Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-190/2025 12.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Göygöl rayon bələdiyyəsi və X2) qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X5 Kitabında xx.xx.2014-cü ildə, 1260 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» sənədində əks olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ona 0,06 ha torpaq sahəsi satılmışdır. Satılmış torpaq sahəsi X5 Kitabında xx.xx.2014-cü il tarixdə, 1260 nömrə ilə qeydiyyata alınmış və ona «Torpaq sahəsinin planı və ölçüsü» sənədi verilmişdir. Bu sənəd verilən zaman həmin torpaq sahəsinin perspektiv inkişaf fond sahəsinə aid olması və başqa şəxslərin torpaq sahələrinə aid olmaması təkrarən yoxlanılmışdır. Həmin torpaq sahəsində tikinti işləri aparmaq niyyəti var. Bunun üçün icra hakimiyyəti orqanının razılığını və müvafiq layihə almaq istəyir. Buna görə də torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Ərizəsinin icrasından imtina edilmiş və əsas kimi göstərilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü ilə sənəddə göstərilən ölçüsü arasında fərq var, yəni elektron baza məlumatlarına əsasən ehtiyat fond torpağına, 15,5 kv.m.-nin isə başqa şəxslərin torpaq sahəsinə düşməsi halı vardır. Həm də bildirilmişdir ki, ilkin torpaqayırma sənədləri Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin məlumatlarında öz əksini tapmamışdır. Hesab edir ki, cavabdeh orqanın verdiyi imtina əsassız və məntiqsizdir. Çünki torpaq sahəsi ilə bağlı bütün sənədlər ləğv edilmiş DT və XK tərəfindən cavabdeh inzibati orqana təhvil verilmişdir. Həmin sənədləri saxlamaq isə cavabdeh orqanın vəzifəsidir. İtiriləcəyi halda isə məsuliyyəti cavabdeh orqan daşıyır. Fakt budur ki, torpaq sahəsi onun adına Kadastr Kitabında qeydə alınmışdır. Bundan başqa 15,5 kv.m. torpaq sahəsinin başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsi cavabdeh orqanın təqsiridir. Cavabdeh orqan onun ətrafında olan bütün qonşu torpaq sahələrinə çıxarış vermişdir. Hətta üst-üstə düşən torpaq sahəsindən imtina belə edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə qeyd olunan torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq vardır. Belə ki, elektron baza məlumatlarına əsasən torpaq sahəsinin ehtiyat fond torpağında əkinə düşdüyü, həmçinin, yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin xüsusi mülkiyyətə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Bundan başqa elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin 15,5 kv.m. hissəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda **********01364 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərini əldə etmək üçün Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-yə sorğu verilmiş və müəyyən edilmişdir ki, sənədin verilməsi üçün əsas olmuş sənədlər arxiv məlumatlarında yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daha sonra etiraz «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında», «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının qanunları və Mülki Məcəllə ilə əsaslandırılmışdır. Yekun olaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl Bələdiyyəsi və X2 üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdirlər. Daha sonra İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Xanlar rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə ona satılmış torpaq sahəsinin 568 kv.m. hissəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslər məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı, DT və XK-nin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 188 nömrəli rəyi, torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt, A 511117 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu və məhkəmə qərardadı üzrə alınmış mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, Xanlar (Göygöl) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 82 nömrəli qərarı ilə bələdiyyənin inkişaf fond torpaq sahəsindən İddiaçı 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi torpaq sahəsinin satılmasınının məqsədəmüvafiqliyi ilə bağlı rəy vermiş, nəticədə bələdiyyə orqanı ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmışdır. Satılmış torpaq sahəsinə dair A 511117 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi tərtib edilmişdir. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh inzibati orqana müraciət edilmiş, lakin onun müraciəti müsbət yöndə həllin tapmamışdır. Cavabdeh inzibati orqan bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzrə uyğunsuzluq vardır. Belə ki, faktik ölçülər ilə sənəd üzrə ölçülər arasında fərq vardır. Bundan başqa elektron baza məlumatlarına əsasən torpaq sahəsi ehtiyat fond torpaqlarına düşür, həmçinin, yeni uçot xəritəsinə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız sayır və diqqətə çatdırır ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi torpaq sahəsinin satılması barədə qərar, «Torpaq sahəsinin planı və ölçüsü» sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (Göygöl) rayon şöbəsinin müvafiq rəyi, habelə, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və yaməhkəməqaydasında şikayət verilə bilər. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq Kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 82 saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş A 511117 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsinin yerləşdiyi ərazi mülkiyyət növü, Xanlar rayonu X3 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Göygöl şəhərində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu sxeminin elektron fayl materiallarında bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi, torpaqların elektron Kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD məlumatlarınada xüsusi mülkiyyət olaraq göstərilmiş, sənəd nömrəsi isə, İddiaçı adına qeydə alınmış plan və ölçü sənədinin Kadastr nömrəsi (**********1364) göstərilmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsi, Xanlar rayonu X3 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında bələdiyyənin ehtiyyat fond (BEF) torpağı, Göygöl şəhərində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu sxeminin elektron fayl materiallarında isə bələdiyyənin ehtiyyat fond (BEF) torpağı əkin olaraq göstərilmişdir. Həmin sahə, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahələr altında olan torpaqlar eyni zamanda əkin, AZCAD məlumatlarında isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fərdi yaşayış təyinatlı sahə olaraq göstərilmişdir. Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 82 saylı qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 511117 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsi, naturada təqdim olunan 586.0 kv.m torpaq sahəsi ilə 568.0 kv.m hissədə üst-üstə düşür. Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 82 saylı qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 511117 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsi ilə, elektron baza materiallarına istinadən hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi halı aşkarlanmadı. Lakin naturada təqdim olunan faktiki istifadə sahəsinin 18.0 kv.m hissəsinin, X1 adına qeydə alınmış A 511094 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşmə halı aşkarlandı. Sözügedən torpaq sahəsində fərdi yaşayış evi müşahidə olundu. Göründüyü kimi, İddiaçı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Eyni zamanda iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin 568 kv.m. hissəsi A 511117 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi isə hər hansı üçüncü şəxslərin torpaq sahələri ilə üstüstə düşmür. Hansı ki, iddiaçı da bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinin 568 kv.m. hissəsi üzrə mülkiyyət hüquqlarının qeydə alınmasını istəyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xanlar (Göygöl) Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 82 nömrəli qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin 568 kv.m. hissəsi üzrə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-190/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-190/2025
12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver