Məhkəmə qərarları › İş №2-1(114)-1872/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1872/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1872/2022 28.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin mart ayından dayandırılmış 2-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2009-cu ildən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən tibbi sənədlərinə uyğun olaraq ona 2-ci dərəcəli əlillik təyin edilmiş və indiyə kimi davamlı olaraq xəstəxanalarda müalicə olunmuşdur. 2021-ci ildə heç bir əsas və səbəb olmadan əlillik dərəcəsi şübhə altına alınmış və pensiya ödənişi dayandırılmışdır. 2021-ci ildə cavabdeh tərəfindən əlilliyə görə aldığı pensiya dayandırıldıqdan sonra 4 dəfə Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən Forma-088 tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında TSEK-yə göndərilmiş, lakin hər dəfə TSEK eyni məzmunlu imtina cavabı vermişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Göygöl Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Abbas Səhhət adına 1 nömrəli şəhər Xəstəxanasında və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ET Travmatologiya və Ortopediya İnstitutunda stasionar mülicələrdə olmuşdur. Əvvəlki imtina məktublarında göstərdikləri çatışmamazlıqları aradan qaldırmağına baxmayaraq 4-cü dəfə TSEK-in imtina məktubu xx.xx.2022-ci il tarixdə ona göndərilmişdir. İmtinada “dövlət səhiyyə müəsissəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: instrumental müayinələrlə xəstələyin ağırlaşması arasında uyğunsuzluq var” göstərilmiş, halbuki, Forma-088-lər səhhətinə uyğun olaraq tərtib edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının cavabından görünür ki, İddiaçı əlillik verilməsindən “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olmas diaqnozu ilə əlaqədar bərpa müalicəsi məsləhət görülür.” səbəbilə imtina edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının cavabından görünür ki, İddiaçı əlillik verilməsindən “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması xəstəyə əlavə müalicə olunması məsləhət görülür.” səbəbilə imtina edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının cavabından görünür ki, İddiaçı əlillik verilməsindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Ağırlaşmaları təsdiqləyən diaqnostik müayinə dəqiq və ətraflı qeyd edilsin” səbəbilə imtina edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının cavabından görünür ki, İddiaçı əlillik verilməsindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbilə imtina edilmişdir. -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının 0327003AAHV2 nömrəli göndərişin görünür ki, iddiaçının əsas diaqnozu “S72-Bud sümüyünün sınığı Sağ bud sümüyünün 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı” qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Sağ bud sümüyünün aşağı 1/3 nahiyəsindən qəlpəli qeyri düzgün bitişmiş sınığı. Sağ bud sümüyünün osteoparezi. A/ə dərin venalarının xr.tromboflebiti.QDÇ-İı dər” diaqnozu qoyulmuş və ümumi xəstəlik səbəbilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Abbas Səhhət adına 1 saylı xəstəxanada stasionar müalicə almışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abbas Səhhət adına 1 saylı xəstəxanada stasionar müalicə almışdır. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, T 372/2022 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “S72-bud sümüyünün sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli yerinidəyişmiş sınığı”; Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, yivli millər və İA ilə osteosintezi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2009); sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, postravmatik kobud döyənəyi” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiynə görə ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbilə üçüncü dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə əlilliyin müddəti bitmiş, daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsini xahiş etsə də, ona əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya sonuncu dəfə ”instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbindən imtina edilmişdir. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın müvafiq qərarı və imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar