Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1907/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli 2178 nömrəli attestata əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı şəhər 23 nömrəli texniki peşə məktəbində əyani təhsil almışdır.
2. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1977xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Şin Zavodunda tornaçı, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycan Dəmir Yollarının Bakı Şöbəsinə Ələt X1 tornaçı işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Dəmir Yollarınıın Bakı Texniki Məktəbində əyani təhsil formasında refrijerator seksiyası maşınisti kursunda təhsil almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiya maşınisti, xx.xx.1983-cü il xx.xx.1991-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator qatarının rəisi, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X8 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X8 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Dəmir Yolları QSC X8 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində böyük mexanik vəzifəsində işləmişdir.
4. "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamenti X9 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə xx.xx.2012-ci il tarixli məlumatında göstərilmişdir ki, Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. 1. İşə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. 2. Briqadaya rəhbərlik edir, seksiyalara xidmət vaxtı əmək intizamını yerinə yetirməsini tələb edir. 3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. 4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin edir. 5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. 6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. 7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edır. 8. Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. 9. Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin edir. 10. Texniki sənədləri səliqəli saxlayır, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. 11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. 12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. 13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. 14. Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət edir, ( tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir. Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. 15. Ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. 16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. 17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda, təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. 18. Əmək və istehsalat intizamı pozulduqda, lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir. Lazım olduqda mexaniki əvəz edir. Bilməlidir. " Tez xarab olan yüklərin daşınması haqqında təlimat № DÇ-479 ", " Dəmir yolunun işçilərinin intizamı haqqında", "Dəmir yolunda siqnallaşma haqqında təlimat", " Dəmir yolunun texniki istismarı haqqında təlimatı", " Poyezdların hərəkəti haqqında təlimatı və dəmir yolunda manevr işləri haqqında İxtisas tələbi. "Ali, orta,xüsusi təhsilli olan", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatlı ", "Soyuducu və kompressor maşını və qurğusu"," Elektrik stansiyas sistemi "," Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri" ixtisasını qurtarmış kadrlar.
5. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2-42/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövlət ərzində işləmişdir: xx.xx.1980-xx.xx.1983-cü illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki; xx.xx.1991-xx.xx.2018-ci illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018-xx.xx.2018-ci illərdə X8 refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018-xx.xx.2023-cü illərdə Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X8 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik; xx.xx.2023-xx.xx.2024-cü illərdə Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X8 refrijerator seksiyaların böyük mexaniki. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 8 ay təşkil edir.
6. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2-42/2024 nömrəli məktubunda göstərilmişdir ki, işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir.
7. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-222130/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2-42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 11 ay 17 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2024-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
8. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 99 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 1996cı il tarixə qədər, hal-hazırki Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Peşə Təhsil Mərkəzinin (publik hüquqi şəxsin) bazasında yerləşmiş 23 nömrəli Texniki Peşə Məktəbində 01.09.196-cı il tarixdən xx.xx.1977-ci il tarixə qədər “Tornaçı” ixtisası üzrə əyani təhsil almışdır.
9. "xxxx" QSC-nin Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində kurs keçmiş İddiaçı arxiv sənədlərindən xx.xx.2024-cü il tarixli 13-1/2-H-3600/1-42/2024 nömrəli çıxarışdan görünür ki, araşdırılmış arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbinin “Mexanik refrijerator” kursunu xx.xx.1979-xx.xx.1980-ci ildə əyani şöbəsini bitirmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan, 25 yanvar 2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənişlə ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox stajı olduğu üçün 9.8ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 13 sentyabr 2024-cü il tarixli 3-17-1/2-H-222130/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi…, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
23. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
24. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir (bu qərarın 7-ci bəndi). VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli 2178 nömrəli Attestat; - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası; - "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamenti X9 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə xx.xx.2012-ci il tarixli məlumatı; - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2-42/2024 nömrəli arayışı; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-H-2667/2-42/2024 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-222130/2024 nömrəli imtina məktubu; - Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 99 nömrəli arayışı; - "xxxx" QSC-nin Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində kurs keçmiş İddiaçı arxiv sənədlərindən xx.xx.2024-cü il tarixli 13-1/2-H-3600/1-42/2024 nömrəli çıxarış.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
28. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına görə: 23000000 XXVİİİ. Nəqliyyat 23001000 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri
30. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 57 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.
31. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş və 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur.
32. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir.
33. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan da nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.
34. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir.
35. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiya maşınisti, xx.xx.1983-cü il xx.xx.1991-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator qatarının rəisi, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X8 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X8 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Dəmir Yolları QSC X8 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində böyük mexanik vəzifəsində işləmişdir.
36. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X8 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X8 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik vəzifələrində işlədiyi peşələrin zərərli peşə olmasını iddia edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə yalnız mexanik vəzifəsinin Siyahıda nəzərdə tutulduğunu əsas gətirərək, iddiaçının həmin vəzifədə işlədiyi dövrləri güzəştli staj kimi nəzərə almamışdır.
37. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni saymır və əvvəla onu qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının XXVİİİ. Nəqliyyat (********) bölməsində Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (********) adlı bəndin 23001000—23598 altbəndində refrijerator qatarların (seksiyaların) mexanikləri göstərilmişdir.
38. "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamenti X9 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə xx.xx.2012-ci il tarixli məlumatında göstərilmişdir ki, Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. 1. İsə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. 2. Briqadaya rəhbərlik edir,seksiyalara xidmət vaxtı əmək intizamını yerinə yetirməsini tələb edir. 3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına ,istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. 4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin edir. 5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. 6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. 7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edır. 8. Yük bosaldıqdan sonra , vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. 9. Yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin edir. 10. Texniki sənədləri səliqəli saxlayır, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır.
11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. 12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. 13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda , rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. 14. Avadanlıqlar saz vəziyyətdə olduqda ,rejimi saxlaya bilmədikdə , növbəti stansiyaya teleqramla müraciət edir, ( tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir.Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. 15. Ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. 16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. 17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda ,təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. 18. Əmək və istehsalat intizamı pozulduqda , lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir .Lazım olduqda mexaniki əvəz edir. Bilməlidir. " Tez xarab olan yüklərin daşınması haqqında təlimat № DÇ-479 ", " Dəmir yolunun işçilərinin intizamı haqqında", "Dəmir yolunda siqnallaşma haqqında təlimat", " Dəmir yolunun texniki istismarı haqqında təlimatı", " Poyuzdların hərəkəti haqqında təlimatı və dəmir yolunda manevir işləri haqqırda İxtisas tələbi. " Ali, orta,xüsusi təhsilli olan ", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatlı ", "Soyuducu və kompressor maşını və qurğusu"," Elektrik stansiya sistemi "," Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri" ixtisasını qurtarmış kadrlar.
39. Eyni zamanda, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13-1/2-H- 2667/2-42/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövlət ərzində işləmişdir: xx.xx.1980-xx.xx.1983-cü illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki; xx.xx.1991-xx.xx.2018-ci illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018-xx.xx.2018-ci illərdə X8 refrijerator seksiyaların rəhbər mexaniki; xx.xx.2018-xx.xx.2023-cü illərdə Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X8 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik; xx.xx.2023-xx.xx.2024-cü illərdə Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X8 refrijerator seksiyaların böyük mexaniki. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 8 ay təşkil edir.
40. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
41. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiyasının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X8 rəhbər mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X8 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik və böyük mexanik vəzifəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur.
42. İddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
43. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.
44. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
45. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
46. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
47. Ən əsası isə, hazırkı işlə tamamilə oxşar olan analoji işdə (Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(114)-1684/2023 saylı qərar) eyni əsas imtina əsası olmuş və həmin mübahisə vətəndaşın xeyrinə həll olunmaqla, sözügedən vəzifədə işlədiyi dövr onun güzəştli iş stajına daxil edilən dövr kimi qiymətləndirilmiş və cavabdeh orqanın üzərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi qoyulmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmiş (Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-303/2024 saylı qərar), kassasiya şikayəti isə oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğuna görə mümkün sayılmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2623/2024 saylı qərardadı).
48. Həmin hal cavabdeh orqana məlum olmasına baxmayaraq, yenidən həmin hal üzrə eyni əsasa istinad etməklə iddiaçıya pensiya təyinatından imtina edilmişdir ki, bu da cavabdehin inzibati orqan olaraq məhkəmə təcrübəsini nəzərə almadığını göstərir.
49. Halbuki, inzibati orqanın yanaşması qanunauyğun olmayan halda, yəni həmin mübahisədə hüququn tətbiqinə dair mövcud yanaşmanın düzgün olmadığı çoxsaylı məhkəmə qərarları müəyyən edildiyi halda, inzibati orqan mövcud praktikasını məhkəmə təcrübəsinə uyğunlaşdırmağa, praktikasını yeni (məhkəmə qərarları əsasında formalaşdırılmış) praktikaya uyğunlaşdırmağa borcludur.
50. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
51. Məhkəmə yekunda hesab edir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
52. Məhhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ, onun bu barədə cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəl, yəni xx.xx.2016-cı il tarixdə yarandığından, o, son 3 il üçün alınmamış əmək pensiyasının ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
53. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
54. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva