Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1888/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı qarşı təhsil və iş müddətlərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, təhsil aldığı xx.xx.1979-xx.xx.1982-ci illəri, əmək kitabçasında qeyd olunan xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün fasiləsiz ümumi iş stajına və xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün isə imtiyazlı iş stajına qəbul edərək, ona pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1964-cü il tarixdə doğulmuş, xx.xx.1982-ci il tarixdən 1.06.2004-cü il tarixədək fasiləsiz işləmiş, bu haqda əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. O cümlədən, xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X4 ASC-də rəngkarlıq sexində yığıcı vəzifəsində işləmişdir ki, işlədiyi müəssisədə həmin vəzifə imtiyazlı iş stajına hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Bu barədə sözügedən müəssisə arayış tərtib edərək iddiaçıya təqdim etmişdir. İddiaçı 26 oktyabr 2022-ci il tarixdə cavabdehə imtiyazlı iş stajına görə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət edərək, tələb olunan imtiyazlı iş stajına görə arayış, o dövrdə aldığı əmək haqqı barədəki arayışları və digər sənədləri tam təqdim etmişdir. Cavabdeh xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan iş stajını o dövrdə əmək haqqı almadığını səbəb gətirərək və eyni zamanda işlədiyi müəssisənin tərtib etdiyi imtiyazlı iş stajı hesab edilən iş sahəsini güzəştli iş stajına hesab etməyərək ona imtiyazlı iş stajına görə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmiş, bu haqda ona 25 noyabr 2022-ci il tarixli **********3 saylı məktubla cavab vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "X4" ASC-nin 30 avqust 2022-ci il tarixli 14 nömrəli arayışında xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə iddiaçının yığıcı-seçici peşəsində işlədiyi qeyd olunmuşdur. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) Çini və saxsı məmulatlar istehsalı bəndində (15.3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi ümumi iş stajı 25 ildən az (15 il 8 ay 4 gün (xx.xx.1982xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il,xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2000xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12746,85 manat təşkil edir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı təhsil aldığı və işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və güzəştli iş stajına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. Deməli ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ediləcəyi tələb olunan yaş həddindədir. Belə ki, 1 iyul 2022 – 30 iyun 2023-cü il üzrə qadınlar üçün pensiya yaşı 63 yaş müəyyən edilmişdir, müvafiq qanunun 9.1-ci maddəsinə əsasən yaş həddi 5 il azaldıldığından və iddiaçı buna müvafiq olaraq 58 yaşına xx.xx.2022-ci ildə çatdığından deməli həmin vaxtdan da onun pensiya hüququ yaran bilər. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq diplomdan görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil almışdır və qeyd olunan müddət üzrə onun 2 il 10 ay 15 gün sığorta stajı müəyyən olunur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı tərəfindən 2 əmək kitabçası (xx.xx.2005-ci il tarixli ******* nömrəli və xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli) təqdim edilmişdir. Təqdim olunmuş xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1982-ci il tarixdən işə qəbul edilməsi və xx.xx.2000-ci il tarixdən işdən azad edilməsi qeyd edilmişdir. Bundan əlavə təqdim edilmiş xx.xx.2005-ci il tarixli ******* nömrəli əmək kitabçasında isə onun xx.xx.1998-ci il tarixdən işə qəbul edilməsi, xx.xx.2004-cü il tarixdən işdən azad edilməsi qeyd edilmişdir. Göründüyü kimi təqdim olunmuş əmək kitabçaları üzrə 1998-2000-ci illər üzrə müddətlər üst-üstə düşür və mövcud qanunvericiliyin tələblərinə əsasən (“Əmək pensiyaları haqqında” Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.) həmin müddətlərdən yalnız biri sosial sığorta stajına daxil edilə bilər. Bundan əlavə, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək iş stajı sosial sığorta stajı kimi nəzərə alınsa qeyd olunan müddətlər ümumilikdə 21 il 10 ay 5 gün təşkil edəcəkdir. Beləliklə, iddiaçının ümumi iş stajı ilə bağlı müəyyən olunur ki, onun qeyd etdiyi təhsil və iş müddətləri nəzərə alınsa qeyd olunan müddətlər ümumilikdə 24 il 8 ay 20 gün (2 il 10 ay 15 gün +21 il 10 ay 5 gün) təşkil edəcəkdir. Beləliklə müəyyən olunur ki, iddiaçının iş stajını təsdiq edən sənədlərə (əmək kitabçası və diplom) əsasən müəyyən olunur ki, onun ümumilikdə sosial sığorta stajı 25 ildən azdır. Həmçinin müəyyən olunur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı movcud deyildir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmır. Məhkəmə bundan əlavə qeyd edir ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan, onun güzəştli iş stajı olub-olmaması hissəsinin araşdırılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təhsil və iş müddətlərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1888/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1888/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver