Məhkəmə qərarları › İş №2-1(114)-1894/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1894/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1894/2020 21.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli, **********7113 nömrəli və xx.xx.2020ci il tarixli, **********8035 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********7113 nömrəli qərarı ilə 1000 manat, ikindi dəfə yol verdiyinə görə xx.xx.2020-ci il tarixli, **********8035 nömrəli qərarı ilə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Aşağıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, hər iki qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, “xxxxxxxxxxxxx” MMC xx.xx.2018-ci il tarixdə yaradılmış və kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyəti dövründə tələb olunan vergi və digər məcburi ödənişləri vaxtında ödəməklə yanaşı qanunvericiliyin tələbinə əməl etmiş və büdcəyə ödəməli olduğu vergiləri vaxtı-vaxtında ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı iddiaçının faktiki fəaliyyət göstərdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Əbdülkərimbəy Mehmandarov, 76 (köhnə adı M.C.Paşayev, ev 76, mənzil 0) ünvanında yerləşən Daşqın İnşaat bazarında yoxlama həyata keçirərkən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı qəbul etdiyi yuxarıdakı qərarları ilə qanunvericiliyin tələbini pozub qərəzli şəkildə iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə qısa vaxt ərzində ardıcıl 2 əsassız qərar qəbul etmişdir. Halbuki, həmin qərarların qəbul edilmə vaxtı vergi ödəyicisinin heç bir təqsiri olmayıb və hər iki qərar vergi orqanının qərəzli mövqeyinə görə qəbul edilmişdir. Reallıqda isə qərarların qəbul olunması üçün heç bir hüquqi əsas mövcud olmayıb. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, koronavirus pandemiyası ilə bağlı ölkədə və Gəncə şəhərində tətbiq edilmiş karantin rejimi ilə bağlı qərardan şikayət verə bilməmişlər. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********7113 nömrəli qərar cavabdehin xx.xx.2020-ci il tarixli, **********667800 nömrəli məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 15:17:02-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 18:39:02-də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, **********8035 nömrəli qərar isə cavabdehin xx.xx.2020-ci il tarixli, **********346500 nömrəli məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 17:56:17-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 22:58:56-da qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı X1 aid olan elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, xx.xx.2020-ci il tarixli, **********7113 nömrəli qərara münasibətdə həmin inzibati aktların-qərarların təqdim olunma tarixi xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli, **********8035 nömrəli qərara münasibətdə isə xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilməmişdir. Belə olan halda vergi orqanının qərarlarının mübahisələndirilməsi üçün son gün xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən qərarlar məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə xx xxxxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Odur ki, prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd olunması və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********7113 nömrəli qərar cavabdehin xx.xx.2020-ci il tarixli, **********667800 nömrəli məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 15:17:02-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 18:39:02-də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, **********8035 nömrəli qərar isə cavabdehin xx.xx.2020-ci il tarixli, **********346500 nömrəli məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 17:56:17-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 22:58:56-da qəbul edilmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli, **********7113 nömrəli qərara münasibətdə təqdim olunma tarixi xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli, **********8035 nömrəli qərara münasibətdə isə xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarları – inzibati aktları qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək təqribən 4 ay ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən qərarları-inzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. X5 Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar