Məhkəmə qərarları › İş №2-1(114)-1885/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1885/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1885/2022 07.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı dəbbə pulunun ləğv edilməsi və ödənişin yeni qrafiklə ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh ASC tərəfindən hesablanan 244.36 (iki yüz qırx dörd manat, otuz altı qəpik) manat dəbbə pulunun ləğv edilməsi, əsas borcun və 25 (iyirmi beş) manatın, ümumilikdə 1276,69 (bir min iki yüz yetmiş altı manat altmış doqquz qəpik) manatın yenidən qrafik açılaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, hüquqi şəxs olan hazırki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə hüquqi şəxsə qarşı yönəlmişdir ki, hüquqi şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Həmçinin, dəbbə pulunun ləğv edilməsi və ödənişin yeni qrafiklə ödənilməsi tələbinə dair hissəsi ilə bağlı qeyd edilir ki, həmin tələb ümumi (publik) hüquq normaları ilə deyil, xüsusi normalarla tənzimlənən mübahisədir və bu mübahisəyə inzibati icraat qaydasında deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3. maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı dəbbə pulunun ləğv edilməsi və ödənişin yeni qrafiklə ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar