Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-189/2022 13.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 27.10.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 21.05.2021-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı 17.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 13.12.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, eyni tarixli digər qərardad ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 12.08.1968-ci il tarixdən 30.09.2008-ci il tarixədək Goranboy rayonunun Borsunlu kəndində tam orta məktəbdə müəllim işləmişdir. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 01.10.2008-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilməsinə baxmayaraq tələbat olması səbəbi ilə 01.10.2008-ci il tarixdən 14.06.2018-ci il tarixədək Goranboy rayonun ucqar dağ kəndi Rus Borisi kənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. Cavabdehin sözügedən qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1.1-ci bəndin görə , bu Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunaların qazanmış olduqları pensiya hüquqularının nəzərə alınması üçün ümumi iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Ona pensiya təyin olunarkən sözügedən Qanununun tələblərinə əməl edilərək təyin edilmişdir. Cavabdeh 10.12.2021-ci il tarixli, **********1 nömrəli etiraz göndərərək bildirmişdir ki, iddiaçıya 41 il il 2 ay 1 gün sosial sığorta stajı hesablanmışdır ki, 01.01.2006-ci il tarixədək onun 01.09.1964-cü il tarixdən 29.06.1968-ci il tarixdədək təhsil aldığı dövr, 12.08.1968-ci il tarixdən 15.08.1972-ci il tarixədək, 31.08.1972-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövrlər həmin sığorta stajına daxil edilmişdir. Eyni zamanda, vətəndaşın əmək pensiyası fərdi hesabının sığorta hissəsində pensiya kapitalı yenidən hesablanmışdır. İddiaçıya 01.09.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında“ Azəraycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq 1968-1969-cu illəri əhatə edən hərbi xidmət dövrü 12.08.1968-ci il tarixdən 15.08.1972-ci il tarixədək olan əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyündən hərbi xidmət dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı ona ilkin təyinat aparılan zaman sosial sığorta stajı hesablanarkən mexaniki səhvə yol verilərək 41 il 2 ay əvəzinə 43 il 4 ay olaraq hesablanmış, eyni zamanda 2017-ci ilin ilk 6 ayı üzrə pensiya kapitalı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən həm pensiya təyin olunmasından 6 il keçdiyi üçün pensiyanın yenidən hesablanması zamanı, həm də 14.06.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi zaman nəzərə alınmışdır. Bu səbəbdən təyin olunmuş əmək pensiyasının məbləğinin artıq hesablanaraq ödənildiyi aşkar edilmişdir. Beləliklə, inzibati orqan tərəfindən vətəndaşın təqdim etdiyi sənədlər əsasında mövcud stajına və pensiya kapitalına uyğun olaraq əmək pensiyası yenidən hesblanmış və artıq ödəmə aşkarlanaraq ödəmənin inzibati orqanın büdcəsinə qaytarılması barədə haqlı olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi. İş materiallarına AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, cavabdehin 21.05.2021-ci il tarixli **********9 nömrəli Qərarın ksero-surəti, iddiaçıya məxsus 01.09.1969-cu il tarixli əmək kitabçası, cavabdehin məhkəməyə ünvanladığı 10.12.2021-ci il tarixli etiraz, cavabdeh tərəfindən məhkəməyə göndərilən iddiaçının pensiya işinə dair sənədlərin təsdiqlənmiş ksero-surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01.09.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 19.04.2021-ci il tarixdə pensiyasının yenidən hesablanması tələbi barədə ərizə ilə inzibati orqana müraciət etmişdir. Cavabdehin 21.05.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, pensiya məbləği 536,33 mant məbləğdən 520,67 manat məbləğə dəyişdirilmişdir. Bundan sonra cavabdeh orqanın 21.05.2021-ci il tarixli, **********9 nömrəli qərarı ilə iddiaçıya 01.07.2011-ci il tarixdən 31.05.2021-ci il tarixədək artıq ödənilmiş 1413,35 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlər toplusundan müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış, hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə onun yaşadığı ünvanına məktub göndərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 21.05.2021-ci il tarixli, **********9 qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 21.05.2021-ci il tarixli, **********9 qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 21.05.2021-ci il tarixli, **********9 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-189/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-189/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver