Məhkəmə qərarları › İş №2-1(114)-1886/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1886/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1886/2024 04.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Muxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Muxtar oğlu və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Muxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına iş illərinin əmək stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Muxtar oğlu xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ******* saylı əmək kitabçasında olan iş stajının əmək stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 iyun 1980-cı ildə Kəlbəcər rayonu süd və ət emalı zvodunda fəhlə işinə qəbul olunmuş, xx.xx.1982-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. Ona məxsus ******* saylı əmək kitabçasında onun müxtəlif illərdə işləməyi qeyd edilmişdir. İddiaçı əmək pensiyasına çıxmağı üçün müraciət etmişdir. Lakin ona xx.xx.1980-cı ildən xx.xx.1993-cü illər ərzində işlədiyi müddət əmək stajıma daxil edilməmişdir. Bildirilmişdir ki, onun əmək kitabçasında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə edilmişdir. Həmin illərdə Azərbaycan Respublikası latın əlifbasına keçdiyindən bir çox insanların onun kimi əmək kitabçasında belə qarışıq hərflərdən istifadə edilmişdir. O, işlədiyi müddət ərzində onun işləməyini təsdiq edən sənədlər Kəlbəcər rayonunda işğal zonasında qaldığından arxiv sənədləri əldə edə bilmir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir.

5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

6. İddiaçı Muxtar oğlu məhkəmə iclasında həqiqətən də Mingəçevir şəhərində yerləşən Kür mehmanxanasında müvəqqəti məskunlaşaraq orada yaşadığını və buna görə də işin aidiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.

7. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında işin ərazi aidiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə baxılmalı olmasını və bu səbəbdən həmin məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.

9. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması barədədir və bu halda hazırkı iddianın mümkün sayılması üçün İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydalarına riayət edilməlidir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

11. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.

12. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Kəlbəcər rayonu, Ağyataq kəndində qeydiyyatdadır. Lakin həmin kənd xx.xx.2020-ci il tarixədək işğal altında olduğundan iddiaçı məcburi köçkün kimi Mingəçevir şəhər, Kür mehmanxanasında müvəqqəti olaraq məskunlaşmışdır. İşin bu halı həm iddiaçının izahatı, həmin şəxsiyyət vəsiqəsini Mingəçevir ŞPŞ-dən alması, həm də Kəlbəcər RİHB Abdullauşağı kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli 06 saylı arayışı ilə müəyyən olunur.

13. İddiaçı faktiki olaraq Mingəçevir şəhərində yaşadığından onun işinə Şəki şəhərində yerləşən məhkəmədə baxılması şəxslərin məhkəməyə əlçatanlığının və işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi, habelə ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün daha əlverişlidir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

15. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

16. Cavabdehin faktiki yaşayış yeri olan Mingəçevir şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.

17. Odur ki, İddiaçı Muxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı inzibati işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aiddiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.

18. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Muxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin əmək stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar