Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1896/2021 14.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsi) qarşı mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsi) qarşı 30.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, iki otaqlı 30.0 kvm yaşayış sahəsindən ibarət “A” literli mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin balansındadır. Mənzil iki otaqlı 30.0 kvm yaşayış sahəsindən ibarətdir. 2003-cü ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, kommunal xərcləri vaxtında ödəyir. 04 may 1979-cu il tarixdən 13 may 1981-ci il tarixədək keçmiş SSRİ Silahlı qüvvələrində, 24 fevral 1992-ci il tarixdən 28 iyun 1998-ci il tarixədək isə Azərbaycan Silahlı qüvvələrində xidmət etmiş, N saylı hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranıdır. Sözü gedən mənzilə dair adına maliyyə şəxsi hesab vərəqəsinin açılması üçün Gəncə rayon Mənzil İstismar Hissəsinə müraciət etmiş, həmin orqan tərəfindən imtina edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.12.1999-cu il tarixli 0128 saylı əmrinə əsasən Gəncə Qarnizonunda yerləşən hərbi şəhərciklər qapalı şəhərcik statusu almış, ona görə də onların səlahiyyət xaricində olduğu bildirilmişdir. ünvan 2 ünvanda yerləşən mənzil Azərbaycan Respublikası Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2-1(83)-605/2015 nömrəli qərarına əsasən mənzilə dair adına şəxsi hesab vərəqəsi açılmış və pasport qeydiyyatına götürülərək istifadəsinə verilmişdir. Adı çəkilən mübahisəli mənzil uzun müddətdir istifadəsində olduğunu nəzərə alaraq mənzilin özəlləşdirilməsi üçün cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin mənzilin xüsusi təyinatlı mənzil olduğunu və qapalı hərbi şəhərcikdə yerləşdiyini əsas gətirərək bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 14 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı X3 məhkəmədə tələbini müdafiə etdiyini bildirərək, yaşadığı və hazırda iddia etdiyi mənzilinin hərbi şəhərcikdə yerləşdiyini qeyd etmişdir. Məhkəmə araşdırmasının predmetini 22 nömrəli şəxsi hesab vərəqəsinin surəti, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 17.04.2015-ci il tarixli, 2-1(83)-605/2015 nömrəli qərarının surəti, iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 26.08.2021-ci il tarixli, **********21 nömrəli və 10.09.2021-ci il tarixli, **********2 tarixli məktubları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddia tələbinə 21.09.2021-ci il tarixli, **********43 nömrəli etirazı, Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsi 22.09.2021-ci il tarixdə daxil olmuş 856 nömrəli cavab məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh orqanın 26.08.2021-ci il tarixli **********21 nömrəli imtina məktubunda göstərmişdir ki, qeyd edilən mənzilin hərbi şəhərciyin evlərinə aid olduğu müəyyən edildiyi üçün həmin mənzilin özəlləşdirilməsi qanunauyğun hesab edilməmişdir. 21.09.2021-ci il tarixli, **********43 nömrəli etiraz məktubunda qeyd olunan mənzilin Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciyin evlərinə aid olduğu üçün həin mənzilin özəlləşdirməsinin qanunamüvafiq hesab edilmədiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin 22.09.2021-ci il tarixli 856 nömrəli məktubundan görünür ki, iddiaçının yaşadığı mənzil xüsusi təyinatlı mənzil fonduna aiddir. İşdə olan 22 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, X1 şəhəri, 107 saylı hərbi şəhərcik, bina 111, mənzil 36 ünvanında qeydiyyatsız yaşayır. Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələbinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsi) qarşı ünvan 1 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1896/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1896/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver