Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1898/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı şəhidlik statusu barədə arayışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1972-ci il təvəllüdlü oğlu X3 şəhid statuslu olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 xx.xx.1991-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 1994-cü ilədək Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, xx.xx.1994-cü ildə Fizuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrundakı döyüşlərdə güllə yarası almış və qospitala düşmüş, uzun müddət müalicə olmasına baxmayaraq xx.xx.1998-ci ildə vəfat etmişdir. Oğlunun vəfatından sonra iddiaçının əri İsa Rəhimov oğluna şəhidlik satusu verilməsi üçün müxtəlif orqanlara müraciət etsə də, həmin vaxt ona bildirmişlər ki, oğlu aldığı güllə yarasından dərhal sonra ölmədiyi üçün, 4 il sonra həmin güllə yarasının fəsadları nəticəsində öldüyü üçün ona həmin statusu yalnız məhkəmə verə bilər. Ona görə də həmin vaxt Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə oğlunun şəhid hesab olunmasına dair xx.xx.1999-cu il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamə əsasında iddiaçının oğlu 10 il ərzində şəhid statusuna malik olmuş, 2009-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən apelyasiya şikayəti əsasında Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərardadı ilə Kəpəz Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş və işin icraatına xitam vermişdir. Mübahisəsizdir ki, iddiaçının oğlu cəbhə bölgəsində, atəşkəsdən əvvəl erməni işğalçılarına qarşı döyüşlərdə güllə yarası almış və uzun müddət müalicə olunmuş, sonradan həmin fəsaddan vəfat etmişdir. İddiaçı hesab edir ki, oğlu bütün hallarda şəhid hesab edilməlidir. Buna görə də iddiaçı oğlunun şəhid statuslu olmasına dair arayışın verilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, oğlu güllə yarasından aldığı xəsarətə görə 1994-cü ildə aldığı müalicədən sonra başqa müalicə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsindən görünür ki, 1972-ci ildə anadan olmuş X3 şəhid hesab edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərardadından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. -xx.xx.2020-ci il tarixli, AZ-İİ 100760 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə “şizofreniya, xroniki ürək-damar çatışmazlığı” səbəbindən ölmüşdür. -“5 nömrəli Şəhər Klinik Xəstəxanası” X7 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X5 xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək xəstəxananın cərrahiyyə şöbəsində müalicə almışdır. -Gəncə şəhər Psixatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 160 nömrəli məktubundan görünür ki, 1972-ci il təvəllüdlü X5 xx.xx.1997-ci il 202 saylı Gəncə PNDnin göndərişi əsasında X1 “reaktiv psixoz” diaqnozu ilə qəbul edilmiş, xx.xx.1998-ci il tarixədək xəstəxanada “fasiləsiz gedişli proqredient katatonik formalı şizofreniya” diaqnozu ilə müalicədə olmuş və həmin tarixdə evə buraxılmışdır. -Gəncə şəhər Psixatriya Xəstəxanasının xx.xx.1998-ci il tarixli, 133 nömrəli məktubundan görünür ki, 1972-ci il təvəllüdlü Qarabağ əlili X5 xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək X2 müalicədə olmuş, xx.xx.1998-ci il tarixdə evə yazılmış və xx.xx.1998-ci il tarixdə öz evində vəfat etmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 829 nömrəli məktubundan görünür ki, mərhum X4 şəhid statusunun verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X5 xx.xx.1994-cü ildə Fizuli rayonu uğrunda gedən döyüşlərdə güllə yarası almış, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək 5 nömrəli Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsində qarın boşluguna daxil olan güllə yarasından müalicə almışdır. Sonradan xx.xx.1997-ci il 202 saylı Gəncə PND-nin göndərişi əsasında X1 “reaktiv psixoz” diaqnozu ilə qəbul edilmiş, xx.xx.1998-ci il tarixədək xəstəxanada “fasiləsiz gedişli proqredient katatonik formalı şizofreniya” diaqnozu ilə müalicədə olmuş və həmin tarixdə evə buraxılmış, xx.xx.1998-ci il tarixdə isə “şizofreniya, xroniki ürəkdamar çatışmazlığı” səbəbindən ölmüşdür. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddia tələbinin hüquqi əsaslarını təşkil edən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın “Şəhid anlayışı” adlanan 1-ci bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Sadalanan normalar əsasında o nəticəyə gəlmək olar ki, qanunvericiliklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Hazırki işin faktik halları ilə müəyyən olunur ki, iddiaçının mərhum oğlu xx.xx.1994-cü ildə Fizuli rayonu uğrunda gedən döyüşlərdə sol bel nayihəsindən güllə yarası alsa və bu əsasla müalicə olunsa da, xx.xx.1998-ci il tarixdə “şizofreniya, xroniki ürək-damar çatışmazlığı” səbəbindən ölmüşdür. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının oğlunun döyüşdə aldığı xəsarətlə ölüm səbəbi arasında səbəbli-əlaqə olmadığına görə o, şəhid hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı şəhidlik statusu barədə arayışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1898/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1898/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver