Məhkəmə qərarları › İş №2-1(114)-189/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-189/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-189/2021 21.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, iddiaçı X1 Cavabdehnə (üçüncü şəxs X4 qarşı doğum haqqında şəhadətnamədə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə 06.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək ona məxsus vətəndaşlıq vəziyyəti akt qeydlərində “doğum ili” qrafasında dəyişiklik edilərək 26.10.1956-cı il tarixi qeyd olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 15.02.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində 30.06.1960-cı il tarixdə 2280 nömrə ilə qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək doğum tarixinin “26 oktyabr 1956-cı il” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. X4 03.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək “2-1(114)- 189/2021 nömrəli iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və həmin iş üzrə 15.02.2021-ci il tarixli qərarın ləğv edilərək icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. 10.06.2021-ci il tarixli qərardad ilə X2 ərizəsi təmin olunmuş, məhkəmənin 15.02.2021-ci il tarixli 2-1(114)-189/2021 nömrəli qərarı ləğv olunmuş və iş üzrə icraat təzələnərək məhkəmə iclası 21.06.2021-ci il tarixə təyin edilmiş, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı 21.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilməsi və sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəfindən məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin olunmamış, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin müraciətə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Məcəllənin 71.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. Məhkəmənin 15.02.2021-ci il tarixli qərarı 21.04.2021-ci il tarixdə cavabdeh orqan tərəfindən icra olunduğundan və hazırda həmin qərar ləğv edildiyi üçün qərarın icrasının nəticələri də ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 ərizəsi təmin olunsun. İddiaçı X1 Cavabdehnə (üçüncü şəxs X4 qarşı doğum haqqında şəhadətnamədə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilsin. Məhkəmənin 15.02.2021-ci il tarixli, 2-1(114)-189/2021 nömrəli qərarının icrasının nəticələri ləğv olunsun. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar