Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1873/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı ölüm akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı Göygöl rayon Çaykənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə 10 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Qiyaz” adının “Knyaz” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. XX.09.1966-cı il tarixli НЗ ******* nömrəli hərbi biletdə X8 hərbi xidmət keçməsi barədə qeyd edilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-336F KOD 50800058 nömrəli şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə X12, onun ailə üzvləri X4, X5 və X9 0.17 ha torpaq sahəsi ayrılmışdır.
3. xx.xx.2014-cü il tarixli 10 nömrəli ölüm haqqında akt qeydinə və xx.xx.2014-cü il tarixli AZ-İ 676590 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X15 xx.xx.2014-cü il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 10 nömrə ilə qeyd edilmişdir.
4. X6 mərhum ərinin ölüm akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-729/2014 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, kifayət qədər əsaslar olmadığına görə onun müraciəti tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
5. Məhkəmənin sorğusuna Göygöl rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 78/2-20798/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X12 məxsus fərdi uçot kartoçkası Göygöl RPŞ-nin Q və ŞVQ-nun arxivində aşkar olunmadı. II. Məhkəmədə icraat
6. İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü ildə vəfat etmiş X8 ölüm haqqında şəhadətnaməsində “Qiyaz” kimi yazılmış adında düzəliş edilib olduğu kimi “Knyaz” yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci ildə keçmiş Ermənistan SSR-in Amasiya rayonunun Quzukənd kəndində anadan olmuşdur. 09 noyabr 1969-cu ildə həmin kənddə yaşayan xx.xx.1946-ci ildə anadan olmuş X13 ilə nikahlarınıı yaşadıqları Amasiya rayonunun Quzukənd kənd Sovetliyində qeyd etdirməklə evlənmişlər. Onunla olan nikahlarından 3 uşaqları anadan olmuşdur. Qəribova (Arslan) Sehran Qinyaz qızı - xx.xx.1971-ci ildə anadan olmuş, Amasiya rayonunun Quzukənd kənd Sovetliyindən verilmiş doğum haqqında şəhadətnamə erməni dilində olan blankda Azərbaycan dilində kiril əlifbası ilə yazılmışdır. Valideynlər qrafasında ata kimi X13, ana kimi İddiaçı yazılmışdır. X10 - xx.xx.1973-cü ildə anadan olmiş, Amasiya rayonunun Quzukənd kənd Sovetliyindən verilmiş doğum haqqında şəhadətnamə erməni dilində olan blankda Azərbaycan dilində kiril əlifbası ilə yazılmışdır. Valideynlər qrafasında ata kimi X13, ana kimi İddiaçı yazılmışdır. X14 -xx.xx.1977-ci ildə anadan olmiş, Amasiya rayonunun Quzukənd kənd Sovetliyindən verilmiş doğum haqqında şəhadətnamə erməni dilində olan blankda yazılmışdır. Valideynlər qrafasında ata kimi X16, İddiaçı yazılmışdır. 1988-ci ildən başlamış Ermənistanda yaşayan emənilərin azərbaycanlılara qarşı etdikləri zorakılıq halları üzündən 1988-ci ilin yanvar ayında digər həmkəndliləri kimi onlar da yaşadıqları kənddən qovulmuşlar. Tələm-tələsik digər ev əşyalarını və sairəni götürmədən evdən çıxmışlar. Göygöl rayonuna gəlib məskunlaşarkən məlum olmuşdur ki, X13 ilə olan nikah haqqında şəhadətnamə və ona məxsus doğum haqqında şəhadətnamə evdən çıxarkən orada qalmış, ya da ki, yolda itmişdir. X3 məxsus hərbi biletdə onun şəxsiyyəti rus dilində yazılmışdır. Adı Knyaz, doğum tarixi xx.xx.1946-cı il yazılmışdır. Göygöl rayonunun Çaykənd kəndində xx.xx.2005-ci il tarixdə onların ailə üzvülərinə - əri X12, ona, uşaqları X5 və oğlu X9 verilmiş 0,17 ha torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-336F, kod 50800058 №-li şəhadətnamədə ərinin adı və uşaqlarının ata adı Knyaz kimi yazılmışdır. İtirilmiş nikah haqqında şəhadətnamələrində ərinin adı Knyaz kimi və uşaqlarından Arslan (Qəribova) Sehran və Qəribova Əlvanın doğum şəhadətnamələrində ata adı Qinyaz, Qəribov Vüqarın doğum şəhadətnaməsində ata adı Knyaz kimi, eləcə də qızlarının övladlarının doğum haqqında şəhadətnamələrində valideyn qrafasında qızlarının ata adı olduğu kimi Knyaz adında qeyd edilmişdir. xx.xx.2014-cü ildə vəfat etmiş əri X7 ölüm haqqında şəhadətnaməsində isə onun adı "Qiyaz" kimi yazılmışdır. Bu barədə Cavabdehnə müraciət edib onun ölümü barədə akt qeydinə dair düzəliş edilməsinə haqqında müraciətdən imtina edilmışdır. Onların adlarına olan pay torpağında X8 adına olan torpaq sahəsi hissəsinə vərəsəlik şəhadətnaməsi almaq istəyirlər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayon Çaykənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə 10 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Qiyaz” adının “Knyaz” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdehin yerləşdiyi yer olan Göygöl şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-cüi il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
21. İddiaçı X6 şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - XX.09.1966-cı il tarixli НЗ ******* nömrəli hərbi bilet; - Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN-336F KOD 50800058 nömrəli şəhadətnamə; - xx.xx.2014-cü il tarixli 10 nömrəli ölüm haqqında akt qeydi; - xx.xx.2014-cü il tarixli AZ-İ 676590 nömrəli ölüm haqqında şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-729/2014 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Göygöl rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 78/2-20798/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı X6 mərhum ərinə məxsus xx.xx.2014-cü il tarixli 10 nömrəli ölüm haqqında akt qeydində adının texniki səhv olaraq Knyaz əvəzinə Qiyaz kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 3-16- 5/8-729/2014 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, kifayət qədər əsaslar olmadığına görə onun müraciəti tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
25. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
28. Məhkəmənin sorğusu əsasında Tovuz rayon qeydiyyat şöbəsindən əldə edilmiş xx.xx.2014-cü il tarixli 10 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 10 nömrə ilə qeyd edilmişdir.
29. Yəni, iddiaçının mərhum ərinin ölüm haqqında akt qeydində adı Qiyaz kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının mərhum ərinin adı Knyaz kimi (X16) qeyd edilmişdir.
30. Bu isə o deməkdir ki, həqiqətən də X8 ölüm akt qeydində səhvə yol verilmiş və onun adı barəsində məlumat düzgün qeyd edilməmişdir.
31. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçı X1 hüququ pozulmuşdur.
32. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Göygöl rayon Çaykənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə 10 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Qiyaz” adının “Knyaz” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
33. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Göygöl rayon Çaykənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə 10 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Qiyaz” adının “Knyaz” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva