Məhkəmə qərarları › İş №2-1(114)-1869/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1869/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1869/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətdə olarkən hazırda "Tərtər işi" kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb olunmuş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 20 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında cərimə və 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, cəza müddətinin bitməsi ilə əlaqədar 2017-ci ilin dekabrında azadlığa buraxıldıqdan sonra xidmətdə olduğu N saylı hərbi hissədə xidmətə davam etməyə başlamışdır. Lakin 2018-ci ilin əvvəllərindən hərbi xidmətdən ehtiyyata buraxılması ilə bağlı məsələ qaldırılmış və nəticədə xx.xx.2018-ci il tarixdə faktiki məcbur edilərək hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iddiaçıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra 14 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğy edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 03 aprel 2018-ci ildən həmin dövrdə imzaladığı müqavilənin sonuna, yəni 2021-ci ilin oktyabrına qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Republikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 0216 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 11 aprel 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbin “Azərbaycan Republikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 0216 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və itirilmiş illərin əmək stajına hesablanması hissəsinə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə İddiaçı barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. -surəti işə əlavə edilmiş Müdafiə nazirinin 03 aprel 2018-ci il tarixli 0216 nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. -surəti işə əlavə edilmiş Müdafiə nazirinin 05 may 2023-cü il tarixli 0287 nömrəli əmrindən görünür ki, « Hərbi xidmətkeçmə haqqında » Əsasnamənin 70-ci maddəsinin 2ci abzasına və 158-ci maddəsinin 12-ci abzasına müvafiq olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 3 aprel 2018-ci il tarixli 0216 nömrəli şəxsi heyət üzrə əmri (N nömrəli hərbi hissənin motoatıcı taborunun motoaticı bölüyünün motoatıcı taqımının komandiri baş leytenant İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv olunmuş və baş leytenant İddiaçı N nömrəli hərbi hissənin motoatici taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsinə təyin edilərək 3 aprel 2018-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunmuş hesab edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Müdafiə nazirinin 03 aprel 2018-ci il tarixli 0216 nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab etmişdir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli, o əvvəlki işə bərpa edilməli, itirilmiş illəri əmək stajına hesablanmalı və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ödənilmədir. İş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən iddiaçının tələbinin bir qismi təmin edilmişdir, yəni Müdafiə nazirinin 05 may 2023-cü il tarixli 0287 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası müdafiə nazirinin 3 aprel 2018-ci il tarixli 0216 nömrəli şəxsi heyət üzrə əmri ləğv olunmuş və baş leytenant İddiaçı N nömrəli hərbi hissənin motoatici taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsinə təyin edilərək 3 aprel 2018-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunmuş hesab edilmişdir. İddiaçı hazırda məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. -26.1-ci maddəsinə əsasən, dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. -26.2-ci maddəsinə əsasən, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. -26.3-cü maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd edilməlidir ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və o, 03 aprel 2018-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğundan məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 03 aprel 2018-ci il tarixdən 05 may 2023-cü il tarixədək olan müddət üzrə İddiaçı ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar