Məhkəmə qərarları › İş №2-1(114)-19/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-19/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-19/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı informasiya sistemində torpaq sahəsinin mənsubiyyəti ilə bağlı düzəliş edilməsi və X8ı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə-Tərtər yolunun cənubunda Bərdə-Yevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 0.2010 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi əsasında Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə Bərdə - Tərtər yolunun cənubunda Bərdə-Yevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 0.2010 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona satılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 18 saylı qərarı nəzərə alınmaqla sözügedən torpaq sahəsinin ona satılmasına etiraz etmədikləri barədə xx.xx.2007-cı il tarixli "Sahəseçmə akt"ı verilmişdir. Həmin torpaq sahəsinə dair DT və XKnin Bərdə rayon şöbəsi tərəfindən sözügedən torpaq sahəsinə yerquruluşu plan və ölçüsü verilmişdir. xx.xx.2007-ci il tarixdə DT və XK-nin Bərdə rayon şöbəsində 32 saylı qeydlə "torpaqların alqı-satqısına dair" akt tərtib edilmiş və iddiaçı tərəfindən bələdiyyənin hesabına 703 manat pul ödənilmişdir. Daha sonra, Bərdə Bələdiyəsinin müvafiq qərarı ilə sahibkarlıq məqsədilə ona verilmiş torpaq sahəsinə dair X7 kitabında xx.xx.2007-ci il tarixdə 160 nömrə ilə uçota alınmış X8 və Ölçüsünü (Kadastr Planı) almışdır. DT və XKnın Bərdə rayon şöbəsi sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə rəy verərkən əraziyə baxış keçirilmiş və xx.xx.2007-ci il tarixli, 60 saylı Rəyi ilə 2010 kv.m torpaq sahəsinin Bərdə Bələdiyyəsinin mülkiyətində olması öz təsdiqini tapmışdır. Sözügedən Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 nömrəli qərarı ilə ona ayrılmış 0,2010 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “X1 X5”ndə xx.xx.2007-ci il tarixli, A002161 saylı plan ölçü sənədi ilə müəyyən edilmiş torpaq sahəsinin mənsubiyyəti ilə bağlı düzəliş edilməsi və xx.xx.2007-ci il tarixli, A002161 saylı X8 və ölçüsü sənədində qeyd olunan kordinatlar daxilində 2010 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahənin üstündə 2011-ci ildə avtomobil təmir sexi tikmişdir və hazırda da istifadə edir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müəyyən olunmuş koordinatlar elektron kadastr məlumat bazasında yoxlanılmış, torpaq sahəsi dövlət mülkiyyətinə aid əraziyə düşdüyü üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 15.1.1-ci bəndinə uyğun olaraq 0.2010 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, Bərdə bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədilə 2010 kv.m torpaq sahəsinin İddiaçı satılmasına etiraz etmir və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılması qanunamüvafiq hesab edir. -surəti işə əlavə edilmiş Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə-Tərtər yolunun cənubunda Bərdə-Yevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 0.2010 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə İddiaçı satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş 30 mart 2007-ci il tarixli Sahəseçmə aktından görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi şimaldan Bərdə-Tərtər şose yolunun qoruma zolağı ilə, şərqdən yol və həyət ilə, qərbdən avtobazanın hasarı ilə, cənubdan isə su arxı ilə həmsərhəddir. -surəti işə əlavə edilmiş 31 mart 2007-ci il tarixli 32 nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı satılmış 2010 kv.m torpaq sahəsinə görə İddiaçı tərəfindən 703 manat nağd pul ödənilmişdir. -surəti işə əlavə edilmiş A 002161 nömrəli xx.xx.2007-ci il tarixli X8ı və ölçüsündən görünür ki, bu sənəd Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı satılmış 2010 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********34 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq ərizəsinin icrasından imtina edilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubuna əlavə edilmiş rəydən görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona sənəd üzrə verilmiş 2010 kv.m torpaq sahəsinin koordinatları, konfiqurasiya və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır, Bərdə şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi Elektron məlumat bazasında öz əksini tapmadığından, yalnız Elektron məlumat bazasında mövcud X2 X4 (TEKUİS-nə) əsasən həmin torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkündür və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bərdə Bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə sahibkarlıq məqsədilə İddiaçı 0.2010 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin müvafiq rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı və alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşməsi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X2 X5ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X2 X4 ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. “Azərbaycan Respublikasında X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın:- 2.2-ci bəndinə əsasən kameral hazırlıq işləri zamanı aşağıdakı plan-kartoqrafik materialların və uçot məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili aparılır və onlar çöl işlərinin icrası zamanı istifadə üçün hazırlanır: 2.2.5. torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları; 2.2.6. mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlak haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən aparılan təsərrüfatbaşına kitablarda saxlanılan məlumatlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Qeyd edilməlidir ki, X8ı və ölçüsü sənədi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun olması həmin plan və ölçü sənədində müəyyən edilmiş koordinatlar daxilində sahənin qeydə alınmasına maneə olan hal deyil. Eyni zamanda, iş üzrə verilmiş müvafiq rəydən göründüyü kimi, Bərdə şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi Elektron məlumat bazasında olmadığına görə mübahisəli torpaq sahəsinin hüquqi rejimi X2 X4 (TEKUİS-nə) əsasən müəyyən edilmişdir. Nəzərə alınsa ki, sahə 2007-ci ildə satılmış və həmin sahəyə dair həmin ildə səlahiyyətli qurum (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən X8 və ölçüsü sənədi işlənmiş, habelə sahənin üstündə tikililər inşa edilmişdir, 2016-cı ildən sonra yaradılmış bazaya sahənin monitorinqi aparılmadan dövlət mülkiyyəti kimi işlənməsinin əsası olmamışdır. Başqa sözlə, cavabdeh qurum “Azərbaycan Respublikasında X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələblərinə uyğun monitorinq və hazırlıq işləri aparmadan sözügedən sahənin hüquqi rejimini səhv müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciəti ilə bağlı cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur. Odur ki, iddia təmin edilərək, “X1 X5”ndə xx.xx.2007-ci il tarixli, A002161 saylı plan ölçü sənədi ilə müəyyən edilmiş torpaq sahəsinin mənsubiyyəti ilə bağlı (bələdiyyə mülkiyyəti kimi) düzəliş edilməsi və xx.xx.2007-ci il tarixli, A002161 saylı X8 və ölçüsü sənədində qeyd olunan kordinatlar daxilində 2010 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “X1 X5”ndə xx.xx.2007-ci il tarixli, A002161 saylı plan ölçü sənədi ilə müəyyən edilmiş torpaq sahəsinin mənsubiyyəti ilə bağlı (bələdiyyə mülkiyyəti kimi) düzəliş edilməsi və xx.xx.2007-ci il tarixli, A002161 saylı X8 və ölçüsü sənədində qeyd olunan kordinatlar daxilində 2010 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar