Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1879/2023 14.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
2. Щ № 032589 nömrəli diploma əsasən İddiaçı xx.xx.1971-xx.xx.1975-ci illərdə Qazax kənd təsərrüfatı texnikumunda təhsil almışdır.
3. НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
4. xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Kalinin adına sovxozda, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax rayon Təsərüfatlararası kökəltmə zavodunda, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağstafa Kollektiv heyvandarlıq müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 7 nömrəli Tikinti quraşdırma idarəsində işləmişdir.
5. Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Qazax rayon Təsərrüfatlararası heyvandarlıq Qaramal kökəltmə müəssisəsinə xx.xx.1987-ci il tarixli 2$23 saylı əmrlə yem zavoduna operator təyin edilmişdir. Ağstafa koollektiv heyvandarlıq müəssisəsinin 1997-ci ilə dair əmr kitabı rayon dövlət arxivində mühafizə olunmadığı üçün vətəndaşın işdən çıxma əmri aşkarlanmamışdır. Qazax rayon Təsərrüfatlararası heyvandarlıq Qaramal kökəltmə müəssisəsinin əmək haqları kitabı rayon dövlət arxivinə təhvil verilməmişdir. Qeyd: Qazax rayon Təsərrüfatlararası heyvandarlıq Qaramal kökəltmə müəssisəsinin 1990-cı ildən adı Ağstafa kollektiv heyvandarlıq müəssisəsi olmuşdur.
6. "xxxx" ASC-nin verdiyi xx.xx.2021-ci il tarixli 18 saylı arayışa əsasən İddiaçı xx.xx.1997-ci il tarixli 43 K/Ş əmrlə 7 nömrəli TQİ işə qəbul edilmiş və xx.xx.2003-cü il tarixdə 07 K/Ş əmrlə işdən azad edilmişdir. O, həmin illərdə 1997-ci ildə 1 ay, 1998-ci ildə 9 ay, 1999-cu ildə 7 ay, 2000-ci ildə 6 ay əmək haqqı almış, 2001-2003-cü illərdə əmək haqqı almamışdır. Qeyd: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamı ilə “Azərsutikinti” ATSC-nin yaradılması ilə əlaqədar Qazax Tikinti Trestinin 7 saylı TQİ-si "xxxx" Törəmə müəssisəsi adlandırılmışdır. "xxxx" Törəmə müəssisəsi ƏMDnin xx.xx.2011-ci il tarixli 405 nömrəli sərəncamı ilə "xxxx" ASC-yə çevrilmişdir.
7. ƏƏSMN tabeliyində DSMF 20 saylı regional ərazi filiailının pensiya təmainatı şöbəsinin mütəxəssisləri və Ağstafa rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta və Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 77 nömrəli arxiv arayışına əsasən İddiaçı Qazax rayon Təsərrüfatlararası heyvandarlıq Qaramal kökəltmə müəssisəsində və Ağstafa kollektiv heyvandarlıq müəssisəsində 1988ci ildə 4 ay, 1994-cü ildə 9 ay, 1995-ci ildə 2 ay əmək haqqı almış, 1987, 1989-1993, 1996- 1997-ci illərdə isə ümumiyyətlə əmək haqqı almamışdır. Ağstafa kollektiv heyvandarlıq müəssisəsinin 1997-ci ilə dair əmr kitabı arxivdə mühafizə olunmur.
8. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışında Ağstafa rayon 7 nömrəli Tikinti-Quraşdırma İdarəsinin əmr və əmək haqqı kitabları mühafizə olunması üçün arxivə təhvil verilmədiyi bildirilmişdir.
9. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyət dövrü, o cümlədən xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək 3 il 6 ay əyani təhsil dövrü, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 20 il 10 ay 15 gün təşkil etməklə qanunvericilikdə tələb olunan müddətdən azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək sığorta stajına uyğun pensiya kapitalı 15242,13 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Ona görə də yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
10. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda isə göstərilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu illər) 22 il 4 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş “7 nömrəli tikinti quraşdırma idarəsindəki əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək ona 1 il 10 ay əmək haqqı hesablanmışdır. Həmçinin Ağstafa rayon Dövlət Arxivinin arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək ona 12 ay əmək haqqı ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən əmək haqqı ödənilməyən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək kitabçasında xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Qazax rayon Təsərrüfatlararası heyvandarlıq Qaramal kökəltmə müəssisəsində operator işlədiyi illərin ona əmək stajı kimi hesablanması və daxil edilməsi, həmçinin ödənilməmiş əmək pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə Qazax rayonunun Kolxəlfəli kəndində anadan olmuşdur. İş fəaliyyətinə xx.xx.1975-ci il tarixdən başlamışdır və 2003-cü il tarixə kimi əmək fəaliyyəti vardır. Hazırda ona sosial pensiya təyin edilmişdir. O isə bununla razılaşmamışdır və müraciətləri olmuşdur ki, onun əmək stajı kifayət qədər olduğu üçün nə üçün stajla pensiyaya çıxa bilmir. Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona 24 yanvar 2022-ci il tarixdə və axırıncı dəfə 09 iyun 2022-ci il tarixdə rəsmi cavab məktubları daxil olmuşdur. Belə ki, cavabdeh tərəfindən bir məktubda 20 il 10 ay 15 gün digərində isə 22 il 4 ay iş stajının olması qeyd edilməklə onun iş stajı az olması və bundan başqa 1987-ci ildən 1997-ci ilə kimi iş stajı olan illərin əmək haqqı barədə məlumat olmadığından həmin illərin ona iş stajı kimi hesablanmasının mümkün olmadığı bildirilir. Göründüyü kimi, onun işlədiyi illər üzrə iş stajının 25 ildən çox olmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən bu nəzərə alınmamış və əmək haqqı barədə cədvəlin olmaması bildirilmişdir. O, işlədiyi bütün təşkilatlarda rəsmi qaydada işə götürülmüşdür və rəsmi əmək haqqı almışdır. İşlədiyi illərin əmək haqları isə rəsmi uçota qeydə alınmaması onun günahı və ya səhvi ucbatından olmamışdır, o müvafiq dövlət miiəsisəsinin səhvi ucbatından olmuşdur. Bu barədə Ağstata rayon Arxiv idarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli arxiv arayışı təqdim edilmişdir. Həmin arayışda qeyd, olunur ki, onun işə təyin olunmağı qeyd edilmiş amma işdən çıxma əmrinin aşkarlanmadığı bildirilmişdir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
22. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax rayon Təsərrüfatlararası kökəltmə zavodunda, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixdək Ağstafa Kollektiv heyvandarlıq müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 7 nömrəli Tikinti quraşdırma idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddiaya qarşı yazılı etirazı təqdim etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən onun 17 il 11 ay 4 gün sığorta stajı mövcuddur. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək 3 il 6 ay təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək 2 il 1 ay 8 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əmək fəaliyyəti dövrü, Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 77 №-li arayışına əsasən 1987-1997-ci illər üzrə 1 il 3 ay, xx.xx.2021-ci il tarixli 18 nömrəli arayışına əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək 1 il 11 ay əmək haqqı aldığı dövr olmaqla onun ümumi 17 il 11 ay 4 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı Fondun 20 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının 7 nömrəli tikinti quraşdırma idarəsində işlədiyini iddia etdiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlər ərzində iddiaçıya cəmi 1 il 10 ay əmək haqqı hesablanmışdır. Həmçinin Ağstafa rayon Dövlət Arxivinin arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixdan xx.xx.1997-ci il tarixədək ona cəmi 12 ay əmək haqqı ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən lakin əmək haqqı ödənilməyən müvafiq dövrlər əmək stajı kimin təsdiqlənmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmir. Cavabdeh organ tərəfindən həmin sənədlərin üzləşdirilməsi zamanı iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə əmək haqqı hesablanmaması həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasını istisna edir. Belə ki, iddiaçının sığorta stajı hesablanarkən onun əmək haqqı almadığı dövrlər nəzərə alınmamışdır. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.
27. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus Щ № 032589 nömrəli diplom; - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışı; - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 18 saylı arayışı; - ƏƏSMN tabeliyində DSMF 20 saylı regional ərazi filiailının pensiya təmainatı şöbəsinin mütəxəssisləri və Ağstafa rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt; - Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 77 nömrəli arxiv arayışı; - Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışı; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubları.
Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
31. Cavabdehin iş materiallarında 2 imtina məktubu vardır – xx.xx.2022-ci il tarixli **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********7 nömrəli. xx.xx.2022-ci il tarixli məktubda iddiaçıya sığorta stajının 20 il 10 ay 15 gün, xx.xx.2022-ci il tarixli imtina məktubunda 22 il 4 ay təşkil etdiyi qeyd edilmişdir. İddiaya yazılı etirazda isə iddiaçının təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən onun 17 il 11 ay 4 gün sığorta stajı mövcud olduğu göstərilmişdir.
32. Cavabdeh orqan əmək haqqı almadığı dövrlərin iddiaçının sosial sığorta stajına hesablanmadığını bildirmişdir.
33. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
34. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
36. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
37. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
38. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
40. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
41. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
42. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
43. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 3 ay 19 gün) və xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (6 il 2 ay 30 gün) Kalinin adına sovxozda, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (8 il 2 ay 1 gün) Qazax rayon Təsərüfatlararası kökəltmə zavodunda, xx.xx.1995ci il tarixdən xx.xx.1997-ci il tarixədək (3 il 7 ay 27 gün) Ağstafa Kollektiv heyvandarlıq müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (5 il 5 ay 12 gün) 7 nömrəli Tikinti quraşdırma idarəsində işləmişdir.
44. Həmin müddət 25 il 9 ay 29 gün təşkil edir. Bundan əlavə, xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək (3 il 6 ay 2 gün) təhsil müddəti, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 1 ay 10 gün) hərbi xidmət müddəti də vardır ki, onlar da nəzərə alınan zaman iddiaçının sığorta stajının 30 ildən çox olması müəyyən edilir.
45. Məhkəmə iddiaçının Qazax rayon Təsərrüfatlararası kökəltmə zavodunda, Ağstafa Kollektiv heyvandarlıq müəssisəsində və 7 nömrəli Tikinti quraşdırma idarəsində əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
46. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
47. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1997 - xx.xx.1999-cu illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.
50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
51. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
52. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.
53. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
55. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax rayon Təsərrüfatlararası kökəltmə zavodunda, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixdək Ağstafa Kollektiv heyvandarlıq müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 7 nömrəli Tikinti quraşdırma idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva