Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-187/2025 07.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.2002-ci il tarixdə verilmiş SX ******* nömrəli hərbi biletdə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharibəsi” və “Kəlbəcər uğrunda gedən döyüş əməliyyatlarında mühəndis-istehkam bölüyünün yol texniki manqasının buldozerçisi vəzifəsində iştirak etməsi barədə qeyd vardır.
2. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1120 nömrəli arayışında göstərilmişdir ki, mülki işçi İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharibəsi” və Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında mühəndis-istehkam bölüyünün yol texniki manqasının buldozerçisi vəzifəsində iştirak etmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin maddi-texniki təminat bölüyünün tornaçısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 25 iyul 2022-ci il tarixdən işdən azad edilmişdir.
4. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə rəsmi qaydada cavab verilməmişdir.
5. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 342 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barədə nizami hissə üzrə sənədlərdə müvafiq qeydlər olmadığına görə onun 44 günlük Vətən Müharibəsi dönəmində hər hansı bir fəaliyyəti barədə (döyüş əməliyyatına cəlb edilmiş şəxsi heyət arasında olub-olmaması, hərbi hissəyə ezam olunub-olunmaması və hərbi hissənin mülki işçisi olub-olmaması barədə) məlumat əldə etmək mümkün olmamışdır.
6. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 700 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı adlı, soyadlı hərbi qulluqçunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissədə rəsmi məlumat yoxdur. Lakin, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissədə tornaçı vəzifəsində xidmət etmişdir.
7. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 760 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ Qarabağ istiqamətində gedən döyüş əməliyyatlarının döyüş təminatına cəlb edilmiş şəxsi heyətin tərkibində olması barədə hərbi hissədə rəsmi məlumat yoxdur.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-H-186-20/25 nömrəli məktunda bildirilmişdir ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2025-ci il tarixli iclasında baxılmış, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1737 nömrəli məktubunda onun "Vətən müharibəsi" dövründə döyüş əməliyyatlarına cəlb olunması, yerinə yetirdiyi tapşırıqlar haqqında 29 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixlərdə N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumatın olmadığı qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında göstərilmiş ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməsinə dair təsdiqedici sənədlər (əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olmadığına görə Əsasnamənin tələblərinə əsasən vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
9. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 3-25- 175/2-287 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barəsində 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək vətən müharibəsi və Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında maddi-texniki təminatına cəlb edilməsi və şəxsi heyətin tərkibində iştirak edib-etməməsi haqqında, N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumat yoxdur.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-1657/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün göndərilən Qərara komissiyanın 07 yanvar 2025-ci il tarixli iclasında baxılmış, N nömrəli hərbi hissənin N dekabr 2024-cü il tarixli 1737 nömrəli məktubunda onun "Vətən müharibəsi" dövründə döyüş əməliyyatlarına cəlb olunması, yerinə yetirdiyi tapşırıqlar haqqında 29 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixlərdə N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumatın olmadığı qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında göstərilmiş ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməsinə dair təsdiqedici sənədlər (əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olmadığına görə Əsasnamənin tələblərinə əsasən vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi və bu barədə məlumatların “Zəfər” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 avqust 1984-cü ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuşdur. 02 oktyabr 2002-ci ildə Daşkəsən rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. 03 aprel 2004-cü ildə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sonradan müraciət edərək könüllü hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Vətən müharibəsində Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında mühəndis-istehkam bölüyünün yol texniki manqasının buldozerçisi vəzifəsində iştirak etmişdir. Bu barədə həm N saylı hərbi hissə tərəfindən verilmiş N aprel 2022-ci il tarixli, 1120 nömrəli arayışda, həm də hərbi biletində qeyd edilib (arayışın və hərbi biletin surəti əlavə edilir). Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı göstərdiyim hərtərəfli dəstəyə görə N saylı hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur (fəxri fərmanın surəti əlavə edilir). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) yazılı müraciət etmişdir. Müraciətinə cavab verilmədiyi üçün problemin həllinə kömək göstərməsi üçün Azərbaycan Respublikası Prezidentinə rəsmi müraciət ünvanlamışdır. Müraciəti N saylı hərbi hissə rəhbərliyi tərəfindən cavablandırılıb. 04 avqust 2022 tarixli, 2965 nömrəli və 23 avqust 2022 tarixli, 3287 nömrəli cavab məktublarında bildirilib ki, sənədləri Müdafiə Nazirliyinin Aparatının nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komisiyasına göndərilib (cavab məktublarının surəti əlavə edilir). Lakin cavabdeh tərəfindən müraciətinə cavab verilmədiyi üçün yenidən 31 iyul 2023 tarixində cavabdehə yazılı müraciət etmişdir (ərizənin surəti əlavə edilir). Müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq müraciəti hələ də cavablandırılmayıb. Aşağıdakılara əsasən hesab edir ki, cavabdehin üzərinə onun müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıldır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya yazılı etirazı daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddia ərizəsini qəbul etmirlər, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2025-ci il tarixli 186- 20 /2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının … "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 10-cu və 11-ci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsinə görə iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İmtinaya əsas İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə döyüş əməliyyatrarına cəlb olunması, yerinə yetirilmiş tapşırıqlar haqqında N nömrəli hərbi hissənin xx.xx.2020-xx.xx.2020-ci il tarixli əmrlərində məlumatın olmaması olub. Yuxarıda qeyd olunmuş Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin əraziləərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir."
25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2002-ci il tarixdə verilmiş SX ******* nömrəli hərbi bilet; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1120 nömrəli arayışı; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli əmri; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 342 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 700 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 760 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-H-186-20/25 nömrəli məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 3-25- 175/2-287 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-1657/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
28. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun "Vətən müharibəsi" dövründə döyüş əməliyyatlarına cəlb olunması, yerinə yetirdiyi tapşırıqlar haqqında 29 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixlərdə N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumat olmadığından, cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
29. Cavabdehin imtinasının dəlillərinin araşdırılması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində maddi-tezniki təminat bölüyünün tornaçısı vəzifəsində xidmət etmişdir.
30. Eyni zamanda, məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 3-25-175/2-287 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barəsində 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək vətən müharibəsi və Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında maddi-texniki təminatına cəlb edilməsi və şəxsi heyətin tərkibində iştirak edib-etməməsi haqqında, N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumat yoxdur.
31. Göründüyü kimi, İddiaçı İİ Qarabağ müharibəsi dövründə vətən müharibəsi və Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında maddi-texniki təminatına cəlb edilməsi və şəxsi heyətin tərkibində iştirak edib-etməməsi haqqında heç bir məlumat yoxdur.
32. Beləliklə, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməməsidir ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
33. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.
36. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
37. Hazırki işdə isə iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək adıçəkilən Əsasnamədə nəzərdə tutulan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilmir.
38. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva