Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-190/2023 21.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ona tətbiq olunmuş 2823,30 manat vergi borcu əsassız və qanunsuz olduğundan bu borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə 64 ədəd qızıl sikkə gətirən zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən adına ********** nömrəli VÖEN açılmış və 2746,52 manat vergi və 76,78 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla, ümumilikdə 2823,30 manat vergi borcu yazılmışdır. Həmin borcdan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə məlumatı olmuşdur. Sözügedən vergi qərarının ona təqdim olunması üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********374800 nömrəli məktubda 2020-ci il tarixdə tərəfindən idxal olunmuş 64 ədəd qızıl sikkənin həcminin və məbləğinin kifayət qədər böyük olması bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qənaətinə gəlməyə əsas olduğu bildirilmişdir. Yuxarıda qeyd edildiyi kimi onun qızıl sikkələr gətirməyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Yəni bu və ya digər fəaliyyətlə məşğul olmamış və olmur, eləcə də fərdi sahibkar kimi də fəaliyyət göstərməmişdir, hazırda da göstərmir. Ona görə də belə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ondan 2823,30 manat məbləğində vergi hesablanması barədə qərarı tam qanunsuzdur. Bu səbəbdən də qeyd olunan orqanın ondan 2823,30 manat məbləğində vergi tutulmasına dair qərarı ləğv olunub həmin məbləğ silinməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasını və xx.xx.2021-ci il tarixli **********224800 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmədə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən 64 ədəd qızıl sikkəni ölkəyə ailə üzvlərinə şəxsi istifadə üçün gətirmişdir, həmin sikkələri satmaq məqsədi olmamış, VÖEN-i mövcuddur, lakin taksi fəaliyyəti həyata keçirmək üçün açdırmışdır. Həmçinin həmin qızıl sikkələr hal-hazırda da evindədir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Qəhrəman oğlu tərəfindən 2020-ci ildə 40914,79 manat dəyərində 64 ədəd qızıl sikkələrin idxal edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisinin ödəyicisi olaraq müvafiq bəyannamə vergi orqanına təqdim edilməmişdir. Yaranmış uyğunsuzluqla bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********531200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” iddiaçıya məktub göndərmiş və həmin məktubla 2020-ci il üzrə gəlir vergisinin dəqiqləşdirilmiş bəyannaməsinin təqdim olunması bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən mübahisələndirilən dövr üzrə hesabat təqdim edilmədiyindən cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********224800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. İddiaçı 2020-ci ildə həm fiziki say baxımından, həm də məbləğ baxımından böyük həcmdə qızıl məmulatının idxal etməsi məhz onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını göstərən təkzibedilməz dəlildir. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin hüquqi mənasından da göründüyü kimi vergi ödəyicisi tərəfindən qızıl məmulatının təqdim olunması onun barəsində gəlir vergisi üzrə öhdəliyin baş verməsinə səbəb olur. Bu xüsusda qeyd edilməlidir ki, iddiaçının 64 ədad 40914,79 manat dəyərində qızıl sikkələrinin idxal etməsi halı sahibkarlıq fəaliyyətinin göstəricisidir. Belə olan halda İddiaçı vergi öhdəliyini düzgün müəyyən edərək hesablanmış verginin dövlət büdcəsinə ödnilməsini təmin etməli idi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********374800 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci ildə 40914.79 manat dəyərində 64 ədəd qızıl sikkələrin idxal edildiyi müəyyən edilmişdir. İdxal edilmiş malların fiziki həcminin və məbləğinin kifayət qədər böyük olması iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə əsas verir. -işə əlavə edilmiş “ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında” xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə və müvafiq fonda ümumilikdə 2823.30 manat (vergilər üzrə 2746.52 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 76,78 manat) borcu vardır. - işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı hazırki tələlblə cavabdehə müraciət etmişdir. - təsdiq edilmiş surəti işə əlavə edilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün cari gəlir vergisi bəyannaməsinin, izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş fiziki şəxs haqqında məlumatdan və EMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına aktiv VÖEN mövcuddur, fəaliyyət növü isə taksi fəaliyyəti kimi göstərilmişdir. - surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinə xitam verilməsi haqqında” qərardan görünür ki, İddiaçı barəsində istintaqı aparılan cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Qəhrəman oğlu tərəfindən 2020ci ildə 40914,79 manat dəyərində 64 ədəd qızıl sikkələr ölkə ərazisinə gətirilmişdir. İnzibati orqan idxal edilmiş malların fiziki həcminin, məbləğinin kifayət qədər böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirərək “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarı ilə İddiaçı gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, idxal edilmiş malların fiziki həcminin və məbləğinin böyük olması səbəbindən barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh orqan ehtimallara əsaslanaraq idxal edilmiş malların fiziki həcminin, məbləğinin böyük olmasını iddiaçının bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İddiaçının vergi məsuliyyətinə cəlb edildiyi dövrdə barəsinə aktiv statuslu VÖEN-i olmasına, baxmayaraq iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının VÖEN-i taksi fəaliyyətini həyata keçirilməsi məqsədilə açılmışdır. Bundan əlavə iddiaçı məhkəmə iclasında qızıl sikkələri ailəsinin şəxsi istifadəsi üçün gətirdiyini bildirmişdir. Odur ki, inzibati orqan ehtimallara əsaslanaraq iddiaçının qızıl alveri sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də həmin qızılları kimə, hansı şəraitdə, yaxud nə vaxt satması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********224800 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********224800 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-190/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-190/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver