Məhkəmə qərarları › İş №2-1(114)-1903/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1903/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1903/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinə qarşı aylıq müavinətin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı(bundan sonra mətndə iddiaçı) cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, rayon maliyyə şöbəsində işləməklə xx.xx.2016-cı il tarixdə yaş həddinə görə əmək pensiyasına çıxmış, xx.xx.2020-ci il tarixdən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.13-cü bəndində istinad edərək ona verilən aylıq müavinəti qanunsuz olaraq İcra Hakimiyyəti dayandırılmışdır. xx.xx.2016-cı ildə yaşa görə əmək pensiyasına çıxmış, həmin qərar isə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş, lakin qərarda əvvəlki illərə şamil olunması göstərilməmişdir. Odur ki, aylıq müavinətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2020-ci il tarixli Ə-51-073 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarına əla edilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2020-ci il tarixli Ə-51-073 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli qərar ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinətinin ödənilməsi Qaydasının 2.13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli İcra Hakimiyyəti orqanları rəhbərləri tərəfindən inzibati vəzifələrə təyin olunanlar, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara o, cümlədən bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara vahid aylıq müavinətin verilməsi şamil edilmir. Göründüyü kimi, inzibati orqan tərəfindən müavinətin dayandırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarına istinad olunmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2016-cı ildək maliyyə şöbəsində işləmiş və bundan sonra yaşa görə əmək pensiyasına çıxmışdır. Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin dayandırılması barədə qərar isə xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.13-cü bəndində görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin verilməsi şamil edilmir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması əsaslı olmuşdur. AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinə qarşı aylıq müavinətin bərpa edilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar