Məhkəmə qərarları › İş №2-1(114)-1907/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1907/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1907/2022 14.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin etibarnamə üzrə nümayənəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qəza nəticəsində aldığı xəsarətlərə görə ona verilməli olan sığorta ödənişinin ödənilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdeh siyahısından çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində 6-cı Təhqiqat Bölməsində ədliyyə baş leytenantı rütbəsində təhqiqatçı vəzifəsində işləyir. 26 noyabr 2021-ci il tarixdə komandanlığın müvafiq tapşırığını icra edərkən Kəlbəcər rayonu ərazisində “Kamaz” markalı avtobusda qəzaya düşmüşdür. Qəza nəticəsində o, “qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı veqetativ damar davamsızlığı” diaqnozu ilə xəsarət almışdır. Ona sığortaolunalar kimi sığorta verilməli idi. O, sənədləri toplayıb Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Ona həmin şirkətdən rəsmi məktubla Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi tövsiyyə olunmuşdur. O, yenidən həmin Fonda müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan ona 06 may 2022-ci il tarixli, **********4 saylı məktubu ilə yenidən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehlərin etdikləri qanunsuz hərəkətlər nəticəsində onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci il tarixli, xx-xx-0109 nömrəli məktubunun surəti və xx.xx.2022-ci il tarixli, 08/01-341 nömrəli məktubu, xx.xx.2008-ci il tarixli, F-012044 nömrəli vəsiqənin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 1859 nömrəli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 6-cı Təhqiqat Bölməsinin xx.xx.2022-ci il tarixli, 593 nömrəli travma haqqında arayışın surəti, əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 6-cı Təhqiqat Bölməsinin xx.xx.2022-ci il tarixli, 593 nömrəli travma haqqında arayışın surətindən görünür ki, ədliyyə baş leytenantı İddiaçı 26 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayonuna xidməti zərurətlə əlaqədar gedərkən saat 15:00 radələrində Kamaz-43118 markalı H 989 QQ nömrəli avtomobil texnikasının qəza törətməsi nəticəsində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyyəsinin çapılmış yarası zədəsi almışdır. Xəsarət xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 1859 nömrəli arayışından görünür ki, ədliyyə baş leytenantı İddiaçı xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayonuna xidməti zərurətlə əlaqədar gedərkən saat 15:00 radələrində Kamaz-43118 markalı H 989 QQ nömrəli avtomobil texnikasının qəza törətməsi nəticəsində xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə MN-nin BKH-da nevroloqun müayinəsində olmuşdur. Xidmətə yararlığının təyini üçün 6-cı təhqiqat bölməsi rəisinin göndərişi ilə N nömrəli hərbi hissəyə HHK-ya göndərilmişdir. “Avtoqəza (xx.xx.2021) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır”. Göründüyü kimi, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən 26 noyabr 2021ci il tarixdə Kəlbəcər rayonuna xidməti zərurətlə əlaqədar gedərkən saat 15:00 radələrində Kamaz-43118 markalı H 989 QQ nömrəli avtomobil texnikasının qəza törətməsi nəticəsində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyyəsinin çapılmış yarası zədəsi almışdır. İddiaçının hərbi xidmət dövründə xəsarət alması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh iddiaçının sığorta ödənişi barədə müraciətindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, sığorta ödənişlərinin verilməsi Dövlət Sığorta Kommersiya Şirkətinin vəzifələrinə aid edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Fərmanın 2.1-ci bəndinə əsasən dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) həyata keçirir. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Hazırki işdə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədlər (N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1859 nömrəli arayışlar və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6-cı təhqiqat bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 593 nömrəli travma haqqında arayış) 2021-ci il yanvarın 1-dən sonraya aid olduğundan, sığorta haqqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası n Qanununun 4-cü maddəsinə əsəsən bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən 26 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayonuna xidməti zərurətlə əlaqədar gedərkən saat 15:00 radələrində Kamaz-43118 markalı H 989 QQ nömrəli avtomobil texnikasının qəza törətməsi nəticəsində aldığı xəsarətlərə görə sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən 26 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayonuna xidməti zərurətlə əlaqədar gedərkən saat 15:00 radələrində “Kamaz- 43118” markalı H 989 QQ nömrəli avtomobil texnikasının qəza törətməsi nəticəsində aldığı xəsarətlərə görə sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar