Məhkəmə qərarları › İş №2-1(114)-1876/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1876/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1876/2022 06.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tovuz Diaqnostika Mərkəzinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı torpağın zəbt olunması faktının müəyyən edilməsi, vurulmuş ziyanın və əldən çıxmış faydanın ödənilməsi, torpağın əvəzləşdirilməsi və ya icarəyə götürülməsi və yaxud özünə qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tovuz Diaqnostika Mərkəzinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə 02.06.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın zəbt olunması faktının müəyyən edilməsi, vurulmuş ziyanın və əldən çıxmış faydanın ödənilməsi, torpağın əvəzləşdirilməsi və ya icarəyə götürülməsi və yaxud özünə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi qeyri-müəyyən olduğundan hüquqi niyyəti məhkəmə üçün aydın deyildir. Yəni tələbin “torpağın zəbt olunması faktının müəyyən edilməsi” hissəsi inzibati məhkəmə icraatının predmeti deyil. Bundan başqa tələbin “vurulmuş ziyanın və əldən çıxmış faydanın ödənilməsi, torpağın əvəzləşdirilməsi” hissəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl hər tələb üzrə aidiyyəti cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. İddiaçıya izah olunur ki, mövcud qanunvericiliyin tələblərini nəzərə almaqla hüquqi mövqeyini dəqiqləşdirməli, bundan sonra müvafiq tələb üzrə aidiyyəti cavabdehə müraciət etməlidir. Müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tovuz Diaqnostika Mərkəzinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı torpağın zəbt olunması faktının müəyyən edilməsi, vurulmuş ziyanın və əldən çıxmış faydanın ödənilməsi, torpağın əvəzləşdirilməsi və ya icarəyə götürülməsi və yaxud özünə qaytarılması barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar