Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1908/2024 11.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.2017-ci il tarixdə verilmiş SX№0416771 nömrəli hərbi biletdə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissədə xidmət etməsi barədə qeyd vardır.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-22/2-92/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubunda göstərilmişdir ki, N (, 283) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib (Əsas: “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmri).
4. SX seriyalı ******* nömrəli hərbi biletin 01 nömrəli qeydiyyat kartasından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir.
5. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2022-ci il tarixli 4/3-140/3 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1187 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində hərbi hissə komandirinin nizami hissə üzrə əmrində adı keçmədiyindən müvafiq sənədlərin məhkəmənin ünvanına göndərilməsi mümkün olmamışdır. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1999-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. Həmin kənddə yaşamaqla orta məktəbi də orada oxumuşdur. Hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən Müharibəsi zamanı könüllü olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müraciət etmiş və həmin şöbə tərəfindən hərbi səfərbərliyə alınaraq 10 oktyabr 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində baş istehkamçı (mina təmizləyicisi) kimi iştirak etmişdir. Bu barədə Hərbi biletinin 6-ci səhifəsində N saylı hərbi hissə komandirinin möhürü və imzası var. Məhkəməyə təqdim etdiyi 01 fevral 2024-cü il tarixli 3-43-22 /2-92/2024 saylı Azərbaycan Respublikası Şəfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayışda da göstərilir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. Buna baxmayaraq onunla birlikdə xidmət edən əsgər yoldaşlarına veteran adı və vəsiqəsi verilsə də o, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər qurumlara müraciət etməyinə baxmayaraq ona bu günə kimi veteran adı və vəsiqəsi verilmir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 413-14013 saylı məktubunda ona bildirilir ki. N nömrəli hərbi hissə xx.xx-2020-xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona "Müharıbə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hesab edir ki, bu ona qarşı böyük bir haqsızlıqdır. Necə olur ki, onun doyüş yoldaşlarına "Müharıbə veteranı" adı və vəsiqəsi verilir, ona isə məqsədəuyğun hesab edilmir? Onun 44 günlük Vətən Müharibəsində iştirak etməyini hərbi biletindəki qeydlər, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayış, eyni zamanda onunla birlikdə Vətən Müharibəsində eyni hissədə onunla birlikdə xidmət edən döyüş yoldaşları bir daha təsdiq edərlər. O, hesab edir ki, yuxarıda qeyd etdiyi əsaslara görə ona "Müharibə veteranı” adı və vəsiqəsi verilməlidir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdeh orqanın iddiaya yazılı etirazı daxil olmamışdır.
21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2017-ci il tarixdə verilmiş SX№0416771 nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-140/3 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-22/2-92/2024 saylı arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubu; - SX seriyalı ******* nömrəli hərbi biletin 01 nömrəli qeydiyyat kartası; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1187 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığından, cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
25. Cavabdehin imtinasının dəlillərinin araşdırılması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissələrin tərkibində xidmət etmişdir.
26. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubunda göstərilmişdir ki, N (, 283) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib (Əsas: “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmri).
27. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1187 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində hərbi hissə komandirinin nizami hissə üzrə əmrində adı keçmədiyindən müvafiq sənədlərin məhkəmənin ünvanına göndərilməsi mümkün olmamışdır.
28. Göründüyü kimi, İddiaçı İİ Qarabağ müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçmişdir ki, həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçıya məxsus hərbi biletdə və uçot kartasında da onun döyüş əməliyyatlarında iştirak etməsi barədə hər hansı qeyd aparılmamışdır.
29. İddiaçının özü də əvvəlki iclaslar zamanı bildirmişdir ki, o, N nömrəli hərbi hissədə gözləmə mövqeyində yalnız təlimlər keçmişdir.
30. Həmçinin, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etməsi müəyyən edilsə də, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparıldığından və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə yalnız həmin dövr üzrə işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçının N nömrəli hərbi hissədə xidməti həmin dövrdən sonraya təsadüf edir.
31. Beləliklə, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməmədir ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
32. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.
35. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
36. Hazırki işdə isə iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilmir.
37. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva