Məhkəmə qərarları › İş №2-1(114)-1892/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1892/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1892/2020 01.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gədəbəy rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gədəbəy rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu, 1971-1978-ci illərdə «İnqilab» adına kolxozda işlədiyi, xx.xx.1979-xx.xx.1983-cü illərdə «İnqilab» ətçilikkortofçuluq sovxozunda fəhlə, xx.xx.1984-xx.xx.1997-ci illərdə Gədəbəy rayon Əhaliyə Məişət Xidmət kombinatı üzrə 35 saylı əmrlə kombinatın səyyari dülgər ustası işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, 1971-1978-ci illərdə «İnqilab» adına kolxozda, xx.xx.1979-xx.xx.1983-cü illərdə «İnqilab» ətçilik-kortofçuluq sovxozunda fəhlə, xx.xx.1984-xx.xx.1997-ci illərdə Gədəbəy rayon Əhaliyə Məişət Xidmət kombinatı üzrə 35 saylı əmrlə kombinatın səyyari dülgər ustası işləmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 427 saylı sərəncamı ilə obyektlərin əsas hissələrinin özəlləşdirildiyi nəzərə alınaraq Gədəbəy rayon ƏMXİ İdarəsinin ləğvi ilə əlaqədar ixtisarlar olduğu üçün xx.xx.1997-ci il tarixli 16 nömrəli əmrlə işdən azad edilmişdir. Həmin illərdə işlədiyini təsdiq edən əmək kitabçasını səhlənkarlıqdan götürməmiş, lakin işləməsinə dair Gədəbəy rayon Dövlət Arxivinin əmrdən çıxarışları var. Onun qeyd etdiyi illərdə işləməsini təsdiq edən zəruri sənədləri olmasına baxmayaraq cavabdeh həmin illərin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək, ona pensiya təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının Gədəbəy rayon dövlət arxivinin xx.xx.2020-ci il tarixli 93 saylı arayışına əsasən 1971-1978-ci illərdə sabiq «inqilab» kolxozunda 6 il və 1979-1983-cü illərdə «inqilab» sovxozunda 5 il, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Gədəbəy rayon Əhaliyə Məişət Xidmətində işləməsi ilə bağlı arxiv arayışı təqdim etmiş, lakin xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Gədəbəy rayon Əhaliyə Məişət Xidmətində işlədiyi vaxt xx.xx.1997-ci il tarixdə çıxma əmrində uyğunsuzluq olduğundan, bir neçə il əvvələ ezamiyyə və məzuniyyət əmrinin aşkarlanmaması və Gədəbəy rayon Əhaliyə Məişət Xidmətinin əmək haqqı cədvəlləri Gədəbəy rayon dövlət arxivinə təhvil verilmədiyindən həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının xx.xx.1974-xx.xx.1976-ci illərdə hərbi xidmət müddəti sosial sığorta stajına daxil edilir. İddiaçının əmək pensiyaları haqqında qanunun tələbinə uyğun 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən (xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır) yaşa görə əmək pensiyası hüququ yaranmır. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gədəbəy rayon filialı Dövlət Sosial Müdafiə Fondu X1 Şəmkir Regional filialın qəbul şöbəsi olaraq dəyişdirildiyindən və hazırda möhür olmadığından dekabrın 1 və 2-si üçün nəzərdə tutulan məhkəmə proseslərinin növbəti tarixə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. İş materiallarında olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 93 (Fond nömrələri 43 və 44) nömrəli arayışlardan görünür ki, İddiaçı 1971-ci ildən 1978-ci ilə qədər «İnqilab» adına kolxozda, 1979-cu ildən 1983-cü ilə qədər «İnqilab» sovxozunda işləyərək əmək günü və əmək haqqı qazanmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.1984-cü il tarixli 35 nömrəli və xx.xx.1997-ci il tarixli 16 nömrəli əmrlərə əsasən iddiaçının Gədəbəy rayon Əhaliyə Məişət Xidmət kombinatında əmək fəaliyyəti ilə məşğul olması görünsə də, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Gədəbəy rayon Əhaliyə Məişət Xidmətində işlədiyi vaxt xx.xx.1997-ci il tarixdə çıxma əmrində uyğunsuzluq olduğundan, habelə Gədəbəy rayon Əhaliyə Məişət Xidmətinin əmək haqqı cədvəlləri Gədəbəy rayon dövlət arxivinə təhvil verilmədiyi üçün qarşılıqlı yoxlaması mümkün olmadığından həmin sübutların mötəbərliliyi şübhə altına düşmüşdür. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə (65 yaş) pensiya yaşına çatmışdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya təyin olunması üçün azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət illəri, 1971-ci ildən 1978-ci ilə qədər «İnqilab» adına kolxozda və 1979-cu ildən 1983-cü ilə qədər «İnqilab» sovxozunda işlədiyi, qarşılıqlı yoxlaması mümkün olan müddəti cəmi 13 il təşkil edir, bu isə 25 ildən azdır. Deməli, qarşılıqlı yoxlaması mümkün olan müddət iddiaçının sosial sığorta stajına daxil edilsə belə, onun pensiya hüququ yaranmış olmur. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gədəbəy rayon filialına qarşı 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu, 1971-1978-ci illərdə «İnqilab» adına kolxozda işlədiyi, xx.xx.1979-xx.xx.1983-cü illərdə «İnqilab» ətçilik-kortofçuluq sovxozunda fəhlə, xx.xx.1984-xx.xx.1997-ci illərdə Gədəbəy rayon Əhaliyə Məişət Xidmət kombinatı üzrə 35 saylı əmrlə kombinatın səyyari dülgər ustası işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar