Məhkəmə qərarları › İş №2-1(114)-1901/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1901/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1901/2021 30.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçılar İddiaçı2 Nəriman qızının və İddiaçı1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı2 Nəriman qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı mərhum X2 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 Nəriman qızı və İddiaçı1 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı X4 29.09.2N0-ci ildə qismən səfərbərlik üzrə könüllü olaraq N saylı hərbi hissənin tərkibində əsgər kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşlərdə iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Laçın, Qubadlı və Cəbrayılın azad olunmasına görə 3 medalla təltif edilmişdir. N.12.2N0-ci il tarixdə səhər saatlarında Röyal Verdiyev xidmət etdiyi taborda olan digər hərbi qulluqçu əlində olan silahın içərisində patron olub-olmadığını yoxlayan zaman silahdan atəş açılmış və açılmış atəş nəticəsində güllə övladları Röyal Verdiyevə dəymiş və o, aldığı güllə yarasından vəfat etmişdir. Röyal Verdiyevin cənazəsini yaşadıqları Daşkəsən rayonuna gətirərək 03.12.2N0-ci il tarixdə rayon əhalisinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn etmişlər. Onlara şəhid ailəsi statusunun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onların müraciətlərinə cavab olaraq övladlarının ölümünün Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmadığını bildirərək qanunsuz və əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Nazirli Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na və «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanuna əsasən şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Qeyd olunan maddi hüquq normalarındakı «həlak olma» anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. Bu baxımdan Azərbaycan Respublikasının vətəndaşı kimi vətənə hərbi borcunu yerinə yetirərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslərə, həmin döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən ağır yaralanmış və sonradan aldığı yaralardan vəfat etmiş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir. Hər iki halda həlak olma və ya vəfat etmə-ölümlə onun baş verməsinin səbəbləri arasında (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər) bir başa əlaqə vardır. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək, xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından vəfat etmiş övladları X2 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxış iclasında iddiaçılar tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, mərhum X4 29.09.2N0-ci il tarixdə qismən səfərbərlik üzrə həbi xidmətə cəlb edilərək N nömrəli hərbi hissəyə təhvil verilmişdir. N.12.2N0-ci il tarixdə N nömrəli hərbi hissədə xidmət keçərkən X4 əsgər yoldaşının silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində həlak olduğundan onun şəhid, ailəsinin isə şəhid ailəsi hesab edilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X6 etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 15.12.2N0-ci il tarixli AZ-T N1391 nömrəli nikah haqqında şəhadətnamə, 11.12.2N0-ci il tarixli AZ-İİ 140356 nömrəli ölüm haqqında şəhadətnamə, Füzuli hərbi prokurorluğunun 25.N.2N1-ci il tarixli ittiham aktı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş N.12.2N0-ci il tarixli 2532 nömrəli bildiriş, Füzuli Hərbi Məhkəməsinin 07.04.2N1-ci il tarixli 1(97)-31/2N1 nömrəli hökmü, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin 06.09.2N1ci il tarixli 873 nömrəli imtina məktubu və cavabdehin 24.09.2N1-ci il tarixli 944 nömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarına əlavə olunmuş N saylı hərbi hissə komandirinin SHXÇDX-nin Daşkəsən rayon Şöbəsinin rəisinə göndərdiyi N.12.2N0-ci il tarixli 2532 nömrəli bildirişində göstərilmişdir ki, 3cü motoatıcı taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü, ehtiyatda olan əsgər 06.09.1994-cü il tarixdə doğulmuş X4 N.12.2N0-ci il tarixdə qarın boşluğunun daxili qanaxması ilə müşaiət olunan bir ədəd kor güllə yarasından həlak olmuşdur. İş materiallarında olan AZ-İİ 140356 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29.11.2N0-ci il tarixdə Qubadlı rayonu Muradxanlı kəndində əl odlu silahından atəş açma yolu ilə öldüyü qeyd olunmuşdur. Proses iştirakçıları yuxarıda qeyd olunan bildirişdə və ölüm şəhadətnaməsində ölüm tarixinin fərqli tarixlərlə göstərilməsini texniki səhv olub, ölüm şəhadətnaməsində ölüm tarixinin səhv yazıldığını bildirmiş və bu faktı mübahisələndirməmişlər. Füzuli hərbi prokurorluğunun 25.N.2N1-ci il tarixli ittiham aktından görünür ki, X5 N nömrəli hərbi hissədə xidmət keçərkən, silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində əsgər yoldaşı X4 29.11.2N0-ci il tarixdə həlak olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə ittiham verilmişdir. Füzuli Hərbi Məhkəməsinin 07.04.2N1-ci il tarixli 1(97)-31/2N1 nömrəli hökmündən görünür ki, X5 N nömrəli hərbi hissədə xidmət keçərkən, silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində əsgər yoldaşı X1 ölümünə səbəb olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın (bundan sonra mətində «Qaydalar»):- - 1.1-ci bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1-ci bəndinə görə 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2-ci bəndinə görə 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3-ci bəndinə görə Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4-cü bəndinə görə Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5-ci bəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7-ci bəndinə görə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuları şəhid hesab edilirlər. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir (Qaydaların – 4.1-ci bəndi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Hazırkı işdə yuxarıda şərh olunan maddi hüquq normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən iddiaçıların mərhum oğlu X2 “şəhid” statusu verilməsi üçün sonuncunun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması faktının Qaydaların 1.2-ci bəndində sadalanan hər hansı bir halla əlaqəli olması müəyyən olunmamışdır. İş materiallarında olan N saylı hərbi hissə komandirinin N.12.2N0-ci il tarixli 2532 nömrəli bildirişində X1 N.12.2N0-ci il tarixdə qarın boşluğunun daxili qanaxması ilə müşaiət olunan bir ədəd kor güllə yarasından həlak olduğu göstərilmişdir. Həmin iş üzrə Füzuli Hərbi Məhkəməsinin 07.04.2N1-ci il tarixli 1(97)-31/2N1 nömrəli hökmündən görünür ki, X5 N nömrəli hərbi hissədə xidmət keçərkən, silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində əsgər yoldaşı X1 ölümünə səbəb olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından göründüyü kimi iddiaçıların oğlu X4 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zaman yox, müəyyən olunmuş təhlükəsizlik qaydalarını pozması ilə əsgər yoldaşının silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində həlak olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıların tələbinə əsasən övladları X2 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsindən imtinası əsaslı olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 Nəriman qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı mərhum X2 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar