Məhkəmə qərarları › İş №2-1(114)-1899/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1899/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1899/2020 06.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 (üçüncü şəxslər Göygöl rayon İcra hakimiyyətinə və Göygöl şəhər İcra Hakimiyyəti Başçısının Göygöl şəhər X10 üzrə nümayəndəliyin) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X12 1968-ci ildən 2002-ci ilə qədər Azərbaycan Radioverilişləri Mərkəzinin 3 nömrəli Radiostansiyasında (indiki Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X1 Gəncə X2) müxtəlif vəzifələrdə işləmiş, 2002-ci ildə yaşa görə təqaüdə çıxması ilə əlaqədar işdən azad olunmuş və 2008-ci ildə ölmüşdür. Mərhum ərinin işlədiyi müəssisə rəhbərinin Həmkarlar Təşkilatının razılığı ilə xx.xx.1985-ci il tarixli 58 nömrəli əmrlə müəssisənin balansında olan 3 nömrəli Radiostansiyanın (indiki Füzuli qəsəbəsinin) ərazisindəki 5 saylı binanın 3-cü mənzili ona verilmişdir. Hazırda o, oğlu X7 ilə həmin mənzildə yaşayır. Mənzil 41.1 kv.m yaşayış sahəsindən, 12.7 kv.m dəhlizdən, 5.7 kv.m mətbəxdən və 2.2 kv.m hamamdan ibarət olmaqla 3 otaqlıdır və 35 ildir ki, qanuni sahibliyində və istifadəsindədir. 1993-cü ildə Radiostansiyanın balansında olan yaşayış binaları Göygöl şəhər X10 üzrə nümayəndəliyinin balansına keçirilmişdir. Göygöl şəhər İcra Hakimiyyəti Başçısının Göygöl şəhər X10 üzrə nümayəndəsinin xx.xx.2009-cu il tarixli 12 nömrəli sərəncamına əsasən evə dair ona xx.xx.2009-cu il tarixli 08 nömrəli order verilmişdir. Mənzilin özəlləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh mənzilin özəlləşdirilməsindən əsassız olaraq imtina etmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Göygöl şəhər İcra Hakimiyyəti Başçısının Göygöl şəhər X10 üzrə nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən müraciətə əlavə olunmuş order qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmayaraq Göygöl şəhər X10 üzrə nümayəndəliyi tərəfindən təsdiq edildiyi üçün icrası mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş üçüncü şəxs Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbinə etiraz etməyərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı, cavabdeh və digər üçüncü şəxs Göygöl şəhər İcra Hakimiyyəti Başçısının Göygöl şəhər X10 üzrə nümayəndəliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh və digər üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1985-ci il tarixli 58 nömrəli əmr, xx.xx.2009-cu il tarixli 08 nömrəli order, xx.xx.1972-ci il tarixli AЗ 221680 nömrəli evlənmək haqqında şəhadətnamə, xx.xx.2008-ci il tarixli AZ-İ 286853 nömrəli ölüm haqqında şəhadətnamə və cavabdehin xx.xx.2020-ci il tarixli **********60 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Göründüyü kimi iddia tələbi Göygöl rayonu, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin özəlləşdirilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, Göygöl rayonu, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil Azərbaycan Radioverilişləri Mərkəzinin 3 nömrəli Radiostansiyasının (indiki Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X1 Gəncə X2) xx.xx.1985-ci il tarixli 58 nömrəli əmrilə iddiaçının mərhum əri X8 verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər X10 üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli 08 nömrəli orderdən görünür ki, Göygöl rayonu, Füzuli qəsəbəsi 5/3 nömrəli ünvanda yerləşən (otaqların sayı 3 (üç), yaşayış sahəsi 41.1 kv.m olan) mənzil üç nəfərdən ibarət ailə üzvləri ilə birlikdə İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1972-ci il tarixli AЗ 221680 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X12 və X5 xx.xx.1972-ci il tarixdə nikahlarını bağlamış, bu barədə Xanlar (indiki Göygöl) rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Salahov», arvada «Salahova» soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli AZ-İ 286853 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi X1 Gəncə X2 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 219 nömrəli arayışdan görünür ki, 1985-ci ildə iddiaçının əri mərhum X8 müəssisənin rəhbərliyi və H/K tərəfindən 3 №-li E/ST-da bina 5, mənzil 3, 3 otaqlı ev verilmişdir. 1993-cü ildə 3 №-li R/ST-nın balansında olan yaşayış binaları Göygöl şəhər İHN-nin balansına keçirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********60 nömrəli məktubunda mənzil sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin müraciətə əlavə edilmədiyini, Göygöl şəhər X10 üzrə nümayəndəliyinin order vermək səlahiyyətinin qanunvericiliyin tələblərinə uyğun hesab edilmədiyini və bu səbəbdəndə müraciətin icrasının mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş «Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Sovet Sosialist Respublikasının xx xxxx 1982-ci il tarixli 979-X nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən «Dövlət və ya ictimai mənzil fondu» evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcrayyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. «Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.5-ci bəndində görə dövlət əmlakın, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafıq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fıziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırki işdə olmadığından, həmçinin Azərbaycan Radioverilişləri Mərkəzinin 3 nömrəli Radiostansiyasının ərazisindəki 5 saylı binanın 3-cü mənzili Həmkarlar Təşkilatının razılığı ilə xx.xx.1985-ci il tarixli 58 nömrəli əmrlə iddiaçının mərhum əri X8 verildiyindən Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər X10 üzrə nümayəndəliyinin xx.xx.2009-cu il tarixli 08 nömrəli orderi ilə mülkün iddiaçıya və digər ailə üzvlərinə verilməsi müəyyən edildiyindən iddia tələbi əsaslı və qanunidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Göygöl rayonu, Füzuli qəsəbəsi 5/3 nömrəli ünvanda yerləşən (otaqların sayı 3 (üç), yaşayış sahəsi 41.1 kv.m olan) mənzilin özəlləşdirilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin:- - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu, Füzuli qəsəbəsi, 5/3 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar