Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-190/2020 05.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdən 1991-ci ilə kimi Qazax rayonunun İİ Şıxlı kəndindəki “M.Hüseyn” adına kolxozun (sovxozun) 1 saylı briqadasında fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Qazax rayonunun İİ Şıxlı kəndindəki “M.Hüseyn” adına kolxozun 1 saylı briqadasına fəhlə qəbul olunmuş və xx.xx.1991-ci ildə başqa işə keçirilməyi ilə bağlı işdən çıxmışdır. Həmin illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının yaşına görə tələb edilən sığorta stajı müqabilində cəmi 7 il sığorta stajı təsdiq edildiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçının pensiya hüququ 2016-cı ildə yaranıb, həmin vaxt həbsdə olduğuna görə müraciət etməmişdir və həmin dövrdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il sığorta stajı tələb olunurdu. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı yaşına görə tələb edilən 12 il sığorta stajı müqabilində cəmi 7 il sığorta stajı təsdiq edildiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. -Qazax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 159 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1984-1991-ci illərdə müvafiq aylar üzrə işləmiş və əmək haqqı almışdır. - Qazax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 235 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı M.Hüseyn adına sovxozun xx.xx.1984-cü il tarixli 01 nömrəli əmri ilə 1 nömrəli üzümçülük briqadasına fəhlə təyin edilmiş və həmin sovxoz üzrə xx.xx.1991-ci il tarixli 177 nömrəli əmr ilə həmin tarixdən məzuniyyətə buraxılmışdır. - İddiaçı məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1971-ci il tarixdən xx.xx.1980-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasına əsasənyaşına görə tələb edilən sığorta stajı müqabilində cəmi 7 il sığorta stajı təsdiq edildiyindən, eləcə də təqdim edilən arxiv arayışında iddiaçının 1984- 1991-ci illərdə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmadığından cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Təqdim edilmiş arxiv arayışından, eləcə də əmrdən çıxarışın surətindən görünür ki iddiaçı həqiqətən 1984-1991-ci illərdə M.Hüseyn adına sovxozun 1 nömrəli üzümçülük briqadasında müvafiq aylar üzrə işləmiş və əmək haqqı almışdır. Qeyd olunan dövrlər üzrə iddiaçının ümumilikdə 5 il 09 ay sığorta stajı yaranır. Məhkəmə qeyd olunan arxiv arayışını mötəbər sübut kimi qəbul edir. Bundan başqa əmək kitabçasına əsasən iddiaçının 06 il 11 ay 25 gün sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün onun pensiya hüququ yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən 12 il sığorta stajı tələb olunmuşdur ki, hazırki halda arxiv arayışında öz təsdiqini tapmış sığorta stajı da nəzərə alındıqda onun ümumilikdə 12 il 08 ay 25 gün (06 il 11 ay 25 gün + 5 il 09 ay) sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543 VQD nömrəli qanunun 1.12-ci bəndinə görə 7-ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi qanunun istinad olunan müvafiq maddəsi 2017-ci il tarixli dəyişikliklə əlavə edilmiş, iddiaçı isə 2016-cı ildə pensiya hüququ qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də hazırki mübahisə üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsi iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən həll edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qazax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 159 nömrəli arxiv arayışına əsasən İddiaçıxx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək “M.Hüseyn” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-190/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-190/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver