Məhkəmə qərarları › İş №2-1(114)-1882/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1882/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1882/2024 23.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Qaraməmmədli yaşayış massivi (yeni qaydalarla:Gəncə şəhəri, Malik Əliyev küçəsi,15 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixində İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 01 dekabr 2023-cü il tarixində İddiaçı bildiriş ünvanlayaraq ünvan 2s torpaq sahəsinin özəlləşdirilməsi, özəlləşdirmədən imtina olunduqda icarəyə götürülməsi tələb olunur. Bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müvafiq alqı-satqı və ya icarə müqaviləsinin bağlanılması üçün zəruri sənədlərin Xidmətə təqdim edilməsi zəruridir. Bu bildirişə göstərilən müddətdə münasibət bildirilmədikdə bu, bilərəkdən dövlət mülkiyyətində olan torpaq sahəsindən əsassız istifadə etməklə dövlət büdcəsinə zəruri daxilolmalardan yayınma kimi qəbul edilərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciətlər olunacaqdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi ünvanında yerləşən torpaq sahəsi ilə bağlı icarə haqqı məbəlğinin hansı əsasla 2000 manat müəyyən edilməsi və torpaq sahəsi ilə bağlı əvvəlki icarə haqqı məbləği dəyəri ilə icarə münasibətlərinin davam etdirməklə icarə müqaviləsinin bağlanmasına dair inzibati icraat qaydasında inzibati akt qəbul edilməsini, həmçinin icarə haqqının dəyərini əks etdirən qiymət cədvəlinin ona və yaxud səlahiyyətli nümayəndəsinə təqdim edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onunla ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hərəkətsizlik etməklə icarə müqaviləsi bağlanmasından imtinasını əsassız hesab edilərək torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun tərəfindən alqı-saqı edilərək alınmışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olmaqla ondan əvvəlki mülkiyyətçi X1 adma rəsmiləşdirilmişdir.Hazırda isə göstərdiyi qeyri-yaşayış obyektinin mülkiyyətçisi olmaqla torpaq sahəsi ilə bağlı onunla icarə müqaviləsinin bağlanması zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh onunla torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması üçün 2000 manat məbləğində icarə haqqı tələb olunur.Bu isə ondan əvvəl bağlanmış icarə haqqı məbləğində dəfələrlə üstün bir məbləğ təşkil edir. Cavabdehin şifahi məlumatından sonra onun tərəfindən torpaq sahəsinə dair kaifsent məbləğlərin ona təqdim edilməsi barədə müraciət edərək əvvəlki icarə haqqı məbləğində onunla icarə müqaviləsinin bağlanması barədə müraciət etsə də, cavabdeh hərəkətsizlik edərək hələdə ona heç bir məlumat verməmişdir. Cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1 dekabr 2023-cü il tarixli, 3-21-3/2-17857/2023 nömrəli məktubla iddiaçıya müraciət olunaraq, iddianın predmeti olan torpaq sahəsinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi iddiaçıya təklif edilmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi iddiaçının hərəkətsizliyi nəticəsində baş tutmamışdır. iddiaçının tələbi ünvan 4 ünvanında olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi ilə bağlıdır ki, hazırda cavabdeh inzibati orqan tərəfindən qeyd olunan torpaq sahəsinin icarəyə verilməsindən imtina olunmadığından və bununla bağlı iddiaçıya müvafiq məktubla müraciət olunduğundan prosessual qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq hazırkı tələbə məhkəmədə baxılması və həll edilməsi yolverilməzdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçı ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 32.2-1 –ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılmamış, İnzibati İcraat Haqqında Qanunun 2.0.6, 21.1, 21.2, 24.1,24.2 və 32.2-1-ci maddələrinin tələbi pozulmuş, inzibati mübahisə üzrə inzibati akt qəbul edilməmiş, Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının tələbi üzrə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnamə”nin 11-ci bəndinə əsasən inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnamə”nin 11-ci bəndinə əsasən zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar