Məhkəmə qərarları › İş №2-1(114)-1875/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1875/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1875/2025 24.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdrəsinə qarşı qeydiyyata alınma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli MH seriyalı ******* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-V- 3149/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Allahverdi oğlu xx.xx.1957-ci il tarixdə vəfat etmiş, ölüm haqqında xx.xx.1957-ci il tarixli 37 nömrəli akt qeydi tərtib olunmuşdur.

3. Gəncə şəhəri Nizami rayonu 52 nömrəli Evlər üçlüyünün xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı öz həyat yoldaşı Yaqub-zadə Şəfiqə Rəhman qızı ilə birlikdə ünvan 3 ünvanında yaşayır.

4. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən, xx.xx.1948-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.1978-ci il təvəlüldlü X7, xx.xx.1950-ci il təvəllüdlü X5, xx.xx.1934-cü il təvəllüdlü X9, xx.xx.2003-ü il təvəllüdlü X8, xx.xx.1992-ci il təvəllüdlü X13, xx.xx.1997-ci il təvəllüdlü X15 və xx.xx.1968-ci il təvəllüdlü X2 şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 17, mənzil 45 ünvanında qeydiyyatdadır.

5. İddiaçı onun Təbriz küçəsi, döngə 4, ev 54 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2024cü il tarixli imtina məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, vəfat etmiş İddiaçı Allahverdi oğlunun adına olan mülkiyyətə onu və ailə üzvlərini şəxsiyyət vəsiqəsi üzrə daimi qeydiyyata almaq səlahiyyətləri olmadığından aidiyyəti üzrə müraciət etməsi xahiş olunur.

6. Məhkəmənin sorğusuna 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 44 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1957-ci il tarixdə ölmüş İddiaçı Allahverdi oğlunun adına xx.xx.2025-ci il tarixədək 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik şəhadətnaməsi verilməmişdir.

7. Məhkəmənin sorğusuna 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 53 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Allahverdi oğlunun adına 2 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraiət edən olmamışdır.

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1988-ci il tarixdə 3-cü şəxs X3 ailəsində doğulmuşdur. Doğulan bir gündən hazırki dövrə AZ 2000 ünvan 1 ünvanda ailəsilə yaşayır. ünvan 6 arayış onun və ailəsinin həmin evdə yaşadıqlarını təsdiqləyir. Ev rəhmətlik babası rəhmətlik İddiaçı Allahverdi oğlunun adında olduğundan ailəsinin həmin evə pasport qeydiyyatına düşməsində süni əngəllər yaranmışdır. Bir neçə qonşuları tərəfindən 20 sentyabr 2024-cü il tarixdə imzalanmış aktda onun həmin evdə doğulmağı və hazırda ailəsilə birgə yaşamağı barədə imzalarla təsdiqlənmişdir. Azərbaycan Respublikası Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* saylı xx.xx.2007-ci il tarixli çıxarış İddiaçı Allahverdi oğlunun adına verilmişdir. Cavabdehə müraciətində bildirilmişdir: Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilməlidir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

12. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh Gəncə şəhər Başş Polis İdarəsinin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs gəlmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Üçüncü şəxs X4 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli MH seriyalı ******* qeydiyyat nömrəli çıxarış; - Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-V- 3149/2024 nömrəli arayışı; - Gəncə şəhəri Nizami rayonu 52 nömrəli Evlər üçlüyünün xx.xx.2024-cü il tarixli arayışı; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 44 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 53 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və rədd edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli MH seriyalı ******* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətində olmuş, lakin xx.xx.1957-ci il tarixdə vəfat etmişdir.

28. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadığını əsas gətirərək, ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması barədə müraciətlərinə cavabdeh tərəfindən imtina cavabı verilərək bildirilmişdir ki, vəfat etmiş İddiaçı Allahverdi oğlunun adına olan mülkiyyətə onu və ailə üzvlərini şəxsiyyət vəsiqəsi üzrə daimi qeydiyyata almaq səlahiyyətləri olmadığından aidiyyəti üzrə müraciət etməsi xahiş olunur.

29. İddiaçı isə cavabdeh orqanın imtinası ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə.

31. Hazırki işdə, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi ünvan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007ci il qeydiyyat tarixli MH seriyalı ******* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətində olmuş, lakin xx.xx.1957-ci il tarixdə vəfat etmişdir. Lakin onun vəfatından sonra vərəsəlik işi açılmamış, bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraiət edən olmamışdır.

32. Belə ki, məhkəmənin sorğusuna 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 44 nömrəli və 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 53 nömrəli cavab məktublarında bildirilmişdir ki, İddiaçı Allahverdi oğlunun adına 1 saylı və 2 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraiət edən olmamışdır.

33. Göründüyü kimi, iddiaçının pasport qeydiyyatına alınmaq istədiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi müəyyən edilmədiyindən və iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədlər cavabdeh orqana təqdim edilmədiyindən, Cavabdeh iddiaçının ünvan 2 ünvanına qeydiyyata alınmasından imtinası əsaslı və qanuni olmuşdur.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar