Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1885/2021 13.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X1) qarşı Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30 noyabr 1988-ci il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi, 01 mart 1989-cu il tarixli təhkim aktının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdehlər) (üçüncü şəxslər X1) qarşı 25.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30 noyabr 1988-ci il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi, 01 mart 1989-cu il tarixli təhkim aktının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 13 sentyabr 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı və cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişlər. Cavabdeh Bərdə Rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdeh Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, iddiaçının qaldırdığı iddia inzibati aktın etibarsızlığının tanınması tələbi ilə bağlı müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM): - 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; - 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; - 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; - 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər; - 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır; Göründüyü kimi, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü təsbit edilmişdir:
1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1ci maddəsinin birinci yarımcümləsi);
2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi);
3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı;
3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı;
4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı;
5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Sözügedən iddianın sadalanan beş mümkünlük şərtlərinin təhlilindən irəli nəticəyə görə, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük şərti müəyyən etmişdir:
1. iddiaçının kifayət qədər marağının olması;
2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İşdən görünür ki, iddiaçı Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30 noyabr 1988-ci il tarixli, 17 nömrəli qərarını və həmin qərar əsasında verilmiş 01 mart 1989-cu il tarixli təhkim aktını mübahisələndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddianın qaldırılması üçün İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulan 30 günlük prosessual müddətin hüquqi nəticələrindən yan keçmək niyyətindən və bununla bağlı iddia tələbini sonradan formaca inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya uyğunlaşdırmaq istəyindən asılı olmayaraq, iddia mümkün sayılmamalıdır. İddianın qeyd olunan əsasla mümkün sayıldığı fərz olunsa, o halda iddia digər prosessual əsaslarla da mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliklə məhkəmədə inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı müddət müəyyən edilməmişdir. Lakin belə bir müddət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM) ilə nəzərdə tutulmuşdu. MPM-in, Azərbaycan Respublikasının 10.06.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı). Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat). Oxşar qaydalar Azərbaycan Respublikasının 28.12.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşürülən, Azərbaycan SSR-in 11.09.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-ində də nəzərdə tutulmuşdu (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər.) Adıçəkilən Məcəllənin “Məhkəməyə şikayət verilməsi üçün müddətlər” adlı 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Şikayət vermək üçün üzrlü səbəbə görə buraxılmış müddət məhkəmə tərəfindən bərpa edilə bilər. Göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə məhkəməyə müraciət etmə müddətləri nəzərdə tutulmuş, MPM-lər bu müddəti “şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən” və “şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən” 1 ay olaraq müəyyən etmişdir. Buna görə, mübahisə açan tərəf MPM-lərin verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Çünki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla da, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. İPM-in bu məsələlərlə əlaqədar keçid müddəaları nəzərdə tutmaması da diqqətə alınarsa, iddiaçının artıq ötürdüyü bu bir aylıq prosessual müddətlərin İPM-lə bərpa olunmadığı sabit olar. Başqa sözlə, 01.01.2011-ci il tarixə mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisə edilə bilməz. İPM-in əsas alındığı alman prosessual hüququna görə də uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Bu mənada, yalnız mübahisələndirmə və məcburetmə haqqında iddiaların qaldırılması üçün prosessual müddət müəyyən edən qanunvericinin İPM-in 36.3-cü maddəsində iddiaçıdan həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmasını tələb etməsi də bu kontekstdə dəyərləndirilməlidir. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23.07.2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi iddiaçı hazırda Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30.11.1988-ci il tarixli, 17 nömrəli qərarını mübahisələndirir və belə olan halda məhkəmə qanunvericiliyin tələblərini əsas götürüb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
Q ə r a r a a l d ı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X1) qarşı Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30 noyabr 1988-ci il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi, 01 mart 1989-cu il tarixli təhkim aktının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Emin Axundov