Məhkəmə qərarları › İş №2-1(114)-1898/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1898/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1898/2021 21.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı uşaqların soyadlarının dəyişdirilərək «İsmixanlı» kimi qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bərdə regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyul 2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş «Türkel» adı verdikləri övladının Bərdə «ASAN Xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında «İsmixanlı» soyadı ilə qeydə alınması, digər üç övladı X5, X6, X1 dəyişdirilərək «İsmixanlı» kimi qeyd edilməsi və bu barədə həmin uşaqlara müvafiq yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdeh Bərdə «ASAN Xidmət» mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulması, «İsmixanlı» soyadının qeydiyyatından imtina barədə cavabdehin inzibati aktları olan 23.07.2021-ci il tarixli 05Q/76-697/40 nömrəli, 17.08.2021-ci il tarixli 05Q/76-768/40 nömrəli rəsmi cavabları ilə onun və ailə üzvlərinin Əsas İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 8-ci, 14-cü (mənşə əsası ilə ayrı-seçkilik), 6-cı (ədalətli araşdırma) maddələrində təsbit edilmiş hüquqlarının pozuntusunun tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o 02.07.2021-ci il tarixdə doğulmuş «Türkel» adı verdiyi körpəsinin doğumunun qeydə alınması üçün ərazi üzrə səlahiyyətli inzibati orqana - Bərdə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, övladının soyadının ata babasının adı ilə «İsmixanlı» kimi qeyd edilməsini xahiş etmiş, lakin cavabdeh 23.07.2021-ci il tarixli 05Q/76-697/40 nömrəli məktubla Ailə Məcəlləsinin 53.3-cü maddəsinə istinad edilərək, uşağın soyadının bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edildiyini, ata, ya ananın soyadı ilə qeydə alına biləcəyini, şəxsin ad, soyad və ata adının dəyişdirilməsinə 18 yaşı çatanda yol verildiyini bildirərək imtina cavabı vermişdir. Eyni məzmunda xahişi iddiaçı sonradan (16.08.2021) özünün eyni nikahdan olan digər 3 uşağı - oğlanları İlkin Kazımlı, Turan Kazımlı və qızı Özgül Kazımlı barədə də edib. Eyni əsasla, eyni orqandan 17.08.2021-ci il tarixli 05Q/76-768/40 nömrəli rəsmi cavabla oxşar imtina verilmişdir. Lakin bu dəfə məsələ soyadın verilməsi yox, artıq verilmiş olanın dəyişdirilməsi olduğu üçün Ailə Məcəlləsinin 53.3-cü maddəsindən əlavə dəyişdirməni tənzimləyən 54-cü maddəsinə istinad edilib. Həmin maddə isə iki soyad limitində hərəkətdən kənara çıxılmayan məzmuna malikdir, yəni yalnız bir valideynin soyadından digərinə keçməsini nəzərdə tutur və eyni əsasla cavabdeh tərəfindən mümkünsüz hesab edilib. Başqa sözlə, cavabdehin mövqeyindən belə bəlli olur ki, yeni doğulan körpəyə indilik yalnız iki soyaddan biri qoyulmalıdır. Körpənin böyük bacı-qardaşı, iddiaçının eyni nikahdan olan və hazırda ata soyadını daşıyan digər uşaqları da eyni qaydada, eyni limit daxilində, iki soyaddan biri ilə böyüməlidirlər, ancaq valideynlərdən birinin soyadından digərinin soyadına dəyişdirmək mümkündür. Beləliklə uşaqlardan heç birinə babalarının adına əsaslanan soyad vermək olmaz. Valideynin bu barədə başqa cür diksresionu, iradəsi ola bilməz, uşaq isə böyüyüb 18 yaşa çatdıqda özü istədiyi soyada dəyişə bilər. Məhkəmənin 31.08.2021-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini 27.04.2008-ci il tarixdə Ağdam rayonu Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 398922 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti, 13.01.2009-cu il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 203213, 01.02.2013-cü il tarixdə Ağdam rayonu Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ 028008 və 27.10.2016-cı il tarixdə Bərdə regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 834391 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 05.07.2021-ci il tarixli **********86 nömrəli doğum haqqında tibbi şəhadətnaməsi və cavabdehin 23.07.2021-ci il tarixli 05/Q-/76-697/40 və 17.08.2021-ci il tarixli 08Q/76-768/40 nömrəli imtina məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin faktiki hallarından görünür ki, İddiaçı və X3 27.04.2008-ci il tarixdə nikahlarını bağlamış, bu barədə Ağdam rayonu Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Kazımlı», arvada «İsmayılova» soyadı verilmişdir. Tərəflərin birgə nikahından 23.10.2008-ci il tarixdə X5, 14.09.2012-ci il tarixdə X6 və 25.06.2016-cı il tarixdə X7 doğulmuş, bu barədə Ağdam rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 13.01.2009-cu il tarixdə 21, Ağdam rayonu Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 01.02.2013-cü il tarixdə 15 və Bərdə regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsindən doğum haqqında akt qeydləri kitabında 27.10.2016-cı il tarixdə 1917 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 05.07.2021-ci il tarixli **********86 nömrəli doğum haqqında tibbi şəhadətnaməsindən görünür ki, 02.07.2021-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında doğulmuş oğlan uşağının ana və ata haqqında məlumat qrafasında həmin uşağın anası X3, atası İddiaçı, uşağın soyadı Kazımlı, ata adı isə İlham kimi qeyd edilmiş, lakin həmin şəhadətnamədə uşağın adı göstərilməmişdir. İddiaçılar Bərdə regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət edərək, X5, 14.09.2012-ci il tarixdə X6 və 25.06.2016-cı il tarixdə X2 «İsmixanlı» olaraq dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh 23.07.2021-ci il tarixdə və 17.08.2021-ci il tarixdə iddiaçıya ünvanladığı 05/Q-/76-697/40 və 08Q/76-768/40 nömrəli imtina məktublarında uşaqların soyadının dəyişdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:- - 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalara görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir (6.1-ci bənd). Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (6.2-ci bənd). Göründüyü kimi, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın soyadının yalnız digər valideynin soyadına uyğun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bu da uşağın mənafeyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının razılığı ilə mümkündür. İşin hallarından da görünür ki, iddiaçı yeni doğulmuş övladının və digər övladları X5, X6 və X2 öz soyadlarına uyğun deyil, «İsmixanlı» kimi dəyişdirilməsini arzu edir ki, bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir, tələbin hüquqi əsası mövcud deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının övladlarının soyadının dəyişdirilməsi qanunamüvafiq hesab edilə bilməz. Həmçinin məhkəmə iddiaçının «İsmixanlı» soyadının qeydiyyatından imtina barədə cavabdehin inzibati aktları olan 23.07.2021-ci il tarixli 05Q/76-697/40 nömrəli, 17.08.2021-ci il tarixli 05Q/76-768/40 nömrəli rəsmi cavabları ilə onun və ailə üzvlərinin Əsas İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 8-ci, 14-cü (mənşə əsası ilə ayrı-seçkilik), 6-cı (ədalətli araşdırma) maddələrində təsbit edilmiş hüquqlarının pozuntusunun tanınması tələbinə dair qeyd edir ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər yuxarıda qeyd olunan qanunvericilikdə göstərilənlərə uyğun olduğundan tələb həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bərdə regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı yeni doğulmuş övladının və digər övladları X5, X6 və X2 dəyişdirilərək «İsmixanlı» kimi qeyd edilməsi və «İsmixanlı» soyadının qeydiyyatından imtina barədə cavabdehin inzibati aktları olan 23.07.2021-ci il tarixli 05Q/76-697/40 nömrəli, 17.08.2021-ci il tarixli 05Q/76-768/40 nömrəli rəsmi cavabları ilə onun və ailə üzvlərinin Əsas İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 8-ci, 14-cü (mənşə əsası ilə ayrı-seçkilik), 6-cı (ədalətli araşdırma) maddələrində təsbit edilmiş hüquqlarının pozuntusunun tanınması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar