Məhkəmə qərarları › İş №2-1(114)-1881/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1881/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1881/2023 25.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı koordinat arayışının hazırlanması və mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı koordinat arayışının hazırlanması və mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 11 saylı qərarı əsasında “Ozal” kəndli fermer təsərrüfatının istifadəsində olan dinc torpaq sahəsindən həmin təsərrüfatda işləyən İddiaçı kollektiv bağçılığın inkişaf etdirilməsi üçün 0.12 ha torpaq sahəsi verilmişdir.

2. İddiaçı koordinat arayışının hazırlanması barədə cavabdeh orqana müraciət etmiş və İdarə tərəfindən xx.xx.2022-ci il tarixdə imtina cavabı verilərək bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə mülkiyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına, DƏKTİM bazasında isə dövlət mülkiyyətinə aid (taxta sexi) torpaq sahəsi ilə üst-üstə düşdüyündən koordinat arayışının hazırlanması mümkün olmamışdır.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən, faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinə dair koordinat arayışının hazırlanması və torpaq sahəsi üzrində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Xanlar rayon X3 Rəyasət Heyətinin 14 oktyabr 1995-ci il tarixli 11 saylı qərarına əsasən "Özal" kəndli fermer təsərrüfatının istifadəsində olan dinc torpaq sahəsindən təsərrüfatda işləyən fəhlə və qulluqçulara kollektiv bağçılığın inkişaf etdirilməsi üçün hər birinə, o cümlədən ona da 0.12 ha olmaqla torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi 1995-ci il tarixdən onun sahibiyində və istifadəsindədir. Torpaq sahəsinə dair koordinat arayışı verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına, DƏKTİM bazasında isə dövlət mülkiyyətinə aid (taxta sexi) torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilməklə koordinat arayışının verilməsindən imtina edilmişdir. Halbuki, sözügedən torpaq sahəsi 1995-ci ildən onun sahibliyində və istifadəsindədir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

7. Həmin məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi (əri) X1 iddiaçının hazırkı iddianı qaldırmaqda çatmaq istədiyi məqsədin Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 11 saylı qərarı ilə ona ayrılmış 0,12 ha torpaq sahəsi üzrə hüquqlarının qeydə alınması ilə bağlı olduğu, həmin tələbin İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) lazım olduğu, hazırkı iş materiallarında isə cavabdeh inzibati orqana məhz hüquqların qeydiyyatı ilə bağlı müraciətin və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənədin mövcud olmadığı bildirilmiş və nümayəndə məhkəmənin izahının ona aydın olduğunu bildirərək, mübahisəli torpaq sahəsi üzrə iddiaçının hüquqlarının qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmələri üçün və tələblərini dəqiqləşdirərək, yeni ərizə təqdim etmələri üçün hazırkı iclasının təxirə salınmasını xahiş etmişdir.

8. Məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və bu barədə tərəflərə məlumat verilməsinə baxmayraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

11. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Xanlar rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 11 saylı qərarı əsasında “Ozal” kəndli fermer təsərrüfatının istifadəsində olan dinc torpaq sahəsindən ona kollektiv bağçılığın inkişaf etdirilməsi üçün ayrılmış, hazırda Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində yerləşən, faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinə dair koordinat arayışının hazırlanması və torpaq sahəsi üzrində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçının nümayəndəsinə məhkəmə iclasında iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 6-cı bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün iclas təxirə salınmışdır.

13. Lakin növbəti iclas tarixinədək iddiaçı xətaları aradan qaldırmamış və məhkəmə iclasına gəlməmişdir.

14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

15. Belə ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə cavabdehin belə bir imtinası mövcud deyildir.

16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar