Məhkəmə qərarları › İş №2-1(114)-1903/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1903/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1903/2022 14.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yemək xərci müavinətinin ödənilməsinin bərpa olunması, dayandırıldığı vaxtdan indiyədək ödənilməmiş məbləğin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-cı il tarixdə Kəlbəcər rayonu, İlyaslar kəndində doğulmuş, 1993-cü ildən məcburi köçkün düşərək ailəsi ilə birlikdə Goranboy rayonunda məskunlaşmışldır. X2 ilə qeyri-rəsmi münasibəti olmuş və bu münasibətdən Elçin adlı övladları olmuşdur. Fəqani Əliyevlə faktiki olaraq ailə münasibətləri olmamışdır. O, 1993-cü ildən, oğlu Elçin isə 1999-cu ildən məcburi köçkün kimi bütün imtiyazlardan istifadə etmişdir. Onun və uşaqlarının məcburi köçkün statusu var. 2019-cu ilin may ayından ona və övladlarına dövlət tərəfindən verilən aylıq yemək xərcini pulu dayandırılmış, səbəb kimi isə onun məcburi köçkün statusu olmayan biri ilə ailə qurması göstərilmişdir. Halbuki heç vaxt rəsmi nikahda olmamış və ya qeyri-rəsmi olaraq ailə münasibətlərində olmamışdır. O dəfələrlə aidiyyati üzrə Cavabdehnə və X6 üzrə Dövlət Komitəsinə müraciət etsə də nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, X8 ilə cəmi 1 ay birlikdə yaşamışdır. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 33 nömrəli arayışdan görünür ki, Həsənova X4 rayon, İlyaslar kənd sakinidir, hazırda Goranboy rayon, Yeni Veyisli qəsəbəsində məskunlaşımışdır. Ailəsi oğlu X9, gəlini X7, nəvəsi X3 ibarət tərkibdədir. -surəti işə əlavə edilmiş AZ-l 806820 nömrəli xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş AA 055226 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, xx.xx.2001-ci il tarixdə İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. -işə əlavə edilmiş AZEMİS-dən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, X1 rayonu, Nərimanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 2907 nömrəli məktubundan görünür ki, İddiaçı həyat yoldaşının məcburi köçkün statusu olmadığına görə ona verilən vahid aylıq müavinət “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961cı il tarixdə Kəlbəcər rayonu, İlyaslar kəndində anadan olmuş, 1993-cü il tarixdə həmin rayonu tərk etməyə məcbur olmuş və nəticədə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun əsasən məcburi köçkün sayılmış və müvafiq imtiyazlardan istifadə etmişdir. O, özü və uşaqlarına görə yemək xərci müavinəti almış, lakin sonra Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət ilə əvəz edildikdən sonra ona sözügedən vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı hazırda vahid aylıq müavinətin bərpa edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, məcburi köçkünlərə aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın:- -2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara aylıq müavinət şamil edilmir. -3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. -3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. -3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın tələblərindən göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı Həsənova X4 rayonunun işğalından sonra X8 ilə qeyri rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X9 anadan olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, iddiaçının qeyri rəsmi nikaha daxil olduğu X9 məcburi köçkün statusuna malik olmamışdır. Göründüyü kimi, iddiaçı məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə faktiki nikah münasibətlərində olmuşdur. Qeyd olunan hal isə istinad olunan Qaydaların 2.4-cü bəndinə əsasən iddiaçıya aylıq müavinət verilməsini istisna edir. Hazırda qüvvədə olmayan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2014-cü il 10 dekabr tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 6.1.4-cü bəndinə görə məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə yemək xərci üçün aylıq müavinətin verilməməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 2014-cü ilin dekabr ayından sözügedən müavinəti almaq hüququ olmamışdır. Buna baxmayaraq 2019-cu ilədək müavinəti almaqda davam etmiş, lakin cavabdeh orqan haqlı olaraq növbəti illər üzrə iddiaçının adının müvafiq siyahıya salınmasından imtina etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar