Məhkəmə qərarları › İş №2-1(114)-1879/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1879/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1879/2024 09.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvan 1ndə yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın qeydiyyata alınması barədə müraciətinə xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0120/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, sənədlərdə göstərilən qeyri-yaşayış binasının söküldüyü və binanın yerləşdiyi torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılan araşdırma zamanı iddia olunan faktiki torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən çoxmərtəbəli yaşayış binasının yerləşdiyi və çoxmərtəbəli yaşayış binasına məxsus çıxarışın bir hissəsi ilə üst-üstə düşdüyü aşkar edilmiş, bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.

2. İddiaçı ünvan 1ndə yerləşən 42.9 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun anası X2 məxsus olması barədə arayışın verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi üzrə mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum anası X1 və müvafiq olaraq onun xüsusi mülkiyyətinə keçmişdir. Obyekt və torpaq sahəsinə dair texniki pasport tərtib olunaraq onlara təqdim edilmişdir. Obyekt uzun müddət fəaliyyət göstərərək vergi və digər sosial ödənişləri etmişdir. Lakin 2011-2018-ci il dövrdəki Gəncə Şəhər İcra Hakimiyyətinə rəhbərlik etmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində obyekt sökülərək əmlakı məhv edilmiş torpaq sahəsi isə istifadəsiz vəziyyətdə qalmışdır. Vərəsəlik və mülkiyyət hüquqlarına əsasən inzibati qanunvericiliyə uyğun olaraq yuxarıda qeyd olunan hüquq müəyyənedici və onlara əlavə edilmiş sənədlərlə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi xahişi ilə DƏDKR PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətinə mücərrəd şəkildə absurd cavab verərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsini naturada müəyyən edilməsinin mümkün olmaması, həmçinin həmin sahənin bir hissəsində çoxmənzilli binaya verilmiş qanunsuz çıxarış ilə üst-üstə düşdüyü səbəbindən qeydiyyatdan imtina etmişdir. Cavabdeh bu hərəkəti ilə qanunvericiliyin tələblərini pozmuşdur. Bu isə oz növbəsində onun mülkiyyət və inzibati qaydada müdafiə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnmişdir. Bu əsasla yuxarıda sadalanan qanunvericilik normalarına uyğun olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2- 1(114)-3816/2023 nömrəli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Eyni zamanda məhkəmə qərardadında zəruri hərəkətlərin edilməsini izah edərək məhkəməyə təkrar müraciət etməyini tövsiyə etmişdir. Tövsiyəyə uyğun olaraq ünvan 1ndə yerləşən 42.9 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayış verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0120/2024 nömrəli cavab məktubu ilə əvvəlki kimi mücərrəd şəkildə imtina verilmişdir. Hazırda həmin tələblə məhkəməyə müraciət edir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı hazırkı tələbində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi üzrə mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsini tələb edir.

9. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən məlum olur ki, iddiaçı hazırkı tələblə eyni məzmunlu ərizə ilə xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir və onun müraciətinə baxılmanın nəticəsi barədə hər hansı sənəd mövcud deyildir.

11. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.

12. Hazırkı işdə isə iddiaçı cavabdehə müraciət etdikdən sonra 35 gün müddətini gözləmədən xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

14. Məhkəmə eyni zamanda qeyd edir ki, iddianın mümkün sayılması üçün yuxarıda qeyd olunan mümkünlük şərti ödənilmədiyindən iddiaçının dinlənilməsindən, eyni zamanda idda ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmasından imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi, həmin xətalar aradan qaldırılacağı halda belə iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.

15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə:

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar