Məhkəmə qərarları › İş №2-1(114)-1891/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1891/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1891/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialının (bundansonramətndəDövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialı) xx xxxxxxxx 2020-ciiltarixli, **********6 nömrəli məktubu ilə İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və ya ümumi olaraq 25 il sığorta stajı (1971-1973-cü illərdə və 1976-1996-cı illərdəs sabiq «Moskva» adına kolxozda kolxozçu işləməsi barədə adına əmək kitabçası açılmadığından) və ya fərdi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə qarşı onun 1971- 1996-cı illərdə Gədəbəy rayonunun keçmiş “Moskva” kolxozunda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 1971-1996-cı illərdə Gədəbəy rayonunun keçmiş “Moskva” kolxozunda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1971-1996-cı illərdə Gədəbəy rayonunun Ağamalı kəndindəki “Moskva” adına kolxozda kolxozçu işləmişdir. Həmin vaxt onun illər üzrə hər ay əmək günləri olmuş, əmək günlərinin müqabilində də hər ay əmək haqqı almışdır. O, iş stajı ilə bağlı sənədlərini toplayıb, yuxarıda qeyd etdiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh orqan 1971-1996-cı illərdə Gədəbəy rayonunun keçmiş “Moskva” adına kolxozda kolxozçu işlədiyi illəri sosial sığorta stajına daxil etməkdən imtina etmiş və bu barədə xx.xx.2020-ci il tarixli, **********6 nömrəli imtina məktubu vermişdir. Odur ki, onun 1971-1996-cı illərdə Gədəbəy rayonunun keçmiş “Moskva” kolxozunda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə onun 25 il əmək stajı olduğunu nəzərə alıb, yaşa görə ona pensiya təyin edilməsinə dair məhkəmə qərarına ehtiyacı vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması qaydalarının 3.1.1 bəndinə əsasən iş stajı əmək kitabçası ilə müəyyən edilir. Gədəbəy rayonunda yaşayan İddiaçı əmək kitabçası təqdim etmədiyi üçün vətəndaşa şöbədə yaşa görə əmək pensiyasının təyin edilməsi imkan xaricindədir. Bununla yanaşı iddiaçının xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmət müddəti sosial sığorta stajına daxil edilir, məhkəmə tərəfindən təsdiqləndiyi halda iddiaçının 1971-1996-cı illərdə Gədəbəy rayonunun keçmiş “Moskva” kolxozunda 24 il, hərbi xidmətlə birlikdə cəmi 25 ildən artıq sosial sığorta stajı yaranır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid AZE seriyalı 03363839 nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.1973-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli, 114 nömrəli və xx.xx.2020ci il tarixli, 145 nömrəli “yaşayış yeri barədə” arayışlar, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 287 nömrəli arxiv arayışı, iddiaçının pensiya işinin surəti, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli, **********6 nömrəli imtina məktubu və iş stajının açıqlanmasına dair xx.xx.2020-ci il tarixli arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi stajı əmək kitabçası ilə təsdiqlənməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 1971-1973-cü illərdə və 1976-1996-cı illərdə Gədəbəy rayonu sabiq “Moskva” kolxozunda kolxozçu işlədiyi dövr Gədəbəy rayon Dövlət Arxivinin xx xxxx 2019-cu il tarixli, 287 nömrəli arxiv arayışında öz təsdiqini tapmış və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1971-1973-cü illər və 1976-1996-cı illər üzrə minimum əmək günü norması 120 olmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə almır. xx xxxxxxxx 1992-ci ildə qəbul edilmiş və x xxxx 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Bu halda iddiaçının 1971-1973-cü illərvə 1976-1996-cı illərdə Gədəbəy rayonu sabiq “Moskva” kolxozunda kolxozçu işlədiyi illər üzrə cəmi 24 il əmək stajı müəyyən olunmuşdur. Məhkəmə iddiaçının Gədəbəy rayonu sabiq “Moskva” kolxozundakı əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X1) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Gədəbəy rayonu sabiq “Moskva” kolxozunda kolxozçu işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək olan 2 il hərbi xidmət müddəti də nəzərə alınmaqla sosial sığorta stajı cəmi 26 il təşkil edir və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı iddia ərizəsində ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyuldan - 2019-cu ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 il müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür (xx.xx.2018-ci ildə 64 yaşı tamam olmuşdur) və 1971-1973-cü və 1977-1996-cı illərdə Gədəbəy rayonu sabiq “Moskva” kolxozunda kolxozçu işlədiyi 24 il müddət və 2 il hərbi xidmət dövrü də daxil edilməklə, cəmi 25 il 06 ay sığorta stajı vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Milli X2 Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx xxxx 2019-cu il tarixli, 287 nömrəli arxiv arayışı ilə müəyyən edilən minimum əmək günü norması nəzərə alınmaqla İddiaçı 1971-1973 və 1976-1996-cı illərdə Gədəbəy rayonu sabiq “Moskva” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Milli X2 Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx xxxx 2019-cu il tarixli, 287 nömrəli arxiv arayışı ilə müəyyən edilən minimum əmək günü norması nəzərə alınmaqla İddiaçı 1971-1973 və 1976-1996-cı illərdə Gədəbəy rayonu sabiq “Moskva” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar