Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1908/2022 30.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddət göstərilmədən təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən İ Vətən müharibəsi zamanı hərbi əməliyyatlar zamanı aldığı travma ilə bağlı İİİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində Füzuli rayonu istiqamətində hərbi əməliyyatlara başlamış, Aşağı Seydimli, Ağdam rayonunun Güllüçə kəndinin ərazisindəki Çaxır zavodunun müdafiəsində, Tapqaraqoyunlu, Suqovuşan və digər döyüş əməliyyatlarında iştirak etmişdir. Ağdam rayonunun Güllüçə kəndi uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdə döyüşərkən sağ boyun nahiyəsi, eləcə də sağ ayağının baldırının yuxarı qatlanan hissəsindən yaxından atılan güllə ilə dəlib keçən güllə yaraları almışdır. Həmin vaxtı ona ilk dəfə tibbi yardım Ağdam rayonunun Güllücə kəndindəki dəmiryol vağzalında edilmiş, bundan sonra Bakı şəhərinə xəstəxanaya aparılmışdır. 1994-cü ilin iyun ayından ona TSEK tərəfindən İİİ qrup Qarabağ əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə pensiyası cavabdeh tərəfindən dayandırmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 266 nömrəli Qərarında göstərilir ki, Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildən, xx.xx.1994-cü il tarixə kimi M.Nağıyev adına X4 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: Hər iki budun və boyunun yumşaq toxumalarının dəlib keçən güllə yarası” və xx.xx.1994cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Hər iki budun və boyunun yumşaq toxumalarının dəlib keçən odli silah yaralanması (xx.xx.1994)” Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixdən ömürlük əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona ilk dəfə 1993-cü ildə ilkin ikinci qrup əlillik dərəcəsi verilmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 2021-ci ildə iddiaçı yenidən müayinədən keçərkən əlillik əlaməti olmadığından yenidən əlillik dərəcəsi verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 266 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı yaralanma – diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 0250003AAGK5 nömrəli forma 88 üzrə iddiaçıya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: travmanın orqanizmin funksional vəziyyətinə təsiri ətraflı əks olunmayıb. Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilməyib. ETTOİ də müayinə və müalicə məsləhət görülür” səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş Azərbyacan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli, 4/2-184 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Nizami təlim mərkəzindən hərbi xidmətə göndərilmiş, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü MAT-un ştatına təyin edilmişdir. -surəti işə əlavə edilmiş 229 saylı hərbi hospitalın xx.xx.1994-cü il tarixli, 7633 saylı tibbi arayışından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə boyunun yumşaq nahiyəsindən və ayağının baldırının hər ikisini dəlib keçən güllə yarası almışdır. -surətləri işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 315574 nömrəli; xx.xx.2008-ci il tarixli, 534356 nömrəli; xx.xx.2009-cu il tarixli, 635705 nömrəli; xx.xx.2010-cu il tarixli, 909799 nömrəli; xx.xx.2011-ci il tarixli, 088877 nömrəli TSEK-də müayinə aktlarından çıxarışlardan görünür ki, iddiaçıya İİİ dərəcə əlillik təyin edilmişdir. -surətləri işə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 295701 nömrəli; xx.xx.2013-cü il tarixli, 127857 nömrəli; xx.xx.2014-cü il tarixli, 381822 nömrəli; xx.xx.2015-ci il tarixli, 521153 nömrəli TSEK-də müayinə aktlarından çıxarışlardan görünür ki, iddiaçıya İİ dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan qeyd olunmuşdur ki, iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinin xx.xx.2021-ci ildə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq barəsində əsaslı və düzgün olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 266 nömrəli qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı yaralanma – diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmiş, bundan sonra iddiaçıya müvafiq illərdə 3-cü və 2-ci dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixli müayinənin nəticəsinə uyğun olaraq əlillik müddəti 5 il uzadılmış, lakin müddət bitdikdən sonra əlilliyin yenidən təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsinədən imtina edilmişdir. İddiaçı hazırda əlilliyinin müddətsiz təyin edilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçıya 2-ci dərəcə əlillik təyin edilmişdir, eləcə də, müayinə nəticəsində xx.xx.2016-cı il tarixdə 2-ci dərəcə əlillik 5 il müddətinə uzadılmışdır. Eyni zamanda iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə (müvafiq dövr ərzində kişilərin yaş həddi 65 il olaraq müəyyən edilmişdir) yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmışdır. Eyni zamanda işə əlavə edilmiş çıxarışlardan görünür ki, iddiaçı 2007-ci ildən 9 dəfə TSEK-də müayinə olunmuş və müxtəlif dövrlərdə ona İİ və İİİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, hazırki halda iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatdığından “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndinə əsasən ona əlillik müddət göstərilmədən təyin edilməli idi. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı imtinası qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya 2-ci dərəcə əlilliyin müddət göstərilmədən təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1908/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1908/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver