Məhkəmə qərarları › İş №2-1(114)-188/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-188/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-188/2021 04.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X5 və X10) qarşı nikah və doğum haqqında şəhadətnamələrdə ata adına düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1999-cu il tarixli Vİ-ЖГ 485206 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədə və övladları xx.xx.1997-ci il təvəllüdlü X2, xx.xx.1998-ci il təvəllüdlü X6 və xx.xx.2003-cü il təvəllüdlü X4 doğum haqqında şəhadətnamələrinin ata qrafasında “Saləddin” kimi qeyd edilmiş ata adına düzəliş edilərək “Saməddin” kimi qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuş və onun doğum haqqında şəhadətnaməsində ata adı “Saməddin” kimi qeyd edilmişdir. Bundan sonra iddiaçı şəxsiyyət vəsiqəsi və digər sənədlər əldə etmiş və ona aid bütün sənədlərdə ata adı “Saməddin” kimi qeyd edilmişdir. xx.xx.1999-cu il tarixdə iddiaçı ailə qurmuş və nikah haqqında şəhadətnamə alarkən ata adı “Saləddin” kimi göstərilmişdir. Həmin nikahdan xx.xx.1997-ci il təvəllüdlü Abbasəli, xx.xx.1998-ci il təvəllüdlü Fərid və xx.xx.2003-cü il təvəllüdlü Nərmin adlı üç övladı doğulmuşdur. Uşaqlara doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında iddiaçının ata adı “Saləddin” kimi qeyd edilmiş, həmçinin qızı Nərminəyə şəxsiyyət vəsiqəsi alarkən iddiaçının doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində ata adı Saməddin” kimi göstərildiyindən Nərminəyə şəxsiyyət vəsiqəsi verilməmişdir. İddiaçı ata adının “Saməddin” kimi qeyd edilməsi məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.1950-ci il tarixli, 152 nömrəli doğum aktı qeydindən görünür ki, X3 xx.xx.1950ci il tarixdə anadan olmuşdur. -İ-ЖГ 473753 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçının ata adı “Saməddin” olaraq qeyd edilmişdir. -Vİ-ЖГ 485206 nömrəli xx.xx.1999-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçının ata adı “Saləddin” kimi qeyd edilmişdir. -Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının ata adı “Saməddin” olaraq qeyd edilmişdir. -İ-AZ 150509 nömrəli, xx.xx.2000-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 ata qrafasında İddiaçı Saləddin oğlu qeyd edilmişdir. -İ-AZ 150510 nömrəli, xx.xx.2000-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 ata qrafasında İddiaçı Saləddin oğlu qeyd edilmişdir. -AZ-İ 338092 nömrəli, xx.xx.2004-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 ata qrafasında İddiaçı Saləddin oğlu qeyd edilmişdir. -Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/15-66 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti üzrə sənədlər arasında olan uyğunsuzluqla bağlı ata adının düzəliş edilməsi üçün heç bir əsas olmadığına görə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus rəsmi sənədlərdə onun ata adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, ona məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində ata adı “Saməddin” kimi qeyd olunsa da, nikah haqqında şəhadətnamədə, eləcə də onun övladlarının doğum haqqında şəhadətnamələrində iddiaçının ata adı “Saləddin” kimi qeyd olunmuşdur. Qeyd olunan hal onun və ailə üzvlərinin müvafiq sənədlər əldə edilməsində çətinlik yaratdığından hazırki iddia ilə nikah haqqında şəhadətnamədə, eləcə də onun övladlarının doğum haqqında şəhadətnamələrində ata adının “Saməddin” kimi qeyd edilməsini iddia etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeyd edilməlidir ki, iş üzrə aidiyyəti orqanlara verilmiş müvafiq sorğulara əsasən müəyyən edilmişdir ki, iddiaçının atasına məxsus doğum akt qeydində onun adı “Saləddin” kimi qeyd olunmuşdur. Bir halda ki, iddiaçının ata adı “Saləddin” olmuşdur, bu halda iddiaçıya, eləcə də onun övladlarına məxsus müvafiq sənədlərdə iddiaçının ata adının “Saməddin” kimi qeyd edilməsi qanunmüvafiq hesab edilə bilməz. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı nikah və doğum haqqında şəhadətnamələrdə ata adına düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar