə düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən İddiaçı icarəsinə verilmiş Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 25 kv.m torpaq sahəsi üzərində onun icarə hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar