Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1875/2023 08.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 08.11.1992-ci il təvəllüdlü X1 şəhəri, Mahir Əsədov küçəsi, ev 11 ünvanında qeydiyyatdadır. İddiaçı1 və İddiaçı2 X3 valideynləridir.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 X3 onlara məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdikləri müraciətinə həmin Şöbənin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. II. Məhkəmədə icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X3 onlara məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında onlara məxsusdur. Yenilikcə xəbər tutmuşlar ki, üçüncü şəxs X4 onlara məxsus evdə pasport qeydiyyatındadır. Lakin həmin şəxs özüün doğulduğu ünvan 3 ünvanında qediyatda olmalı idi. Həmin şəxsin onlara məxsus evdə qeydiyyatda olması onların mülkiyyət hüququnu məhdudlaşdırır. Onların bu barədə cavabdeh orqana etdikləri müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1875/2023 nömrəli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. Üçüncü şəxsin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin Elektron məhkəmə informasiya sistemi vasitəsilə sms-xəbərdarlıq göndərmək mümkün olmamışdır.
9. İddiaçılar məhkəmə hazırlıq iclası zamanı məhkəməyə ünvadıqları ərizələrində yaşlı şəxslər olduğundan və səhhətləri ilə bağlı üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və iclasın onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişlər.
10. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
12. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
15. Məhkəmə qeyd edir ki, iddia ərizəsi icraata qəbul edildikdən sonra Elektron məhkəmə informasiya sistemində iddiaçıların əmlak məlumatları sorğu edilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıların mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir.
16. Bu halın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə sorğu verilərək, ünvan 1 ünvanında yerləşən evin hüquq sahibi barədə məlumat verilməsi xahiş edilmişdir.
17. Həmin İdarənin məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın Dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır.
18. Göründüyü kimi, iddiaçıların X3 qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda onların mülkiyyətində olmadığından onlar hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyillər.
19. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
20. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva